Yeddi müdrikin hər biri öz kəlamı ilə məşhurdur:
Lindli Kleobul: “Ölçü hər şeydən vacibdir”.
Spartalı Xilon: “Özünü dərk et”.
Korinfli Periandr: “Qəzəbini dəf et”.
Metilenli Pittak: “Artıq olan hər şey ziyandır”.
Afinalı Solon: “Həyatın sonunu müşahidə et”.
Prienli Biant: “Ən pislərin sayı həmişə artıq olur”.
Miletli Fales: “Heç kimə zamin durma”.
Müdriklərin adlarına əlavə olunan “Miletli”, “Afinalı” təyinləri onların yaşadıqları şəhəri, yaxud ölkəni müəyyənləşdirir. Yeddi müdrikə digər həyati müdriklik dərsləri də aid edilirdi. Onların bəzi məsləhətləri ilə tanış olaq:
Başqasını üstündə danladığın şeyi özün də etmə.
Ölülər haqqında ya yaxşı danış, yaxud heç nə danışma.
Güclü olduğun qədər xeyirxah ol.
Qoy dilin fikrindən qabağa düşməsin.
Həll etməyə tələsmə, həll etdiyini həyata keçirməyə tələs.
Dostluğa xəyanət etmə.
Evdən çıxanda soruş: nə üçün çıxırsan? Evə qayıdanda soruş: nə ilə qayıdırsan?
Yeddi müdrikdən biri, əslən Miletdən
olan Fales Avropa fəlsəfəsinin banisi hesab olunur.
Növbəti dərsimiz ona aid olacaq.