Pandemiya dövründə işsizliklə bağlı dövlətin həyata keçirdiyi sosial müdafiə tədbirləri aktual olduğundan bu status sırf maarifləndirmə məqsədilə sosial şəbəkələrdə bu mövzuda edilən yanlışların düzəldilməsi, informasiya qıtlığının aradan qaldırılması ehtiyacından doğub.
Nəzərə alsaq ki, hətta ən zəruri, ən vacib məlumatları özündə əsk etdirsə belə, geniş yazılar oxunmur, o üzdən fikrimi mümkün qədər qısa şəkildə çatdırmağa çalışacam. Hər hansı sualınız olarsa, şərh bölməsində cavablandırmağa hazıram.
Əvvəllər qanunvericilikdə “işaxtaran” anlayışı yox idi, yalnız “işsiz” terminindən istifadə olunurdu. Hazırda işsiz kimi qeydiyyata alınmaq üçün ilk növbədə işaxtaran kimi uçota alınmaq tələb olunur. 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün “Elektron hökumət” və ya “e-sosial” portallarında müvafiq ərizəni dolduraraq təsdiq etməlidir.
Bundan sonra müraciət edən şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir. İşaxtaran kimi qeydiyyata alınmış şəxsə Mərkəz tərəfindən 5 iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi və ya göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur, onun fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, şəxsi kabinetinə yerləşdirilir.
Burada qeyd edim ki, işaxtaranın həqiqətən “əmək qabiliyyətli yaşda əmək qabiliyyətli qeyri-məşğul şəxs” olması sistem tərəfindən dərindən araşdırılır. Ona görə də əgər
- əmək müqaviləsi ilə işləyirisinizsə,
- mülki-hüquqi xarakterli müqavilələrlə işləyirsinizsə (VÖEN-siz olsanız da, ödəmə mənbəyində sosial ayırma tutan sahibkar tərəfindən məlumatlar sistemə işlənnir),
- sahibkarsınızsa (VÖEN varınızdirsa),
- mülkiyyətinizdə kənd təsərrüfatına yararlı torpaq payı varsa,
- ailə kəndli təsərrüfatının üzvüsünüzsə,
- haqqı ödənilən vəzifəyə seçililmisinizsə, təyin edilmizisinizsə (məsələn, deputat, bələdiyyə sədri və sair),
- silahlı qüvvələrdə xidmət edirsinizsə,
- ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alırsınızsa,
- Azərbaycan vətəndaşı kimi xaricdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olursunuzsa,
əziyyət çəkib müraciət etməyin, çünki elektron sistemdə haqqınızda bütün məlumatlar var və böyük ehtimalla Sizə imtina veriləcək.
Burada bir vacib məsələni qeyd edim ki, işaxtaran və işsiz kimi qeydiyyata alınmaqla, işsizlərə verilən 2 aylıq sosial müavinət məsələlərini qarışdırmayın. Hazırda verilən 190 manatlıq sosial müavinət bütün işsizlər üçün nəzərdə tutulmur, onun verilməsi meyarları fərqlidir. Ona görə də yuxarıda sadalanan kateqoriyalara aidiyyətiniz yoxdursa, yəni məşğul əhali deyilsinizsə, o zaman işaxtaran kimi qeydiyyata alınmaq üçün mütləq müraciət edin.
Müraciət edin ki, dövlətin işsizlər üçün verdiyi digər sosial təminatlardan faydalana biləsiniz. Söhbət hansı sosial təminatlardan gedir? Əvvəllər işdən çıxarılanlara münasibətdə aldıqları sosial sığorta stajının müddətindən asılı olaraq əmək haqlarına uyğun, digərlərinə isə minimum işsizlik müavinəti (müavinətin məbləği Nazirlər Kabinetinin qərarı ilə təyin olunurdu) verilirdi. Artıq dövlətin sosial təminat tədbirlərinin içərisində minimum müavinətin verilməsi yoxdur.
Hazırda işsiz kimi qeydiyyata alınan şəxsə dövlət aşağdakı sosial təminatları verir:
- Birinci sosial təminat tədbiri: İşsizlikdən sığorta ödənişinin verilməsi
Əvvəlcə baxaq, kimlər bu hüquqa malikdir?
Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və yuxarıda qeyd etdiyim qaydada işsiz kimi qeydiyyata alınanlar malikdirlər.
Sığorta ödənişi necə hesablanır?
a) Əgər işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına maliksinizsə, o halda
- sığorta stajınız 3 ildən 5 ilə qədər olduqda – əmək haqqınızın 50 faizini,
- sığorta stajınız 5 ildən 10 ilə qədər olduqda – əmək haqqınızın 55 faizini,
- sığorta stajınız 10 ildən yuxarı olduqda – əmək haqqınızın 60 faizini
aylıq ala bilərsiniz.
b) Əgər işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajınız varsa, o halda sizə sabit məbləğ - ayda 250 manat ödəniləcək.
Təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında məzuniyyətə buraxılanda, 250 manat 1,2-yə vurulur, yəni işçiyə ayda 300 manat müavinət verilir.
Qeyd olunan işsizlikdən sığorta ödənişləri ilə bağlı bir neçə vacib məqamı da qeyd etmək istəyirəm.
I. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ilk 2 təqvim ayı üçün – 100 faiz, 3–4-cü təqvim ayları üçün – 80 faiz, 5–6-cı təqvim ayları üçün – 70 faiz ödənilir.
II. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin əsas sığorta ödənişinə hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə əlavə verilir. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin əsas sığorta ödənişinə əlavəni almaq hüququ var.
III. İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ var.
IV. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
V. Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.
VI. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.
- İkinci sosial təminat tədbiri: Peşə hazırlığına cəlb olunma.
İşsiz kimi qeydiyyata alınmış şəxslər Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzlərinin göndərişi ilə peşə hazırlığına cəlb oluna bilər, hazırlıq müddətində onlara 250 manat təqaüd verilir;
- Üçüncü sosial təminat tədbiri: Haqqı ödənilən ictimai işlərə cəlb olunma
Belə işlərə cəlb olunan işsizlə müddətli (əsasən 2 aylıq) əmək müqaviləsi bağlanılır və ən azı minimum əmək haqqı (250 manat) qədər, bəzən isə 300 manat maaş verilir. Bu istiqamətlə bağlı ayrıca status paylaşacam.
- Dördüncü sosial təminat tədbiri: özünüməşğulluğa cəlb olunma.
Özünüməşğulluğa cəlb olunma ilə bağlı işsiz şəxslərə məsləhətlər (təlimlər) verilir, özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə və biznes-planın hazırlanmasında yardım edilir, daha sonra seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün müqavilə əsasında 2 il müddətinə işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak verilir.
- Digər sosial təminat tədbirləri.
Bura işəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi və sair daxidlir.
Sonda onu da qeyd edim ki, işsizlərə münasibətdə yuxarıda qeyd olunan tədbirlərin icrası üçün dövlət cibindən pul xərcləmir. Bu vəsaitlərin hamısı sahibkarın və işçinin ödədiyi işsizlikdən sığorta məbləğləri hesabına ödənilir.
Hətta Dövlət Məşğulluq xidmətinin, DOST-un və yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanması xərcləri də (təkcə bu istiqamətə 2020-ci ildə 43 milyon manat ayrılıb) İşsizlikdən Sığorta Fondunun, yəni işləyənlərin və işəgötürənlərin ödədiyi vəsaitlər hesabına maliyyələşir.
Ona görə də əgər işsinizsə, əgər həqiqətən də ehtiyacınız varsa, müarciət edin, qeydiyyat düşün, faydalanın.