Vaxt.Az

Pandemiyadan pay ...


 

Bəzən köhnəni bərpa eləmək geriyə addım sayılmır

Pandemiyadan pay ... Fəaliyyət sahəsindən asılı olmayaraq, pandemiyadan istisnasız bütün biznes subyektləri zərər görüb. İqtisadiyyat Nazirliyinin hazırladığı sənədin adı “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi” olsa da, bəzi güzəştlər bütövlükdə biznesi əhatə edir. Məcburi dövlət sosial sığorta haqqı dərəcələri ilə bağlı təklif olunan güzəştlər də bu qəbildəndir. Bu dəyişikliklərin bəzilərinin ötən ilin sonunda edilməsi nəzərdə tutulsa da, parlamentin buraxılması “Sosial sığorta haqqında” qanuna dəyişikliklərə baxmağa imkan verməmişdi.

2020-ci ilin 1 yanvarından, xüsusilə QHT sektorunda və mətbuatda xidməti müqavilələrlə çalışan mikro sahibkarların ən çox şikayət etdiyi məsələ məcburi dövlət sosial sığorta haqqının sıçrayışlı artımı və regionlar üzrə diferensiallaşmanın ləğv edilməsi olmuşdu.

Sonuncu sənəddə məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi (hazırda 50 faizi), digər sahələrdə 15 faizi (hazırda 25 faizi) miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi təklif olunur.

Bu hesabla Bakı şəhərində tikinti və ticarət sahələrində çalışanlar 125 manat yox, 62.50 manat, digər sahələrdə çalışanlar (ö cümlədən, QHT və mətbuat sahəsindəkilər) 37.50 manat ödəyəcəklər. Regionlarda çalışanlar isə daha az ödəyəcəklər. Regionlar üzrə diferensiallaşmanın detalları “Sosial sığorta haqqında” qanuna dəyişikliklərdə nəzərdə tutulub. Qanun layihəsini əldə edən kimi bu barədə ətraflı məlumat verməyə çalışacam.

Sevindirici haldır ki, Vergilər Nazirliyi refionlar üzrə difernsiallaşma məsələsini post-pandemiya dövründə də saxlamaq istəyir. Təkliflərdə məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək əvvəlki səviyyəyə - minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarına qaldırılması, lakin regionlar üzrə diferensial faiz əmsallarının tətbiqinin saxlanılması nəzərdə tutulur.

İkinci mühüm dəyişiklik. Hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əmək haqqının 6 faizi miqdarında sosial sığorta haqqı ödəməlidirlər. Bu, çox ağır öhdəlikdir. Təsəvvür edin ki, 30 sot, 40 sot pay torpağı olan ailə hər bir işləməyən ailə üzvünə görə ayda 15 manat ödəməlidir. Ailədə 4 nəfər olanda aylıq ödəniş 60 manat edir ki, bu da belə ailələr üçün həddən artıq böyük vergi öhdəliyidir.

Təklif edilir ki, bu öhdəlik torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının aşağıdakı dərəcələri ilə hesablansın:

• 5 hektaradək olduqda - 2 faiz miqdarında;

• 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;

• 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Daha bir dəyişiklik vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükünün optimallaşdırılması ilə bağlıdır. Təklif olunur ki, sadalanan kateqoriyalar üzrə şəxslərin sosial sığorta yükü əldə etdikləri gəlirlərin (xərclər çıxılmaqla) 10 faizi miqdarında müəyyən edilsin.

Hazırda vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi sığorta haqqı ödəyirlər. Əslində, 20 faizlik sosial öhdəlik çox ağır idi. Onun yüngülləşdirilməsi təqdirəlayiqdir.

Bir təklifim var. Yaxşı olardı ki, təkliflərdə mülki hüquqi xarakterli müqavilələrlə işləyənlərin (fərdi sahibkarlar istisna olmaqla) gəlirlərindən ödəmə mənbəyində tutulan 25 faiz sosial ayırmanın da aşağı salınması da nəzərdə tutulaydı. Çünki belə şəxslər 25 faizdən əlavə, ödəmə mənbəyində 14 faiz də vergi ödəyirlər. Bütövlükdə, 39 faizi müqavilənin digər tərəfi - pulu ödəyən vergi ödəyicisi ödəmə mənbəyində həmin şəxsin gəlirlərindən tutaraq dövlətə ödəyir. Belə şəxslər daha az vergi və sosial ödəniş həyata keçirmək üçün bəzən ildə aşağı məbləğli 1-2 mövsümi işə görə vergi qeydiyyatından keçirlər. Mövsümi iş bitdikdən sonra isə fəaliyyətlərini müvəqqəti dayandırırlar. Hazırkı “VÖEN artıqlığının” bir səbəbi də budur.

 





22.04.2020    çap et  çap et