Sual yarana bilər ki, başqa bir ölkənin daxili siyasəti ilə əlaqəli mövzunun bizim üçün aktuallığı nədir?
Bunu bir neçə səbəblə izah etmək olar.
Əvvəla, Saakaşvili qonşumuz Gürcüstanda həyata keçirdiyi radikal islahatlarla həm orada yaşayan soydaşlarımızın sevgisini qazanmış, həm də Azərbaycanda populyar olmuş siyasətçidir. Onun bütün fəaliyyəti, addımları, bəyanatları Azərbaycanda hər zaman maraq doğurub. İkincisi, başıbəlalı Ukraynanın taleyi bütün postsovet ölkələrini və xalqlarını yaxından maraqlandıran, onların taleyinə də dolayı olaraq təsir göstərən bir məsələdir. Çünki SSRİ dağılsa da, Moskvada hələ də imperiyanın bərpası xülyası ilə yaşayanlar var: elə prezident Putin bu günlərdə yayılmış müsahibəsində bəyan etdi ki, keçmiş sovet xalqları indi SSRİ-nin bərpası ehtimalından qorxmurlar və anlayırlar ki, inteqrasiya hamı üçün faydalıdır. Yəni cənab Putin artıq bizlərin adından qərar verib ki, SSRİ-nin bərpasına razıyıq. İndi gəl, bunu təkzib elə… Ukrayna son illər Kremlin bu iddialarına və neoimperial planlarına qarşı mübarizənin bayraqdarına çevrilib, bir növ müdafiənin birinci xəttidir. Bu xətti ələ keçirmədən imperiyanın bərpası çətin məsələdir. Ukraynasız rus imperiyası yarımçıq orqanizm kimidir, “Asiya derjavası” olmaqdan uzağa gedə bilmir. Bu səbəbdən, Moskva bütün gücü ilə Ukraynanı zəiflətməyə, taqətdən salmağa, onun inkişafına, Qərbə inteqrasiyasına mane olmağa çalışır və bu yolda uğurlar da əldə edib.
Demokratik və inkişaf etmiş Ukrayna təkcə Rusiyadakı imperialist dairələrin planlarına pəl vurmur, həm də o dairələr üçün ekzistensial təhdid yaradır. Ruslar “xoxol”, “maloross” deyə aşağılayıcı tərzdə yanaşdıqları ukraynalıların azad və ədalətli cəmiyyət, sosial rifah dövləti qurmağa nail oduqlarını görsələr, dönüb özlərinə baxacaqlar, sual verəcəklər ki, bəs, biz niyə bunu bacara bilməmişik?.. Bu sual onların nəzərlərini və qəzəbini Kremlə yönəldəcək. Rusiyanın inqilab tarixi göstərər ki, ruslar ayağa qalxanda gözləri heç nə görmür. Puşkinin əsərində əksini tapmış, Rusiya mediası və siyasətçiləri tərəfindən tez-tez təklrarlanan belə bir sitat var: Allah rus qiyamını bizə göstərməsin: anlamsız və amansız… (“Не приведи Бог видеть русский бунт — бессмысленный и беспощадный.”)
Zelenskinin Ukrayna prezidenti seçilməsi Rusiya toplumunda çox böyük marağa səbəb oldu, çünki 2014-cü ildən bu yana Kremlə yaxın media gecə-gündüz təbliğat aparırdı ki, Ukraynada hakimiyyətə faşistlər gəlib və orada xunta rejimi bərqərar olub. “Kvartal-95”in siyasətdən uzaq komideantının prezident seçilməsindən sonra ruslar fikirləşməyə başladılar ki, axı bu necə xuntadır ki, seçkidə uduzur və hakimiyyəti təhvil verib gedir? Rusların bu cür düşüncələrə qapılması Rusiya siyasi isteblişmenti üçün təhlükəlidir. Uzun sözün qısası, uğurlu Ukrayna rus imperialistlərinin arzuladığı ən son şeydir. Bu səbəblə ukraynalıların mübarizəsi bizim üçün də aktualdır və onların uğuru Azərbaycanın maraqları baxımından da böyük önəm daşıyır.
Saakaşvili Gürcüstanda nələr etdi?
Yuxarıda Gürcüstan azərbaycanlıları arasında Saakaşviliyə olan sevgiyə toxunduq. Bu fikri açmağa və ümumən Gürcüstandakı islahat epopeyasından qısa da olsa, bəhs etməyə ehtiyac var.
Saakaşvili 2003-cü ilin payızında “qızılgül inqilabı” nəticəsində iqtidara gələndə Gürcüstanın bir dövlət kimi adı var idi, özü isə yox. Əslində müstəqillikdən sonra Azərbaycan və Gürcüstanda bir-birinə çox oxşayan, paralel hadisələr baş verib, bunları hamınız bilirsiniz. (Separatizm və işğal, ağır sosial-iqtisadi böhran, silahlı dəstələrin at oynatması, korrupsiya və s.) Gürcüstan faktiki olaraq, kriminal qruplaşmaların və silahlı bandaların nəzarətində idi, mərkəzi hökumət Tiflisdən o yana nəzarəti itirmişdi. Azərbaycanlılar yaşayan Kvemo Kartli bölgəsində cinayətkarlıq tüğyan edirdi, hər həftə xəbər gəlirdi ki, hansısa kənddən kimisə oğurlayıb, əvəzində böyük pul tələb edirlər. Həmin kəndin camaatı, onların Bakıda yaşayan qohum-tanışları pul yığıb, dara düşmüş ailəyə kömək edirdilər ki, oğurlanan adamı xilas etsinlər. Yaxud, evlərə basqın edən maskalılar ailənin bütün malını-pulunu, qadınların daş-qaşlarını zorakılıqla yığışdırıb aparır, ev sahibləri sağ qaldıqlarına şükür edirdilər. Kəndlərin yolu yox idi, kommunal xidmətlərdən isə heç danışmağa dəyməzdi, kütləvi işsizlik, səfalət hökm sürürdü. Yəni yaşamaq üçün minimal şərtlər də aradan qalxmışdı. Bütün bunların nəticəsində azərbaycanlılar yaşayan kəndlər tədricən boşalır, soydaşlarımız Azərbaycana və Rusiyaya köç edirdi.
Saakaşvili qısa müddət ərzində cinayətkarlığın kökünü kəsdi. İstər mafioz klanlar, istərsə başıpozuq quldur dəstələri zərərsizləşdirildi. Rəsmi dövlət orqanlarından daha böyük gücə və təsirə malik “qanuni oğru”ların ehtişamlı həyatı sona yetdi, onların bir çoxu canını güclə xilas edib, ölkədən qaçdı. Əmin-amanlıq bərpa edildi. Kəndlərə yol çəkilməyə, yavaş-yavaş da olsa, kommunal xidmətlər bərpa olunmağa başladı. Köç etmiş azərbaycanlıların bir qismi ata ocağına geri qayıtdılar.
Digər postsovet ökələri kimi, Gürcüstanda da korrupsiya və rüşvətxorluq dəhşətli səviyyədə idi, bütün dövlət orqanları bu çirkabın içində idilər. Bu cür idarəçilik və həyat tərzi artıq normaya çevrilmişdi, hamı hesab edirdi ki, elə belə də olmalıdır. Saakaşvilinin ən böyük nailiyyəti bu oldu ki, korrupsiya və rüşvətxorluğu qısa müddətdə yığışdıra bildi. Əsl möcüzə idi: rüşvətsiz həyatı təsəvvür etməyən “batono”lar və “bicolar” avropalaşmışdı və onları tanımaq olmurdu. Qurulan yeni sistem cəmiyyəti də özünə uyğunlaşdıra və onu kardinal şəkildə dəyişə bilmişdi. Gürcü polisi təkcə amerikan polisinin uniformasına bənzəyən yeni geyimlə təchiz olunmamış, həm də davranışları modernləşmişdi. Onlar insanları soyan, incidən, sürücülərdən hər addımda pul qoparan əzazil rüşvətxordan insanlara böyük nəvaziş və nəzakətlə yanaşan xalq qəhrəmanlarına çevrilmişdilər. Gürcüstana keçmiş sovet respublikalarından gələn qonaqlar, o cümlədən Azərbaycan vətəndaşları da bu mənzərəni bəzən çaşqınlıq, bəzən həsədlə seyr edirdi.
Saakaşvili nazirləri tez-tez dəyişərək hər hansı adamın orada kök atmasına və kresloya yapışmasına yol vermədi, digər tərəfdən, sovet döründə müqəddəsləşdirilmiş dövlət vəzifələrini insanların gözündə adiləşdirdi. Hamı gördü ki, dövlət vəzifəsi tutmaq artıq əlçatmaz bir xəyal olmaqdan çıxıb və qazanc mənbəyi deyil, əksinə, böyük məsuliyyət və ağır yükdür. Əlbəttə ki, Saakaşvilini ideallaşdırmaq gərəksizdir. Daxili siyasətdə yaşanan bəzi hadisələr onun nüfuzuna zərbə vurdu, eyni zamanda apardığı radikal islahatlar ona çoxlu düşmənlər qazandırdı. Bütün bunların nəticəsində o, 2012-ci il seçkilərində məğlub oldu. Amma bu məğlubiyyət və Qərb demokratiyalarında müşahidə etdiyimiz kimi, hakimiyyətin dinc yola müxalifətə təhvil verilməsi də Gürcüstan üçün böyük nailiyyət və tarixi əhəmiyyətə malik presedent idi…
Zelenskinin seçimi
Sonra Saakaşvilinin yolu vaxtilə təhsil aldığı Ukrayna ilə kəsişdi. Onun Odessa vilayət administrasiyasının rəhbəri kimi fəaliyyəti uğurlu olmadı, sonra Ukrayna rəhbərliyi ilə konflikti yarandı. (Bu olayların bir çox səbəbi var, bu yazıda o səbəblərdən bəhs etməyəcəyik.) Yaşadığı konfliktlər onun vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiyası ilə nəticələndi. Vladimir Zelenski prezident seçildikdən sonra Saakaşvilinin vətəndaşlığını bərpa etdi və o, Ukraynaya qayıtdı.
Zelenski çox iddialı şəkildə hakimiyyətə gəldi, lakin Bankovoye küçəsindəki iqamətgaha yerləşdikdən sonra ölkənin acı reallıqlarını və ağır problemlərini iliklərinə qədər hiss etməyə başladı. Ukraynada 2014-cü il Maydan inqilabı rusiyayönümlü iqtidarı devirib, milli qüvvələri iqtidara gətirsə də, köhnə sistem hələ də yerində qalır. Ukraynanın əsas problemi də məhz budur. Oliqarxik qruplar müstəqillik dövründə kök atıblar və mövcud siyasətçilər nəsli ya onlara bağlıdır, ya da onlardan ayrılıb, müstəqil iradə sərgiləməyə gücləri çatmır. Xalq məhz bu səbəblə sistemdən kənar və siyasətdən uzaq aktyoru prezident seçdi. Əvvəlki prezident Pyotr Poroşenko sistemi dəyşə bilmədi, ya da dəyişmək istəmədi. Qərb isə Ukraynadan radikal islahatlar gözləyir, bu şərtlə ona siyasi və maliyyə dəstəyi verir. Zelenski böyük xalq dəstəyi ilə hakimiyyətə gəlib və indi yol ayrıcındadır: ya sistemi dəyişib, onu islah edərək həm xalqdan, həm də Qərbdən dəstək almağa davam edəcək və uğurlu dövlət başçısı kimi tarixə düşəcək; ya da sələfi kimi növbəti seçkidə uduzaraq kənara çəkiləcək. Saakaşvili çılğın xarakterə malik emosional adamdır və onunla anlaşmaq, bərabər çalışmaq asan iş deyil, Zelenski də bunu yaxşı bilir. Buna rəğmən, islahat missiyasını Saakaşviliyə həvalə etməsi göstərir ki, gənc prezident birinci yolu seçib.
Alınacaqmı? Çox çətindir, amma imkansız deyil.