Vaxt.Az

AXC-nin işğalında Türkiyə faktoru


 

Bəs Lenin niyə məhz bundan istifadə etdi?

AXC-nin işğalında Türkiyə faktoru 1920-ci il aprelin 27-də Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradıldı. Tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov və Əliheydər Qarayev daxil idi. Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü. Baxmayaraq ki, həmin gün Nərimanov Moskvada, komitənin bəzi üzvləri Bakıda, bəziləri isə Azərbaycanın şimal sərhədində - rus ordusunun zirehli qatarında əmr gözləyirdi. Elə həmin gün Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verildi. Bolşeviklər bu məsələdə də hiylə işlətdilər - bəyan olundu ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir.

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ərəfəsində Bakıda xeyli türk zabiti vardı. Onların bir qismi Bakını işğaldan azad etməyə gələn Qafqaz İslam Ordusu ləğv edildikdən sonra komandanları Nuru Paşa ilə birlikdə Osmanlı Türkiyəsinə geri dönməkdən imtina edən zabitlər idi. Bu barədə “Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı?” başlıqlı yazımızda ətraflı məlumat verdiyimizdən, üzərində geniş dayanmağa ehtiyac görmürük.

Azərbaycan mühacirətinin sirli simalarından olan Məhəmməd Şərif Əfəndizadə 1921-ci ildə İstanbulda çapdan çıxan "Azərbaycan və inqilabı" əsərində türk zabitlərlə əlaqədar yazırdı: "İngilislər Azərbaycanda bulunduqca çox miqdarda türk zabitlər Azərbaycana girə bilmirdi. Amma ingilislərin çəkilmələrindən sonra Türkiyədə işsiz qalmış zabitlərlə özləri üçün gələcək arayanlar Azərbaycana dolmağa başladılar".

Əfəndizadə bolşeviklərin türkiyəli zabitləri pulla ələ aldıqlarını iddia edir: "Türk zabitlərinə Azərbaycan hökumətinin verdiyi cüzi maaşın müqabilində bolşeviklər külliyyətli paralar göndərirdi. Bakıda olan bu türk zabitlərinin əksərinin türk ordusundan çıxarılmış və yaxud öz mənfəətləri üçün oralarda qalmış sərsəri güruhu kimsələr olduğunu da anlarsaq, paranın bunlar üçün böyük qiyməti olduğu təzahür etmiş olar. Bolşeviklər çox vaxt türk paşaların qərargah və yaxud evlərində yığıncaqlar tərtib edib, bəzən hökuməti təhdid edirdilər".

Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilabla Mübarizə Təşkilatının sədri Nağı bəy Şeyxzamanlı (Keykurun) da xatirələrində bolşevik işğalı ərəfəsində Bakıda olan türk zabitlərin "Moskvadan külli miqdarda pul alaraq çöpləndiklərini" yazır: "Azərbaycan hökuməti Türkiyədən gələn zabitləri orduya qəbul etməyi qərara aldı. Gələnlər Parlamentin mühafizə alayına daxil olurlar. Bizə sonradan məlum oldu ki, onlar Azərbaycan hökuməti tərəfindən aldıqları maaşdan bir neçə dəfə çox rus pulu da yabançı nümayəndələrdən alırlarmış. Hökumətimiz işğal ərəfəsində son olaraq belə bir qərar verir: hökumət təcili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac var idi. Təcili olaraq Azərbaycan dövləti Mərkəzi Banka Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmrini verir. Pullar sandıqlara qablaşdırılır və vağzala aparılaraq vaqonlara yüklənir. Qatar hərəkət edən anda Parlamentin mühafizə alayından qısaboylu türkiyəli zabit olan Xalid başında əlli-altmış silahlı dəstə üzvü vağzala gələrək qatarın hərəkətinə mane olur".

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda mühüm rol oynayan Osmanlı zabitlərindən biri və bəlkə də birincisi Xəlil Paşa (1882-1957) idi. "Sonuncu Osmanlı paşası" adı ilə məşhur olan diviziya generalı Xəlil Kut Ənvər və Nuru paşaların əmisi idi. Üstəlik, Qafqaz İslam Ordusunun tabe olduğu Şərq Ordularının qrup komandanı kimi 1918-ci ilin sentyabrında Bakının erməni-bolşevik istilasından azad olunmasında tarixi rol oynamışdı.

İngilislər tərəfindən Maltaya sürgün olunmaq üçün saxlanıldığı Bəkirağa Bölüyündən həbsdən qaçmağı bacaran Xəlil Paşa xatirələrində yazır ki, Sivasda Türkiyə İstiqlal Savaşının lideri Mustafa Kamal Atatürklə görüşdükdən sonra yenidən Azərbaycana qayıdır: "Qərara aldıq ki, mən şərqə gedim. Ermənistan yolunu bağlamaqla bərabər bir yol tapıb Azərbaycana keçəcəkdim. Orada həm Azərbaycan məsələləri ilə məşğul olacaq, həm də əsl bolşeviklərlə təmas imkanları arayacaqdım. Onların durumunu və Anadolu hərəkatına nə kimi yardımlar edə, faydalar toxundura biləcəyini araşdıracaqdım".

Xəlil Paşanın İttihad və Tərəqqi Cəmiyyətinə mənsub olması, ittihadçıların liderlərindən olan Ənvər Paşanın əmisi olması səbəbindən Mustafa Kamal ona məsləhət görür ki, Anadolu hərəkatının rəhbərliyində təmsil olunmağa can atmasın, çünki bu, Anadolu hərəkatını “bir ittihadçı hərəkatı” kimi damğalamaq istəyənlərin əlinə bəhanə verə bilər. Bu üzdən Xəlil Paşa Azərbaycana “minbaşı Kamil bəy” adına verilmiş vəsiqə ilə göndərilir.

Məhəmməd Şərif Əfəndizadə yazır ki, Xəlil Paşa Azərbaycana gələn kimi Azərbaycan parlamentində təmsil olunan İttihad Partiyasına üzv olur: "Xəlil Paşa bir müddət kəndisini hökumətə məzahir göstərib Azərbaycan üçün Qarabağa hərb etməyə belə getmişdisə də, sonraları açıqdan-açığa bolşevik olduğunu elan edib, Azərbaycan ordusunun hökumətə qarşı itaətini rədd etdiyi kimi, yanında bərabər götürmüş olduğu Kiçik Tələt bəyi Azərbaycan şəhər və qəsəbələrinə göndərib oralarda əhalini hökumətləri əleyhinə təşviq və təhrikatda bulunurdu. Ötə tərəfdən kəndilərini Ankara hökumətinin təmsilçisi elan edən Doktor Fuad, Saleh Zəki, Yaqub, Əczaçı Nədim Agah və sair bəylər rus bolşeviklərini evlərinə toplayıb hökuməti devirmək üçün bomba və metralyozlar düzəldirdilər. Xəlil Paşanın tövsiyəsi üzərinə Bakıda bulunan könüllü ordu komandanlığına Baha Səid bəy təyin edilmiş və bu zat dəxi Azərbaycanın kəndi ordusunu kəndisi əleyhinə istifadə edib Azərbaycanı yıxmaqda heç bir qüsur göstərmirdi. Kazım Qarabəkir Paşa ordusundan axın-axın göndərilən zabitlər bolşeviklərlə dil tapmaq üçün yalnız Bakıda qalmayıb Dağıstana da gedir və oralarda çalışırdılar”.

Türkiyə İstiqlal Savaşının öndə gələn isimlərindən Şərq Cəbhəsinin komandanı, sonralar Türkiyə Böyük Millət Məclisinin sədri olmuş Kazım Qarabəkir Paşanın (1882-1948) "İstiqlal Hərbimiz" adlı memuarında yer alan sənədlərdən belə anlaşılır ki, Xəlil Paşa Qarabağda olarkən yazdığı məktublarında belə Müsavat hökumətinə qarşı təxribatçı fəaliyyətini davam etdirib: "Azərbaycan hökuməti ingilis tərəfdarı və hətta ingilislərin oyuncağı olan bir hökumətdir. Naxçıvanla ətrafını, Zəngəzur və Qarabağı ermənilərə verməyə hazırdır. Buna müqabil guya Dağıstanı Azərbaycana ilhaq edəcəklərmiş. Bolşeviklərə tamamilə müxalif hökumətdir. İctimai rəy və ordu da hər xüsusda hökumətə müxalif, tamamilə bolşeviklərin lehindədir”.

Kazım Qarabəkirin Xəlil Paşaya cavabı belə olur: "Bolşevik hücumu qarşısında Müsavat hökuməti nə yapa biləcək? Onlar bizi ölmüş sayırlar, bizə heç yardım etməyə də yanaşmırlar. İstanbuldan sərbəstcə zabitlərimizi təşkilatlarına almaları, Nuru Paşanın sizinlə eyni gecədə Batum həbsxanasından Azərbaycana qaçırılması göstərir ki, ingilislər Azərbaycan Ordusunu bolşeviklərlə müharibəyə hazırlayırlar”.

Nağı bəy Şeyxzamanlı isə xatirələrində Xəlil Paşaya qarşı daha ciddi ittiham irəli sürür: "Hökumətimizin içərisində çox məşum rol oynamış Məhəmmədhəsən Hacınski gizli olaraq Moskva casusları ilə görüşərək milli hökumətimizin və xalqımızın əleyhinə çalışmışdır. İkinci bağışlanmaz şəxs hərbi nazir general Əliağa Şıxlinskidir. Birinci Dünya müharibəsində rus ordusunun baş topçu müfəttişi olaraq şöhrət qazanmış general yalançı nümayəndə olan Xəlil Paşa tərəfindən aldadılaraq saflığının və sadəlövhlüyünün qurbanı olmuşdur. Qızıl Ordu sərhədimizdə dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini verir. Vali ertəsi gün əmri yerinə yetirir. Ancaq bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək təlaşla "Paşam, hökumət sərhəddəki dəmiryolu relslərini sökdürmüşdür. Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm, təcili tədbir görün" deyir. General onun sözünə aldanaraq əmr edir və relslər təzədən yerinə taxılır".

Mirzə Bala Məhəmmədzadə "Azərbaycan Milli Hərəkatı” əsərində yazır ki, Xəlil Paşa Müsavat hökumətini yola gətirmək üçün Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli ilə də görüşübmüş. Rəsulzadənin ona cavabı isə belə olub: "Etməyin, bizi öz halımıza buraxın. Yüz ildən bəri əsarətində olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələr, sonra bizi əzərlər”.

Xəlil Paşa iki il əvvəl erməni-bolşevik işğalından azad etdiyi Bakını sanki yenidən bolşeviklərə təslim etməyə tələsirdi. Bəs bunun səbəbi nə ola bilərdi? Bu suala birmənalı cavab vermək çətindir. Cavab ilk növbədə Atatürklə Xəlil Paşa arasında Sivasda baş tutan görüşdə axtarılmalıdır. Macərapərəst İttihad və Tərəqqi hökumətinin hərb naziri Ənvər Paşanın əmisi olması səbəbindən Atatürkdə Xəlil Paşaya qarşı bir inamsızlıq vardı. Eyni zamanda Atatürkün tapşırığı ilə bolşeviklərlə çoxsaylı təmaslara girməsi Xəlil Paşada Lenin və silahdaşlarına qarşı simpatiya duyğusu yarada bilərdi. Bundan başqa, Xəlil Paşa sidq-ürəkdən XI Qızıl Ordunun Anadolunun yardımına getməsinə inana da bilərdi. Çünki ona Atatürkün etimadını qazanmaq hava-su kimi lazım idi.

Xəlil Paşa Atatürkün tapşırıqlarını artıqlaması ilə yerinə yetirdi: bolşeviklərin İstiqlal Savaşı üçün silah-sursat yardımı göndərməsini təmin etdi, həmçinin ruslardan aldığı 8 tonluq qızıl külçə yardımını Kazım Qarabəkir Paşaya təslim etdi. Amma bütün bu əməllərinə rəğmən, 12 mart 1921-ci ildə hökumət üzvləri və TBMM başqanı Mustafa Kamal Atatürkün imzaladığı qərarnamə ilə Ənvər, Xəlil paşalar və onların yaxınlarının Anadoluya girişi qadağan edildi. Moskvaya yollanan Xəlil Paşa qardaşı oğlu Ənvər Paşa Türküstanda sovet rejiminə qarşı müharibə başlatdığı üçün SSRİ-ni tərk edib Almaniya, Macarıstan və Avstriyaya getdi. 1 avqust 1922-ci ildə Ankara hökuməti onun Türkiyəyə girişinə icazə verdi, lakin Atatürk bir daha siyasətə qarışmayacağına dair ondan təminat aldı. O vaxtdan ömrünün sonuna - 1957-ci ilədək Xəlil Paşa təqaüdçü ömrü yaşadı. Vəsiyyəti isə məzarına bir şüşə rakı tökülməsi oldu.

1920-ci il aprel ayının 27-də bolşeviklərin XI Qırmızı Ordusu Azərbaycan sərhədlərini keçdi, Quba və Qusar işğal edildi. Cümhuriyyətin hərbi qüvvələri əsasən qərb cəbhəsində - Qarabağda erməni qiyamçılarına qarşı savaşdığı üçün Samur sərhəd qoşunlarının Yalamada XI Qırmızı Orduya müqaviməti ciddi itki ilə nəticələndi.

Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində 27 aprel günündən bəhs edərkən "o gün axşama doğru şəhərin mühafizəsinə məxsus könüllü əhalidən təşkil olunan və zabitləri sırf türklərdən təşəkkül edən “Yardım alayı”nın, yenə türk zabitlər tərəfindən idarə olunan zirehli avtomobillərin və donanmada xidmət edən Osmanlı zabitlərindən bir qisminin bolşevik lehində olduqları”ndan söz açır: “Eyni zamanda müsafirətən Bakıda bulunan Osmanlı türklərindən bir qisim məsul zatın ağzından işarə olunuyordu ki, “gələn Qızıl Ordu komandanı Necati bəy namında bir türkdür. Bu ordu ölüm-qalım mübarizəsi içində bulunan Anadolunun müavinətinə qoşuyor. Bu qüvvətə qarşı göstəriləcək müqavimət Türkiyənin xilasını əngəl edəcək bir hadisə ola bilər ki, böyük türklük və islamlıq nöqteyi-nəzərindən bir xəyanətdir”.

Rəsulzadə yazır ki, aprelin 28-dən etibarən üçrəngli Azərbaycan bayrağı qismən Sovet və Osmanlı bayraqları ilə əvəz edildi. Milis dəstələrində, yardım alayında, şəhər komandanlığında və digər məsul məqamlarda bulunan türk (Osmanlı) ad və imzası ilə çıxan əmrlər, bəyannamə və elanlar gözə çarpırdı: "Öylə bir təsir hasil oluyordu ki, ixtilalı yapan təcavüzkar rus ordusu deyil, Osmanlı türkləridir. Müsavat hökuməti devrilmiş, yerinə Türkiyə hökuməti qurulmuşdur".

Ancaq bu yalanın ömrü heç bir həftə də çəkmədi. İşğal faktı başa çatdıqdan sonra yeni hakimiyyət aprel ayının 29-da gündüz saat 14-də Sovet hakimiyyətinə ordu göndərilməsi haqqında rəsmi müraciət etdi. Müraciətdə deyilirdi: "Xarici və daxili əksinqilabın birləşmiş quldur dəstələrinin təzyiqinə öz qüvvəsi ilə müqavimət göstərməyə imkanı olmayan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi dünya imperializminə qarşı birgə mübarizə aparmaq üçün qardaşlıq ittifaqı bağlamağı Rusiya Sovet Respublikası hökumətinə təklif edir və Qızıl Ordu dəstələri göndərmək yolu ilə dərhal həqiqi yardım göstərməyi xahiş edir". Halbuki istənilən ordu artıq Bakıda idi və Anadoluya getmək də yaddan çıxmışdı. Qızıl Ordu mayın 1-də Bakıya daxil oldu. Üstəlik, Anadoluya yardıma getmək əvəzinə, Azərbaycanın bölgələrini tutmağa başladı.

Məhəmməd Əmin bəy qeyd edir ki, Bakının Qızıl Ordu tərəfindən işğalından iki gün sonra türk komandanlar rus yoldaşlarla əvəz edildi: "Fəqət iş bununla da qalmadı. Nə qədər Osmanlı zabiti varsa, həpsini ya həbs və yaxud qapı dışarı etdilər. Artıq hər kəs aldandığını görüyordu. Bu xüsusda aldananlar yalnız Osmanlı müsafirlərimiz deyildi".

Nağı bəy Şeyxzamanlı yazır ki, işğaldan iki gün sonra, yəni üçüncü günü Qızıl Ordu türkiyəli əsgər və zabitlərdən ibarət "Yardım alayı"nı mühasirəyə aldı: "Sıravilərin əllərindən silahlarını alaraq özlərinə də "Marş, marş evinizə" deyərək qovdular. Alayın ələ keçən zabitləri güllələndilər. Ələ keçməyənlər isə bir müddət gizləndikdən sonra canlarını qurtararaq hərəsi bir tərəfə dağıldılar. Artıq bolşeviklərə görə bu avantüristlərin vəzifələri bitmiş hesab olunurdu. Bunlardan Xəlil Paşa, Baba Səid, Nail və digər bir neçə nəfər canlarını qurtararaq Gürcüstana çata bilmişdilər".

Eyni qeydlərə Məhəmməd Şərif Əfəndizadənin əsərində də rast gəlirik: "Ankaranın göndərmiş olduğu rəsmi [və] qeyri-rəsmi məmurlar bolşeviklərlə anlaşaraq bir qurşun atmadan Azərbaycanı ruslara təslim etdikləri halda, ruslar nə Anadoluya rus ordusu göndərdilər və nə də hətta Azərbaycandakı türkləri orada buraxdılar, biləks, həpsini oralardan çıxartdılar”.

Nağı bəy işğalın ikinci gününü belə təsvir edir: “İşğalın ikinci günü idi. “İttihadı İslam” Partiyasının sədri doktor Qara bəy Qarabəyov ilə sadəlövh general Şıxlinski Bakıdakı kazarmaları gəzərək azəri əsgərlərinə nitq söyləyirdilər. Qarabəyov dindən, islamçılıqdan bəhs etdiyi halda, qoca general Şıxlinski "Övladlarım, Türk Ordusu paşalarının komandanlığı altında gələrək Bakımızı düşməndən təmizlədilər. İndi isə kömək etmək növbəsi bizə çatıb. Türklərin İstanbulunu düşmənlər işğal etmişlər. İstanbulu düşməndən təmizləmək lazımdır. Mən də siz əsgərlərimi götürüb yardım edəcəyəm. Siz də gedəcəyinizə və savaşacağınıza söz verirsinizmi?" deyə soruşur. Əsgərlər sevinc göz yaşları içində "Gedəcəyik və öləcəyik" deyə bağırırlar. Şıxlinski "övladlarım, yardıma gedən yalnız biz olmayacağıq. Ənvər Paşa vaxtilə Rusiyaya əsir düşmüş türk əsgər və zabitlərini və bir milyona yaxın tatar könüllüsünü toplayaraq gəlir. Onlar gəlib buradan keçəcək. Biz də onlarla gedəcəyik” deyir. Safdil Şıxlinski bu sözləri inanaraq söyləyirmiş. O, bolşeviklərə satılmamışdı, ancaq xainlərin təbliğatına sadəlövhcəsinə inanaraq qoşulmuşdu. O günlərdə bolşeviklər “Ənvər Paşa ordusu ilə gəlir” deyə bir şayiə buraxırlar və nəticədə bütün şəhər əhalisi vağzala tərəf yürüş edir. Sonra “Ənvər Paşa bir gün gecikir” deyə ikinci bir şayiə buraxırlar və xalq evlərinə qayıdır”.

 





24.04.2020    çap et  çap et