Vaxt.Az

MM-də islahatlar


 

Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu

MM-də islahatlar Milli Məclis Aparatının və İşlər idarəsinin yeni strukturu müəyyən edilib. Bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin mayın 1-də keçirilən iclasında deyib.

Sədr bildirib ki, Azərbaycanda aparılan köklü islahatlar ictimai və siyasi həyatın bütün sahələrini əhatə edib: “Milli Məclisdə də struktur və kadr islahatlarının aparılması zərurətə çevrilib. Milli Məclisin Aparatı və İşlər idarəsi yenidən qurulub. İnanıram ki, bu işlər parlamentin daha effektiv fəaliyyət göstərməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, Milli Məclis Sədrinin sərəncamı ilə Səfa Mirzəyev yenidən Milli Məclis Aparatının rəhbəri təyin olunub.

Bundan başqa, aparılan struktur islahatları çərçivəsində parlamentin bəzi şöbələri birləşdirilib, bəziləri isə ləğv edilib.

Belə ki, spiker Sahibə Qafarovanın müvafiq sərəncamları ilə parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbəsi, Sosial qanunvericilik şöbəsi ilə İqtisadi qanunvericilik şöbəsi birləşdirilib.

Məhəmməd Bazıqov və Hacı Mirhəşim yeni yaradılan şöbələrə müdir təyin olunublar. Yeri gəlmişkən, M. Bazıqov bundan əvvəl İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.

Sədrin digər sərəncamı ilə isə Milli Məclisin Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Ümumi şöbəyə birləşdirilib.

Qeyd edək ki, Komitə və komissiyalar ilə iş şöbəsinin müdiri Şahin Mansurov, Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə olub.

Onu da qeyd edək ki, Ümumi şöbənin müdiri Təlatüm Quliyev vəzifəsindən azad edilib, bu vəzifəyə Ümumi şöbənin müdir müavini olmuş Gülnarə İsmayılova təyin edilib.

Beynəlxalq münasibətlər şöbəsinin müdiri də dəyişib.  Rəşid İbrahimovu bu vəzifədə Protokol  sektorunun  müdiri İlkin Məmmədov  əvəzləyib.

 





02.05.2020    çap et  çap et