Amma sonradan MŞ bu haqda açıqlama yaydı. Bu açıqlama saytlarda “Bir neçə sayta xəbərdarlıq edildi” başlığı ilə yayımlandı. Açıqlamada bizim sayt haqda qeyd edilir: “komissiya üzvləri bildiriblər ki, sayt materialı hazırlayarkən qarşı tərəfin rəyini öyrənməmiş, bununla da balans prinsipi pozulmuşdur. Komissiya tövsiyə edib ki, qarşı tərəfə öz fikirlərini ifadə etmək üçün şərait yaradılsın”.
Düşünürəm ki, bu açıqlamanı hazırlayan şəxs iclasda iştirak etməyib. Edibsə də, nə şikayətçinin ərizəsini, nə də şikayət olunan yazını oxumayıb. Haqqımda yazılan o 3 səhifəlik şikayət ərizəsində “qarşı tərəfin rəyinin öyrənilməsi” haqda bir cümlə belə fikir, narazılıq yoxdur. Hətta şikayətçi iclasda ən azı 10 dəfə dedi ki, biz bu məsələ haqda mövqe bildirmək istəmirik.
İndi mən nə etməliyəm? Qarşı tərəfdən zorlamı açıqlama almalıyam? Belə qənaətə gələn Şura üzvləri mövqe bildirmək istəməyən tərəfdən mövqe almağın hansı yolunu bilirlər, bizə də öyrətsinlər. Ümumiyyətlə düşünürəm ki, bu qarşı tərəf söhbəti medianı haqsız çıxarmaq üçün ortaya atılan bir boş arqumentdir. Yəni adam ərizəsində haqqımda onlarla iddia irəli sürüb. Şura bunların heç birini araşdırmır, cavab almaq istəmir. Yaydığı açıqlamada bu haqda bir cümlə yoxdur ki, şikayətçinin irəli sürdüyü bu iddiaların heç biri öz təsdiqini tapmayıb. O zaman ərizədə olmayan bir məsələ ilə bağlı “Yeni Sabah”ı hansısa qondarma prinsipi pozmaqda günahlandırmaq nə deməkdir?
Bu haqda Şuraya rəsmi olaraq da müraciət edəcəyəm. Buradan da haqlı olaraq düşündüyüm üçün tələbimi bildirirəm. Ayrıca açıqlama yayılmasını, həmin şikayətçinin mənim haqqımda səsləndirdiyi iddiaları – hətta o iddiaların açıq yazılmasını (çünki orada hüquqi baxımdan çox ağır ittihamlar var), o ittihamlar haqda gəldiyi qənaəti paylaşmasını istəyirəm. Şikayətçinin istəmədiyi bir məsələ haqda bizi borclu çıxarıb hansısa qaydaları pozmaqda günahlandırmasın.
Yox, qurumun işi medianı kiminsə qarşısında günahkar çıxarmaqdırsa, (hansı ki, bunu iclasda hiss etmədim, amma yayılan açıqlama tam əks oldu) media haqda yanlış təəssürat yaratmaqdırsa, o zaman bu qurumla heç bir işimiz yoxdur. Bundan sonra ediləcək hər hansı dəvətlərdə iştirak etməklə vaxtımızı itirməyək.