Vaxt.Az

Cavabsız məktub...


 

... Yaxud ötən əsrin kommunikasiya vasitələri

Cavabsız məktub... Ay “Whatsapp” belə gəldi, ay “Messenger” belə getdi, səs göndərmə ora, yazılı bura - hamısı boş şeydir. Zərrə qədər də nə intriqası var, nə həyəcanı.

Amma bizim vaxtlarda paltar ipləri var idi, bütün sizin bu qondarma rabitə vasitələrinizdən daha ürəkçırpıdıcı kommunikasiya vasitəsi.

Mənim indi nəvəmin yaşı qədər yaşım olardı, 8 - 10 yaş və yadımdadır yaşadığımız binada qonşular danışıb balkonlarının arasında paltar qurutmaq üçün iplər asırdılar.

Müasir göydələnlər belə şeylər yoxdur, amma o dövrün binalarında bu günə qədər var belə ənənə.

Qadınlar danışırdılar, bu gün sən paltar asırsan, sabah mən asıram, düzdür, hərdən qırğınlar olurdu ənənəvi olaraq növbədənkənar paltar asmaq istəyənlər cızıqlarından çıxanda, amma bütövlükdə sülh hökm sürürdü. Sözüm onda yox.

Bizim balkonla ip münasibətləri olan balkonlu mənzildə bir qız yaşayırdı, təxminən məni yaşda, qonşu blok olduğuna görə onunla pilləkənlərdə görüşmürdük, lakin hərdən ikimizdə balkona çıxanda uşaqsayağı mehribançılıq nümayiş etdirirdik, gülümsəyirdik və günlərin bir günü mən ona məktub yazmaq fikrinə düşdüm. O vaxtdan qələmi əlimdən ala bilmirlər.

Neylədim?

Dama-dama dəftərdən bir vərəq qopardım və vahiməli dərəcədə eybəcər olan xəttimlə həmin o qonşu qıza dostluq təklifi yazıb göndərim.

Necə? Məktubu sarıdım paltar ipinə, “şpilka” ilə bərkitdim və sonra əllərimlə ipi dartıb məktubu ünvana yolladım.

O da mənə cavab yazdı və biz uzun müddət belə yazışdıq, məsafəli dostluq etdik, bizim sirrimiz oldu bu.

Bəs sənin hansı kitablardan xoşun gəlir? Bəs sən hansı multfilmlərə baxırsan? Bəs sən hansı qiymətləri alırsan məktəbdə və s.

Sonuncu məktubum yadımdadır ki, “sən mənim xoşuma gəlirsən” məktubunu yazdım, lakin sonra onlar köçüb getdilər binamızdan, məktubum cavabsız qaldı.

İşdir-şikayətdir onu görsəniz, bir soruşun, cavabı nə olacaqdı?

 





01.07.2020    çap et  çap et