Bizə indi sahə həkimləri baxmalıdır, tövsiyə olunub ki, biz qeydiyyatda olduğumuz yerə müvafiq olaraq yerli poliklinika ilə əlaqə saxlayaq.
Bəs çıxarış (“kupça”) sənədi olmayan nə etməli?
Uzağa getməyək, elə götürək məni. 13 ildir mən çıxarış ala bilmirəm, yəni mənim qeydiyyatım başqa yerdədir, faktiki yaşadığım yer isə tam başqa.
Mən kimə müraciət etməliyəm, hansı poliklinikaya? Və məni kimi ölkədə yüzlərlə, bəlkə də minlərlə insan var, onlar nə etməlidirlər, yardımsız qalmalıdırlar?
Baxmayaraq ki, ötən il ölkə Prezidenti Fərman imzaladı və bu Fərmana əsasən 2019-cu ilin sonuna qədər hamı “kupça” ilə təmin olunmalıydı, bu Fərman icra olunmadı. Bəli, bu faktdir.
Eynilə, Azərbaycan Respublikasının yaşayış binalarının ümumi sahələrinin sakinlərin ixtiyarına verilməsi ilə bağlı, yaşayış binalarının idarəçiliyi ilə bağlı, kommunal xidmətlərinin göstərilməsi ilə bağlı, binaları idarə edənlərin sakinlərə hesabat verməsi ilə bağlı Qanunlar icra olunmur.
Qanunun icrasını tələb edəndə isə, məhkəmə sakinlərin deyil, tikinti şirkətlərinin tərəfini saxlayır, konkret faktlar istəyən olsa, mən hazır.
Bəs indi biz nə edək? Baxımsız qalaq? Lap heç pandemiya olmasın, bizim hüquqlarımız nə vaxt bərpa olunacaq?
Bilirəm, “biz nə hayda, siz nə hayda” deyənlər olacaq, amma hər bir insan, ələlxüsus ailə başçısı, qeyri-müəyyənlik zamanlarda, həyəcanlı vaxtlarda öz malını, öz varidatını qarantiyalı görmək istəyir.
Rüşvət almayan, korrupsiya ilə məşğul olmayan, dövlətin pulunu talan etməyən insanlar borc-xərc, son qəpiyinə qədər halal olan pulla özlərinə mənzil alıblar, sahib çıxa bilmirlər.
Nə vaxta qədər bu belə davam edəcək? Yenə də qayıdım özümə, birdən sabah koronavirusdan başımı qoyub getdim o dünyaya?
Nəyə görə mənim övladlarım qapı-qapı düşməli, məndən qalan mülkə sahib çıxmaq üçün əziyyət çəkməlidirlər? Əgər mən, müəyyən qədər tanınmış bir şəxs 13 ildir (!) öz haqqımı müdafiə edə bilmirəmsə, onlar nə edəcəklər?
Və bu məqamı bir daha xüsusi ilə vurğulamaq istəyirəm ki, söhbət yalnız məndən getmir. Ölkədə kifayət qədər insan illərlə eyni problemlə yaşayır.
Onlar nə poliklinikada qeydiyyata düşə bilir, nə seçkilərdə yaşadıqları yerdə səs verə bilir, nə də faktiki ünvanları haqda arayış ala bilirlər. Ən əsası isə, öz müqəddəs haqlarına sahib çıxa bilmirlər.
Mən fürsətdən istifadə edib üzümü Azərbaycan Respublikasının Baş Prokuroruna tutub müraciət etmək istəyirəm!
"Hörmətli cənab Baş prokuror, hörmətli Kamran müəllim!
Sizi yeni təyinatla təbrik edirəm, prokurorluq orqanlarında aparılan islahatları rəğbətlə qarşılayıram və Sizdən bu məsələni öz nəzarətinizə almağınızı rica edirəm!
İnanıram ki, Sizin müdaxilənizdən sonra bu məsələ öz həllini tapacaq və həm Azərbaycan Respublikasının Qanunları, həm də Azərbaycan Respublikasının Prezidentinin Fərmanı icra olunacaq.
Və pandemiya dövründə heç bir insan bu problemə görə yardımsız və qayğısız qalmayacaq.