Vaxt.Az

«Azərbaycan daha ittifaqda olmayacaq»


 

İqbal Ağazadə: «Ukrayna faktiki olaraq tərəddüd edən, Rusiya qarşısında geri çəkilməyə meylli olan dövlətləri xilas etdi...»

«Azərbaycan daha ittifaqda olmayacaq» Bu barədə Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Ukraynada Rusiyanın istədiyinə nail ola bilməməsinin Avrasiya İttifaqının taleyinə necə təsir göstərəcəyi barədə «Yeni Müsavat»a cavabında bildirib. Onun sözlərinə görə, Ukraynanın yolu birdəfəlik bəlli olub orada sabitlik və əminamanlıq əldə olunandan sonra Rusiya Avrasiya İttifaqına alternativ nə qoyacaq, hansı təkliflərlə çıxış edəcək, bu təkliflərin içərisində postsovet respublikalarından nə tələb ediləcəyindən ictimai-siyasi hadisələrin dinamikası bəlli olacaq: «O dinamikada biz konkret biləcəyik ki, kataklizmlər növbəsi Cənubi Qafqaza, Orta Asiyaya, Belarusa, yoxsa Rusiyanın öz içərisinə keçir.

Hələlik bunu dəqiq demək mümkündür ki, Cənubi Qafqaz regionu Ukraynada baş verən hadisələrin fonunda qismən sakitlik əldə edib. Rusiyanın bura aşırı müdaxilələri Ukrayna hadisələri fonunda ləngimiş kimi görünür. Bundan sonrakı mərhələdə Ukraynada baş verən hadisələr və hadisələrin nəticələri Azərbaycanda, Gürcüstanda və Ermənistanda baş verəcək hadisələrin layihələndirilməsinə kömək edəcək. Ukrayna ətrafında planlar bitmədən digər postsovet ölkələrində prosesin baş verəcəyini ağlabatan hesab etmirəm. Ukrayna hadisələrinə tam aydınlıq gəldikdən sonra artıq sırada kimin olması və ya hansı ölkədə hadisələrin dinamikasının artacağı barədə proqnoz vermək mümkündür».

İ.Ağazadənin fikrincə, Rusiya çalışa bilər ki, Avrasiya İttifaqını Ukraynasız da gerçəkləşdirə bilsin. Amma artıq Avrasiya İttifaqında Azərbaycan da olmayacaq. Ukrayna faktiki olaraq Avrasiya İttifaqına tərəddüd edən və ya Rusiyanın siyasəti qarşısında geri çəkilməyə meylli olan, qismən qorxan dövlətləri xilas etdi: «Azərbaycan da Ukraynadan sonra Avrasiya İttifaqından birmənalı imtina edəcək. Amma Ukraynasız, Moldovasız, Azərbaycansız, Gürcüstansız Avrasiya İttifaqı olacaqmı, ya olmayacaqmı sualının cavabı Rusiyanın gələcək strategiyasından asılıdır. Rusiya buna da qərar verə bilər. Qərar versə, bu dörd respublikaya Rusiyanın təzyiqləri artacaq. Rusiya Avrasiya İttifaqını bu 4 respublikasız mümkünsüz hesab edəcəksə, ortaya yeni layihə qoyacaq. Həmin layihədə də Kreml çalışacaq ki, postsovet ölkələri üzərində hüquqlarını tam şəkildə təmin etsin. Buraya etnik-milli konfliktlərin qabardılmasından tutmuş, yeni konfliktlərin yaradılmasına cəhdlərə qədər hər şey daxil ola bilər».

 





03.03.2014    çap et  çap et