Vaxt.Az

Belə də riyakarlıq olar?


 

Mətbuat günü cəmiyyətdən gələn siqnal

Belə də riyakarlıq olar? İyulun 22-də az qala bütün təbriklərdə belə cümlə keçir – “Qələminiz iti olsun”. Soruşmaq olarmı jurnalistin qələmini itiləməkdə məqsədiniz nədir, bu dəfə haranı budamaq istəyirsiniz?

Deyirsiniz, “Sözünüz kəsərli olsun”, soruşmaq olarmı axırıncı dəfə qəzetlə nə vaxt ünsiyyətdə olmusunuz? Oxumusunuz yazmıram ha, məhz ünsiyyətdə olmusunuz?

Zərdabinin varisləriyik – yəni doğurdan hesab edirsiniz ki, bu boyda maklatura Zərdabinin varisi ola bilər?

Bilirsiniz Azərbaycanın ilk qəzetləri necə çıxıb? Milli burjuaziyanın bəzi nümayəndələri - Tağıyev, Muxtarov, Əsədullayevin dəstəyi ilə. Məzmunu və maliyyə qaynağına görə onun adına milli mətbuat deyiblər. Mətbuata dəstək olan milli burjuaziya yoxdursa, Zərdabinin varisi necə ola bilərik?

Deyirsiniz jurnalistlər ev davası edir. Bilirsiniz niyə?

Kabinetlərindən çamadanla pul çıxan rüşvətxor icra başçılarının qabağında jurnalistləri boynubükük bənövşə kimi düzürdülər. Bir vaxtlar... Guya dəyirmi masadır. Hamın gözü qabağında media “kapitanları” (bu ifadədən necə zəhləm gedir) reket mətbuatdan danışıb öz peşələrini aşağılayırdılar. Bilirsiniz niyə?

Elə bilirsiniz indi Zərdabilər yoxdur? Var, amma indi onların başından basırlar, küncə sıxışdırırlar. İndi Zərdabilər “Facebook”da status yazıb gələn “like”ları ilə təsəlli tapırlar. Bilirsiniz niyə?

Çünki sən cəmiyyət öz qəzetinə yiyə durmamısan!!! Heç “Əkinçi”yə də yiyə durmamısan, kişinin qəzeti pulsuzluqdan bağlanıb, o biri səbəblər bekara şeydir. Maarifçilər səni qandırmaq istədi, qanmadın, çünki avam idi, indi özünü qanmazlığa qoymusan.

Bizə deyirsən qələmini itilə, amma öz aranızda “WhatsApp” qruplarında kimlərin statuslarını paylaşıb altından “ə, nətəəər dedi ə” yazan sən deyilsənmi? Belə də riyakarlıq olar?

Mətbuat cəmiyyətdən gələn impulsları hiss etməlidir. Bu yalnız “Facebook”dakı “like”lar deyil.

Bəs nə arzu edirəm? Arzu edirəm ki, ömür vəfa eləsin həmin o “dənə”lərin “nəfər”ə çevrildiyin görə bilim. Arzu edirəm ki, Zərdabinin arzuladığı səviyyədə cəmiyyətin güzgüsü olan qəzeti görə bilim. Arzu edirəm ki, Zərdabinin arzuladığı qəzetdə Şuşadan reportajlar oxuyum, Cıdır düzündən foto-sessiyalara baxım!

 





22.07.2020    çap et  çap et