Vaxt.Az

Avropadan Amerikayadək...


 

Ermənistanın ölkəmizə qarşı təcavüzü əleyhinə aksiyalar keçirilib

Avropadan Amerikayadək... ABŞ-dakı Azərbaycan icmaları Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Tədbirə müxtəlif ştatlarda yaşayan azərbaycanlılar qatılıb. Onlar Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etiraz ediblər.

Əvvəlcə Vaşinqtonda Konqres binasının qarşısında dinc aksiya keçirilib. Daha sonra soydaşlarımız əllərində Azərbaycan və ABŞ bayraqları, ingilis dilində şüarlar yazılmış və şəhidlərin rəsmi olan plakatlarla səfirliyin binasına doğru yürüş keçiriblər. Onlar “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Stop Armenian agression!” və s. şüarlar səsləndiriblər.

***


Almaniyanın Münxen şəhərində Azərbaycan və Türkiyə icması nümayəndələri Ermənistanın təxribatlarına qarşı etiraz aksiyası keçiriblər.

Münxen şəhərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşən aksiyada “Milli fikir”, “Türk ocağı”, “Atatürkçü düşüncə dərnəyi” və digər türk dərnəkləri iştirak edib, Ermənistanın təcavüzkar siyasəti əleyhinə şüarlar səsləndirilib. Aksiya iştirakçıları Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Tovuz rayonunda yaşayış evlərini atəşə tutmasını, mülki şəxsləri hədəfə alaraq öldürməsini diqqətə çatdırıblar.

Sonra iştirakçılar “Bir millət, iki dövlət” şüarı və hər iki ölkənin bayraqları ilə Münxen küçələrində yürüş keçiriblər.

Qeyd edək ki, daha əvvəl Almaniyanın Düsseldorf və Köln şəhərlərində də Azərbaycan və Türkiyə icması nümayəndələrinin yürüşü olub.

***


Fransadakı Azərbaycan icması adından Fransa rəhbərliyini Ermənistanın iyulun 12-də Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü qınamağa çağırırıq. Bu çağırış Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının bu ölkənin Prezidentinə, Milli Assambleyanın və Senatın sədrlərinə, eləcə də digər qurumların rəhbərlərinə ünvanladığı müraciətdə öz əksini tapıb.

“Şəhidlər ölməz, Vətən bölünməz!”, “Səninləyik, can Azərbaycan!”, “Azərbaycana ədalət!” “Azərbaycan, Türkiyə!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan, işğalı və terroru dayandır! Ermənistan, Qarabağdan çıx!”.

Bu şüarları isə Strasburqda Avropa Şurasının mənzil-qərargahı qarşısında toplaşan soydaşlarımız Ermənistan hərbi qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi təxribata etiraz olaraq keçirdikləri aksiyada səsləndiriblər. Aksiyaya şəhərdə təhsil alan azərbaycanlı tələbələr, buradakı Azərbaycan və Türkiyə diaspor təşkilatlarının üzvləri qatılıb.

Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası (ASEAF) tərəfindən təşkil edilən aksiya iştirakçıları ingilis, fransız dillərində çıxış edərək ermənilərin 30 ildir ölkəmizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıblar.

 





21.07.2020    çap et  çap et