Vaxt.Az

“Kaleydoskop”


 

... Yaxud qırıq-qırıq görünən Ağdam

“Kaleydoskop” - Salam… Cavab gəlmədi. - Hər vaxtınız xeyir!

Yenə cavab gəlmədi. Gözləyim? Yox, gözləmirəm. yazacam…

- İlqar müəllim, Ağdamın işğalıyla bağlı yazı hazırlayıram...

Cavab yoxdur… yazım? Yazsam yaxşıdır. Nə cavab verər, verər…

- İlqar müəllim, Ağdam deyiləndə yada düşən ağdamlılar var, onlardan biri də sizsiniz… Sizin illər boyu yaşadığınız Ağdam həsrətini, düşüncələrinizi bilmək istərdik.

Cavab yoxdur. Ümidimi üzdüm... Sabah açıldı… Messencer!

- Əntiqə, salam. Mən o mövzuda heç yazı yazmıram. Yazmıram deyəndə, əslində yaza bilmirəm. Amma, bir-neçə cümlə yazmağa çalışaram. Sabah göndərərəm.

- Həsrətlə gozləyəcəm. Sizin yazınıza təqdimat vermək isə mənim üçün şərəfdir.

Və dərindən nəfəs alıram! Axı tanınmış jurnalist və tərcüməçi İlqar Əlfioğlunun Ağdam haqqında düşüncələrini ilk dəfə mən oxuyacam! Axı həm də o, Ağdam deyiləndə yada düşən kişilərdən birinin— Azərbaycan yazıçısı, publisisti, tərcüməçisi Əlfi Qasımovun oğludur! Axı, indi Ağdam deyiləndə xatırlanan qələm sahiblərindən biri də İlqar Əlfioğlu özüdür!

 

Ağdam deyəndə...

 

Hamı balaca olub və hamının sevimli oyuncağı olub. Mənə qəribə bir oyuncaq gətirmişdilər, adına “kaleydoskop” deyirdilər. İndi təsvir edəcəm, görənlər, söhbətin nədən getdiyini biləcək.

Karton boru idi, hər iki başında şüşə vardı. Bir başında ağ şüşə, digərində ortasında birqəpiklik boyda şəffaf yeri olan qara şüşə. İçinə nəsə tökmüşdülər, yelləyəndə çıq-çıq edirdi. Borunun deşiyinə gözünü zilləyib arxasını işığa tuturdun, hər fırladıqca, cürbəcür naxışlar yaranırdı. Bir-birindən gözəl rəngbərəng naxışlar heç təkrar olunmur; nə qədər fırlasan, yeni mənzərə görürdün...

Maraq mənə zor elədi, kaleydoskopu sökdüm. İçindəkilər xırda rəngbərəng şüşələr, bir də uzun-uzun aynalar imiş...

Bax, Ağdam deyəndə, 50-ci illərin həmin o kaleydoskopu gəlir gözlərim özünə. Mən orda bənzər mənzərə, bənzər gözəllik görmədim; bənzər duyğular, bənzər istəklər yaşamadım; Ağdam ən adi mənzərəsinə nəsə bir şirinlik, bir ecaz qatıb, qarşımızda cilvələndirirdi. Ağdam bizə nə göstərdisə, öz unudulmazlığını qatıb, göstərdi.

İndi də, altmış il əvvəl itirdiyim kaleydoskopun xəyalını beynimdə fırlayıb, iyirmi altı il əvvəldən bəri əlim çatmayan Ağdamı görmək istəyirəm və görürəm də. Amma, bütöv yox, qırıq-qırıq, pərakəndə səhnələrdə...

 

Dəli Xanəhməd

 

Onu ancaq yay aylarında görürdüm deyə, yaxasız ağ köynəkdə, büzmə balaqlarını qalın corablarının içinə saldığı boz şalvarda xatırlayıram. Yanında da həmişə beş-altı qıllı köpək olardı. Təpənin yanında Dəli Xanəhmədə tuş gələndə, bir dəstə uşaq Qarqara enirdik, futbol oynamağa.. Ayaq saxladıq. Tanış kənd uşaqlarının arasında gözü məni qırğı kimi aldı. Qollarına keçirib belinə dirədiyi zoğal çomağını uzatdı, küpəsilə təpəmi yüngülcə taqqıldatdı

- Ə-ə, Hümmət, bu gədə kimdi yanında?.. - Məndən cəmi iki yaş böyük olan Hümmət, əmiyə oxşamasa da, həqiqətən əmim idi.

- Əlfi qağamın böyük oğludur, Xanəhməd əmi, İlqardı...

- Əlfi hələ Bakıdadır?

- Hə, harda olacaq ki, Xanəhməd əmi?..

- Neynək, olsun-olsun, nə deyirəm axı?..

 

Mıqıdı

 

Babamın itinin adı idi. Qəribə addır, eləmi? Mıqıdı mənim dostum idi. Babam onu mənimlə tanış eləyəndə, cinsini soruşdum. Dedi ki, adı da Mıqıdıdı, cindi də...

Bir axşam Hümmətlə Nədirin bağından, qoyun otarmaqdan gəlirdik. Heyvanları qapıya salanda, babam gördü ki, biri kəm gəlir.

- Ay Hümmət, bu heyvan hara təzib, bala? Get gəz, gör hardadı, canavar dağıdar...

Hümmət kor-peşman geri qayıtdı, “Dədə, mən də gedirəm” deyib onun dalınca çıxdım. Doqqazın ağzında Mıqıdı da özünü yetirdi. Dostumun gəlişinə sevindim, hava qaralmışdı; bu qaranlıqda hər ağacın, hər böyürtkən kolunun dibindən əcinnələr baxır adama...

Kəndin ayağına çatıb, Qaradağlı-Qasımlı yoluna burulduq, Mıqıdı da dalımızca. Zülmətə onca addım atmışdıq ki, arxadan Mıqıdı nə təhər sıçradısa, düz başımın üstündən üçdu... Onu uçması ilə güllənin açılması bir oldu – Mıqıdı kökündən vurulmuş ağac kimi qarşımızda yerə sərildi. Heç vaxt hürməyən dostum indi xəfifcə zingildəyirdi...

...Mıqıdını evimizə qucağımda gətirdim. Boyuna baxanda, elə bilirdin ağır olar, amma deyildi; doqqazdan içəri girəndə ağırlaşdı – ölmüşdü.

Dədə, baxan kimi bildi. Dodaqları səyridi – həmişə hirslənəndə, səyriyirdi. Bir kəlmə dinmədən, tüfəngini götürüb çıxdı...

Bizə dəyəcək gülləni atan yad yox, qonşu imiş; kolluqda marığa durub, toyuqlarını aparan çaqqalı güdürmüş. Birimiz çaqqalın badına gedəcəydik, Miqidi nə duydusa, özünü qabağa verdi...


Poqorod

 

Poladlıdan Ağdama avtobus xəttinin açılması, əsrin sensasiyası olmuşdu. Kəndin tarixində ictimai əhəmiyyətinə görə ona bənzər hər üç hadisənin şahidi olmuşdum: birincisi, işığın çəkilməsi (nə qədər ki, işıq yox idi, kəndə gedəndə, toyuqlarla yatıb, toyuqlarla durardıq); ikincisi, artezianın qazılması (nə qədər ki, artezian yox idi, suyu qadınlar Qarqarın o üzündəki Zoğalat arxından gətirərdilər); üçüncüsü də, Poqorod. Adını ona görə böyük hərflə yazıram ki, ilk dəfə uşaqlarla Poqorodun gəldiyini eşidib, tamaşasına yüyürəndə, elə bilmişdim, adam adıdır. Sən demə “alabaş” deyilən avtobus imiş. Poqorod Qarqarüstü kəndləri hərlənir, bizim Poladlıdan keçib, Ağdam bazarına gedirdi. Onun gəlişinədək, camaat şəhərə piyada - Qarqardan ötüb, Muradbəylidən keçib, gedərdi. O vaxtdan, kefimiz istəyəndə, poqoroda minib, Ağdama gəzməyə gedirdik.

O ki, qaldı bu avtobusun adına, qabaq şüşəsində rusca «По городу» yazılmışdı, ona görə Poqorod deyirdilər...

 

***

 

Həmişə deyirəm ki, Ağdamın gedəcəyini bilsəydim, kababından bircə tikə yeyərdim ki, tamı damağımda həmişəlik qalsın.

İndi də deyirəm ki, barı qayıdaq, qırdığım kaleydoskopu tapım; onda nə gözəllik desən, var...

 

***

 

Mən Ağdam barədə yazı yazmamışam və yazmıram...

Bu yazdığım da, Ağdam barədə deyil...

Amma, söz verirəm, qayıdaq, ən yaxşı yazımı ordan yazacam, görəcəksiniz!

P.S.: “Bu yazdığım da, Ağdam barədə deyil” deyə yazmısınız… Amma özləminiz, həsrətiniz, acınız hər cümlədə oxucunun qəlbini titrədir… Nə deyirik, inşallah , o gün gələr! İnşallah, siz də verdiyiniz sözü tutarsınız!

 





23.07.2020    çap et  çap et