Vaxt.Az

Əmr İrəvandan verilib


 

Los-Anceles və Brüssel təxribatının pərdəarxası

Əmr İrəvandan verilib Dağlıq Qarabağda erməni separatizmi 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cavab verəcəyinə ümidlər var idi. Cavab verilmədi, tam əksinə, SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ətrafındakılar erməni separatizminə açıq rəğbət bəslədilər. Daha sonra erməni separatçılarının silahlanmasına göz yumuldu və azərbaycanlıların yaşadıqları məntəqələrə silahlı hücumlar qeydə alındı. SSRİ-nin dağılmasıyla Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə başladı. Ancaq hətta həmin illərdə belə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla ermənilərin ciddi toqquşmaları qeydə alınmadı. Bu dəfə isə durum fərqlidir.

Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərə dünyanın müxtəlif ölkələrində azərbaycanlılarla ermənilərin qarşıdurması damğasını vurdu. Bəzi ölkələrdə azərbaycanlılar Azərbaycanın səfirliyini ermənilərin hücumlarından qoruyurdusa, digərlərində isə əksinə ermənilər öz səfirliklərinə sığınmaq məcburiyyətində idilər. İlk dəfəydi ki, səfirliklərimiz soydaşlarımızla birgə mübarizə apardılar.

İyulun 12-də sərhəddə azərbaycanlı hərbçilərə hücum və generalımızın şəhid olması xaricdə yaşayan milyonlarla azərbaycanlının da hissiyyatına toxunub. Buna baxmayaraq, sərhəddə olduğu kimi xarici ölkələrdə də təxribatı ermənilər törətdi. Ermənilərin Azərbaycanın Los-Ancelesdəki konsulluğu ətrafına toplaşan azərbaycanlılara hücum etməsi, Brüsseldə erməni qrupun azərbaycanlını vəhşicəsinə döyməsi ilə fitil yandı. Əgər sərhəddə toplar, raketlər və pilotsuz uçuş aparatları hədəfləri vururdusa, səfirliklər qarşısında yumruqlar və təpiklər havada uçuşurdu. Azərbaycanlılar Los-Ancelesdəki təxribatın intiqamını Moskvada, Kiyevdə və başqa şəhərlərdə aldılar. Bu Ermənistan hakimiyyətinə, erməni lobbisinə, Los-Ancelesdə, Brüsseldə və digər şəhərlərdə yaşayan ermənilərə xəbərdarlıq idi ki, yenə azərbaycanlılara qarşı təxribatlara baş vursalar, bu onların özlərinə ziyan vuracaq. Bundan artığına ehtiyac yoxdur, fərqli ölkələrdə erməni təxribatı ilə mübarizəni hüququ müstəvidə davam etdirmək lazımdır.

Los-Ancelesdə və Brüsseldə azərbaycanlılara qarşı təxribatlar törədildiyi saatlarda Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirirdi. O müxtəlif ölkələrdəki soydaşlarını təxrıbatlardan çəkindirmək əvəzinə vəziyyəti daha da gərginləşdirən açıqlama verdi. Ermənistanın baş naziri dedi ki, sərhəddəki döyüşlər fonunda dünyadakı erməni lobbisinin fəaliyyətindən məmnun qalıb. Bu o demək idi ki, azərbaycanlılara qarşı təxribat əmri elə İrəvandan verilib. Bu Xocalı soyqırımını planlayan və həyata keçirən düşüncə tərzinin davamıdır.

Bundan başqa Paşinyan hakimiyyətə gəldiyi gündən bu yana dəfələrlə söylədiyi tezisləri təkrarladı: “1. Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır; 2. Dağlıq Qarabağın təhlükəsizliyi məhdudulaşdırıla bilməz; 3. Dağlıq Qarabağın özmüqəddəratını təyin etmə hüququ olmalıdır; 4. Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir”.

Ermənistanın baş naziri faktiki Azərbaycana “kapitulyasiya” təklif edir. Nikol Paşinyanın bu bəyanatından sonra işğalçı ölkə ilə danışıqların davam etdirilməsinin mənası yoxdur. Çünki, sərhəddəki 4 günlük döyüşlərdən sonra masada dəyişən bir şey yoxdur. Paşinyan bir müddət sonra Şuşada yenidən yallı oynamağa gedəcək. Görünür, sərhəddəki döyüşlərdən sonra erməni hərbçilərin rusiyalı həmkarlarıyla birgə Azərbaycanın pilotsuz uçuş aparatlarına qarşı İrəvanda keçirdikləri birgə təlimlər Paşinyanı bir az daha cəsarətləndirib. Ancaq başda Rusiya olmaqla müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların erməni təxribatına qarşı verdikləri cavab həm də onu göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar seyrçi qalmayacaqlar, ona görə də son günlər Moskvada azərbaycanlı iş adamlarının bir hissəsi ermənilərlə ticarət aparmaqdan imtina ediblər. Bunu işğalçı Ermənistana qarşı azərbaycanlıların birgə başlatdığı təzyiq mexanizmi kimi də anlamaq olar. Mümkündür ki, İranda yaşayan azərbaycanlılar da ermənilərlə ticarət əlaqələrinə göz gəzdirsinlər.

Nəzərə almaq lazımdır ki, iki ölkə arasında növbəti hərbi qarşıdurma zamanı yenidən xarici ölkələrdəki səfirliklərimiz və soydaşlarımız ermənilərin təxribatlarıyla üzləşə bilərlər. Ermənilərin “ASALA” kimi terrorçu təşkilatlarını hərəkətə keçirəcəkləri də istisna deyil. Onların bu “sahədə” təcrübələri böyükdür. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diaspora Komitəsinin birgə çalışması və müxtəlif ssenarilərə hazır olması lazımdır. Necə ki, azərbaycanlılar 1905-ci ildə erməni terrorizmi ilə üzləşəndə təşkilatlanmış və təxribatlara qarşılıq vermişdi, bu gün də həmin tarixi dərsi öyrənməyə ehtiyac var.

“Atlas” Araşdırmalar Mərkəzi

 





24.07.2020    çap et  çap et