Vaxt.Az

Toy qalmaqalı


 

YAP Siyavuş Novruzovu tənbeh etdi

Toy qalmaqalı Hakim Yeni Azərbaycan Partiyası deputat və partiyanın icra katibinin müavini Siyavuş Novruzovu Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə tənbeh edib. Virtualaz.org xəbər verir ki, bu haqda partiyanın bəyanatında deyilir.

Sitat: “COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib. Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır”. 

Xatırladaq ki, Siyavuş Novruzov toyda niyə iştirak etdiyi barədə jurnalistlərin suallarına cavab olaraq “yaxşı eləmişəm” deyib.

Milli Məclisin intizam komissiyasının sədr müavini Fəzail Ağamalı jurnalistlərə açıqlamasında deyib ki, Siyavuş Novruzov qaydaları pozub.

“Sosial şəbəkələrdə, saytlarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı xeyli informasiyalar yayılıb. Onun da cavabı hamıya bəllidir. Çox təəssüf edirəm ki, Siyavuş Novruzov jurnalistlərin suallarına aqressiv cavab verib”,-Ağamalı bildirib.

Onun sözlərinə görə, Siyavuş Novruzovun həmin toyda iştirak etməsi bir neçə baxımdan qəbuledilən deyil: “Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri kimi toyların, yasların, kütləvi tədbirlərin keçirilməsinin ölkə miqyasında qadağan olunmasını bildiyi halda bu tələbə riayət etməyib. Əslində biz deputatlar, yüksək səviyyəli məmurlar, cəmiyyətdə tanınan insanlar hərəkət və davranışları ilə həmişə nümunə göstərməlidirlər. Ancaq Siyavuş Novruzov bu qaydanı pozub. Mən təəssüf hissi keçirirəm ki, bu addımı atıb”.

F.Ağamalı bildirib ki, Siyavuş Novruzovun bu addımı cəmiyyətdə qınaq hədəfinə çevrilib: “Ortada təbii ki, qanunazidd addım var. Bu məsələ parlamentin rəhbərliyi səviyyəsində nəzərə alınacaq. Bu məsələyə diqqət yetiriləcək. Rəhbərlik hansı qərarı qəbul etsə, bu başadüşülən olacaq. Əgər belə bir məsələnin İntizam Komissiyasında müzakirə olunması məqbul hesab edilsə, biz buna baxacağıq”.

 





22.08.2020    çap et  çap et