Vaxt.Az

AXCP-nin zalı dağılıb


 

Partiyanın qərargahının zirzəmisində partlayış baş verib; «Bu, partiyaya qarşı təxribatdır, xəbərdarlıq etmişdilər ki...» - (Fotolar)

AXCP-nin zalı dağılıb Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmisində partlayış baş verib. Bu barədə partiyanın mətbuat katibi Natiq Ədilov özünün Facebook səhifəsində bildirib.

O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrində baş verib. Partlayış nəticəsində qərargahın zalı zədə alıb. 

«Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti məkrli planın tərkib hissəsi deyil. Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik», - deyə Natiq Ədilov bildirib. 

O qeyd edib ki, partiya yetkililərinin hadisəyə uyğun açıqlaması olacaq».

«Amerikanın səsi»nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binanın bir neçə hissəsində çat yaranıb. «Partlayışın gücündən binanın içərisində olan avadanlığa da ziyan dəyib. İtki və ya xəsarət alan yoxdur» deyə Amerikanın Səsinin müxbiri bildirir.

AXCP-nin baş qərargahının yerləşdiyi binanın zirzəmisini icarəyə götürmüş biznesmen «Amerikanın səsi»nə bildirib ki, zirzəmi üzlük daşlar anbarıdır və orada heç zaman qaz balonundan və ya qazdan istifadə edilməyib. «Dünən axşam saatlarında biz zirzəmini tərk etmişik və orada hər hansı qaz balonu olmayıb» deyə adının çəkilməsini istəməyən biznesmen bildirib. 

AXCP rəhbərliyi partlayışın qəsdən törədildiyini istisna etmir.

Partiyanın baş qərargahı bu binaya keçən ilin noyabrda köçürülüb.

Musavat.com-un fotoreportyoru hadisə yerində olub. AXCP sədrinin müavini Həsən Kərimov partlayış hadisəsini partiyaya qarşı təxribat hesab etdiklərini bildirib. H.Kərimov deyib ki, bu binanın sahibinə AXCP-ni oradan çıxarmaq haqqında xəbərdarlıq edibmişlər və deyiblər ki, əks təqdirdə o bina ya yanacaq, ya da partlayış olacaq: «Bütün səs yazıları, videolar əlimizdə var. Lazım olsa Avropa məhkəməsinə verəcəyik».

Bərbərxananın sahibi Samir Muradovun sözlərinə görə, o, heç vaxt qaz balonundan istifadə etməyib. Amma maraqlıdır ki, obyektdən yanmış qaz balonu çıxıb.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı  APA-ya açıqlamasında bildirib ki, partlayış nəticəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahına ciddi ziyan dəyməyib.

O qeyd edib ki, partlayış baş verən zaman qərargahda iki nəfər partiya üzvü olub: «Hadisə binanın zirzəmisində yerləşən bərbərxanada qeydə alınıb. Partlayışın təsirindən qərargahın iclas zalına yüngül ziyan dəyib. Partlayış baş verən zaman qərargahda partiyanın gənclər komitəsinin iki üzvü olub, onlardan heç biri xəsarət almayıb».

AXCP sədri Əli Kərimli də bu gün partiyanın qərargahında baş verən partlayışla bağlı açıqlama verib.

Partiya sədri «facebook» hesabında partlayışın təsadüfi olmadığını qeyd edib:

«AXCP-nin müvəqqəti qərargahında partlayış baş verib. Əslində partlayış qərargahın altındakı zirzəmidə baş verib, amma qərargaha da ziyan dəyib. Partiyamıza qarşı son günlər daha da artan təzyiqlər, gənc cəbhəçilərin kütləvi həbsləri fonunda partlayışın təsadüfi olmadığı bilinirdi. Amma indi hər şey tam olaraq aydınlaşdı. Hakimiyyətimiz müxalifəti ilə artıq terror, partlayış dili ilə danışır. Qərargahın sahibinin ailə üzvləri partiyamızın nümayəndələri ilə söhbətdə açıq etiraf ediblər ki, hakimiyyət onları çoxdan hədələyirmiş. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sahibkardan tələb edirmişlər ki, qərargahı AXCP-dən geri alsın . Əks təqdirdə binada partlayış və yanğın ola biləcəyi ilə hədələyirmişlər. Bu məlumat artıq heç bir şübhə yeri qoymur ki, partlayış öz-özünə baş verməyib. Partlayışı AXCP-yə təzyiq etmək, onu yenidən qərargahsız qoymaq məqsədi ilə törədiblər. Mən Azərbaycan hökumətini məsuliyyətli olmağa, dünyada baş verənlərdən nəticə çıxarmağa, AXCP-yə qarşı təzyiqləri dayandırmağa çağırıram. AXCP-nin gücü onun qərargahında, daşda, divarda deyil. AXCP-nin gücü azadlıq, ədalət, xalqın mənafeləri uğrunda, xalqla birlikdə, səmimi və ardıcıl mübarizə aparmasındadır. Bütün maneələrə baxmayaraq mübarizəmiz davam edir».

P.S.: Fotolar musavat.com-undur.

 





03.03.2014    çap et  çap et