Vaxt.Az
Ənənəvi formada yeni düşüncə axtarışları
Teatr rəssamlarının təcrübə mübadiləsindən təəssürat və rəylər
Pandemiyalı ötən ilin son aylarının teatr üçün nisbətən aktiv keçdiyini deyə bilərik. Bu canlanmada premyeralar, ölkədaxili iki festivalla yanaşı, xarici səfərlərin də payı oldu. Bunlardan biri də noyabrın 28-dən dekabrın 7-dək Özbəkistanın paytaxtı Daşkənddə keçirilən postsovet ölkələrinin IV Gənclər Teatr Forumu idi. Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə ölkəmizi bu tədbirdə aktyorlar, rejissorlar və teatr rəssamları təmsil edirdi.
Bu səfərdə diqqətimi xüsusilə çəkən rəssamlar idi. Teatr sənətimiz üçün bu sahədə təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. Akademik Musiqili Teatrın baş rəssamı Vüsal Rəhimov, Şəki Dövlət Dram Teatrının baş rəssamı Nicat Məmmədov və Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyevlə söhbət əsnasında həm onların səfər təəssüratını öyrəndim, həm də ümumilikdə çağdaş dövrün teatr rəssamlığı və qarşılaşdıqları yaradıcı problemlərə ümumi nəzər salmağa çalışdıq.
Məlumat üçün deyim ki, onlar 10 gün ərzində həm müxtəlif proqramlarda iştirak ediblər, təşkil olunan sərgidə eskiz və rəsm nümunələrini təqdim ediblər, həm də forum çərçivəsində mühazirələrə, ustad dərslərinə qatılıblar. Eyni zamanda komanda halında təşkil edilən maarifləndirici proqramlarda öz təcrübələrini həmkarları ilə bölüşüblər.
Nəticə olaraq istedadlı rejissor Vladimir Pankovun laboratoriyasında iştirak etmək və onun forum çərçivəsində hazırladığı “Daşkənd çörəkli şəhərdir” tamaşasının bir parçasını qurmaq imkanı qazanıblar.
Qeyd edim ki, V.Pankovun laboratoriyasının iştirakçıları komandalara bölünərək bir həftə ərzində A.Neverovun romanı əsasında yeddi müxtəlif parça hazırlayıblar. Bunlar forumun təşkilatçılarının müəyyənləşdirdikləri “aclıq, yoxsulluq”, “dostluq, dost”, “geriyə yol yoxdur”, “qorxaqlıq (qorxu)”, “tale belədir – dözmək lazımdır”, “evə qayıdış” və “ev sahibi” mövzuları olub ki, azərbaycanlı teatr təmsilçiləri sonuncu mövzunu işləyiblər. Sonra V.Pankov bu parçaları birləşdirərək saatyarımlıq bir tamaşa hazırlayıb.
Səfər təəssüratından söz düşərkən hər üç rəssamın cavabı təxminən eyni oldu: “Səfər yaradıcılığımıza baxış, ən azı ətrafda baş verən teatr prosesləri ilə nə dərəcədə üzvi surətdə bağlı olub-olmadığımızı müəyyən etmək üçün yaxşı fürsət idi. Deyə bilərik ki, bu sahədə keçmiş sovet məkanındakı digər ölkələrdən geri qalmırıq. Ümumilikdə problemlər də, perspektivlər də oxşardır...”.
Həmsöhbətlərim səfər müddətində Özbəkistanın musiqili, kukla, opera və balet teatrlarında olduqlarını və prosesi yaxından izləmək imkanı qazandıqlarını da dedilər. “Elə isə fərq nə dərəcədə idi və sizcə, bu sahədə nələri öyrənməliyik” sualıma isə özünəməxsus cavablar verdilər. Özü də bu cavablarda hər hansı yaradıcı qısqanclıq yox, yaradıcılıq rəqabətli müqayisəni sezdim.
Akademik Musiqili Teatrın baş rəssamı Vüsal Rəhimov deyir ki, bundan əvvəl də müxtəlif proqramlarda iştirak etmişdim: “Yeni formaları asan mənimsəyirəm və yeniliklərə açıq adamam. Bu proqram çərçivəsində müxtəlif ölkələrdən gələn 10-a yaxın tamaşaya baxdım. Təbii ki, onların quruluşçu rəssam işi mənim üçün daha maraqlı idi. Ümumən gördüyüm əksər tamaşalarda yüklü, bəzən hansısa funksiyanı yerinə yetirməyən, tamaşa boyu, bir dəfə də olsun, istifadə olunmayan dekorasiyalar çox idi. Halbuki biz səhnədə qoyulan sadə butafor elementini – adi gül, ağac kolunu da mütləq üzvi surətdə tamaşaya bağlayırıq. Bu mənada siz deyən fərqli, müasir elementlərin tətbiqini də görmədim. Amma mübadilə, ən azı qonşu ölkələrdəki müxtəlif profilli teatrlarda çalışan həmkarlarımızın iş prinsipini, onların rejissorlar, tamaşanın heyəti ilə fəaliyyət mexanizmlərini bilmək üçün maraqlı idi...”.
Nicat Məmmədov: “Bir neçə istiqamətdə yaddaqalan, vacib proqramlar oldu. Soundramanın sirlərini öyrənmək, Pankovun iş prinsipi ilə tanış olmaq şansı qazandıq. Ən əsası da müasir teatrlarda ənənəni saxlamaqla yeniliklər gətirməyin özünəməxsus incəlikləri ilə tanış olduq. Qısa zamanda yeni formalar tapmaq və ideya üzərində kollektiv işin effektivliyini də təcrübədən keçirə bildik. Bütün hallarda teatr üçün maraqlı və yeni formaların tapılması və asanlıqla tətbiqi üçün bu kimi səfərlər vacibdir...”.
İqbal Əliyev: “Kuklaçı rəssam kimi mənim üçün ən vacib məqam əyani olaraq həmkarlarımın işlərini görmək idi. Odur ki, buradan gedərkən hər üçümüz əyani iş aparmışdıq. Bu qəbil səfərlər etdiyim hər ölkədə kuklaların hazırlanma texnologiyaları, yeni üslubların tətbiqi ilə daha çox maraqlanıram. Bu mənada çalışdım ki, proqramdan kənarda da olsa, nə isə öyrənib vaxtımı dolğun keçirim. Mənə görə, xüsusən Daşkənd Kukla Teatrının iş prinsipi maraqlı idi və gedib onunla yaxından tanış oldum. Onu da deyim ki, nə kuklaların hazırlanma texnikası, nə də quruluş həllindəki vizual elementlər bizdən öndə deyil. Xüsusən Rusiyadan olan teatr rəssamları ilə söhbət edərkən qrafik tətbiqlərdən işıq elementlərinə yeni tətbiqlərdən danışarkən onların maraqla qulaq asdıqların gördüm. Hərçənd mənə elə gəlirdi ki, onlar bizdən daha qabaqcıl formalar tətbiq edirlər. Hə, bir də bizdə çox vaxt tələb kimi eskiz çəkilməsini, bütün kukla və səhnə geyimlərinin ayrılıqda rəsm-təsvir olunmasını istəyirlər. Biz bunların hamısını edir və sonradan müvafiq muzeyə təhvil veririk. Onlardan bu barədə soruşduqda qrafik rəssamlıqla daha çox məşğul olduqlarını və bir az da hazır rekvizitlərə müraciət etdiklərini dedilər. Videoproyektorla işləmək, 3D proqramı ilə iş bizə də yad deyil. Amma onların da iş prinsipində ənənəvi rəssamlığı, hər teatrın, tamaşanın öz üslubunu qoruyub saxladığını gördük.
Bir şeyə təəssüf etdim ki, orada yeganə kukla teatrı rəssamı mən idim və müqayisəni özüm üçün də edə bilmədim. Amma onu da deyim ki, özbək dostlarımızın bizə münasibəti yüksək səviyyədə idi. Azərbaycana sevgini, qayğını yaxşı hiss etdirirdilər...”.
Vüsal Rəhimov: “Bir şey xüsusən diqqətimi cəlb etdi və onun bizdə də tətbiqini arzu edərdim. Bizdə daha çox səhnənin görünən hissəsi və tamaşa salonunun dəbdəbəsinə qaçırıq. Amma orda kulis və “səhnə cibi” dediyimiz əlavə bucaqlar çoxluğu, genişliyi diqqətimi çəkdi. Səhnədən də geniş məkan, şərait kulis üçün yaradılıb və hər kəs rahatlıqla – artistindən səhnə maşinistinədək rahat işini görə bilir. “Ciblər” o qədər genişdir, səhnələr elə dərindir ki, istənilən rekviziti rahatlıqla orada yerləşdirə və saxlaya bilirsən.
Ümumilikdə müasir incəsənət rəssamlığında sərhəd yoxdur və bu, teatrda da belədir. Əsas ideya ön plana çıxır və onun realizəsini istənilən üsul və üslubda edə bilərsən. Unutmaq olmaz ki, hər teatrın da öz üslubu və tələbatı var. İstənilən tərtibatı verə bilərsən. Amma bu, tamaşanın və səhnənin tələb və imkanlarına xidmət etməlidir. Bəzən elə olur ki, sənin düşüncənlə rejissorun tələbi üst-üstə düşmür. Bizdə məktəb dərindir, zəngindir, sadəcə, yeni formaları asan qəbul etmirik. Rejissorlarla rəssamların, dramaturqların dialoq zənciri möhkəm deyil. Heç də hər dramaturq, rejissor səhnənin imkanlarını, quruluşçu rəssamın yükünü aydın dərk etmir. Və ya əksinə, hər rəssam səhnəni, mətni, aktyorun yükünü qavrayıb ona uyğun həllə çalışmır...”.
Nicat Məmmədov: “Yeniliklərdən danışırıqsa, yaxşı olar ki, bu istiqamətdə kollektiv işə can ataq. Yəni yeni tamaşalar üzərində işləyərkən yük bərabər şəkildə bölünsün və beləcə, quruluşçu rəssamın tamaşadakı ağırlığı, iş yükü aydın təyin olunsun. Burada söhbət rejissorla rəssamın iş bölgüsündən daha çox onların dialoqundan gedir. Rejissor kimi rəssam da səhnəni, materialı, hətta mizanı da yaxından izləməli və onun sinxronluğunu quruluş tətbiqində nəzərə almalıdır. Unutmaq olmaz ki, rəssam tamaşanın əsas simalarından biridir, əlavə vasitəçisi yox...”.
İqbal Əliyev: “Nədənsə rejissorlar daha çox işi rəssamın görməsini istəyirlər, bütün vizual yükü ona göndərirlər. Bəzən isə ümumən rəssamın işinə qoşulmurlar, tam kənarda tamaşa qururlar. Belə olduqda da qəribə, bəzən də uğursuz bir calaq, sintezi görürük. Rejissorlar arada səhnənin ölçülərini, imkanlarını, forma və üslubu unudurlar. Ümumilikdə az sayda rejissorumuz var ki, rəssamın işini, səhnənin imkanlarını duyur və bilir...”.
19.01.2022 çap et