Vaxt.Az

Xatirələrdə qalan oyuncaqlar


 

Uşaq yaradıcılıq müsabiqəsi

Xatirələrdə qalan oyuncaqlar Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Xatirələrdə qalan oyuncaqlar” adlı uşaq yaradıcılıq müsabiqəsi elan edilib.

Müsabiqə uşaqlıq duyğularını, xatirələrini yaşatmaq məqsədilə keçirilir. Oyuncaqlar sadəcə, əyləncə obyekti deyil. Uşaq ətraf dünyanı öyrənməyə başlayan zamandan oyuncaqlar onun yoldaşı, köməkçisi və hətta “müəllimi” olur.

Uşaq vaxtı ən çox sevdiyiniz və arzuladığınız oyuncağın rəsmini çəkməklə və ya istədiyiniz materialdan (metal, gil, ağac, kağız, plastilin, parça) maketini hazırlamaqla müsabiqəyə qatılmaq olar. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqəyə Xətai Sənət Mərkəzi “Facebook” qrupuna daxil olub, təqdim edəcəyiniz əsərin fotosu ilə bərabər müəllifin adı, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə 2022-ci il fevralın 10-dək qatılmaq mümkündür.

Müsabiqəyə hər müəllif bir əsər təqdim edə bilər. İlk turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək. Sərgidən seçilmiş əsər müəlliflərinin Bakı Dövlət Sirkində də sərgisi təşkil olunacaq.

Müsabiqənin media dəstəkçiləri sırasında “Mədəniyyət” qəzeti də var. Ətraflı məlumatı Xətai Sənət Mərkəzinin sosial şəbəkə hesablarından əldə etmək olar.
 





21.01.2022    çap et  çap et