AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, artıq Krım Ali Radasının nümayəndələri bununla bağlı Moskvaya dəvət olunublar. Məlumatda qeyd olunub ki, buna qədər də Rusiya yarımadaya dəfələrlə humanitar yardımlar edib.
Xatırladaq ki, Ukraynada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkənin Rusiya ilə münasibətləri kəskinləşib. Nəticədə Rusiya Krıma hərbi qüvvələrini yeridib. Hazırda yarımadanın bütün dövlət qurumları və strateji obyektləri Rusiya hərbçilərinin nəzarətinə keçib. Rusiya rəsmi dairələri isə bunu Kiyevdə anti-rus şüarlarından ehtiyatlanaraq, Krımda yaşayan 1 milyondan artıq rusun hüquqlarının qorunması məqsədilə etdiyini açıqlayıb.
***
Bu arada, Krım Muxtar Respublikasında yerləşən Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı separatçıların tərəfinə keçdi.
AzNews.az-ın məlumatına görə, Ukraynanın Krımda yerləşən HDQ-nın komandanı Denis Berezovski Krım Muxtar Respublikasının vətəndaşlarına sadiq olacağı ilə bağlı and içib.
Andiçmə mərasimi medianın qarşısında həyata keçirilib. Krım Ali Radasının sədri Serqey Aksenov bildirib ki, HDQ-nın yarmadanın tabeliyinə keçməsi ilə bağlı əmr də imzalayıb. S.Aksenov HDQ-nın zabit və əsgər heyətinə bu addımlarına görə təşəkkür edib.
Ukrayna Müdafiə Nazirliyi isə bununla bağlı verdiyi açıqlamada D. Berezovskinin əməlini vətənə xəyanət kimi dəyərləndirərək, xatırladıb ki, adıçəkilən komandan artıq 3 gün əvvəl tutduğu vəzifəsindən kənarlaşdırılıb: “Onun Hərbi Dəniz Qüvvələrinin adından əmr vermək səlahiyyəti yoxdur”.