Vaxt.Az

«Bizi müflis etmək istəyirlər»


 

«Öhdəliklərimizi yerinə yetirmişik»

«Bizi müflis etmək istəyirlər» Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində «Qanun Nəşriyyatı» və «Qanun jurnalı redaksiyası» MMC-lərə qarşı Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə «Turan»a vəkil Müzəffər Baxışov bildirib.

Onun sözlərinə görə, 2013-cü il noyabrın 1-də Vergilər Nazirliyinin 20-ə yaxın əməkdaşı «Qanun Nəşriyyatı» və «Qanun jurnalı redaksiyası» MMC-lərə gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədlərini və kompüterlərini qanunsuz olaraq aparıb. Bundan sonra «Qanun Nəşriyyatı» və «Qanun jurnalı redaksiyası» MMC-lər sənədlərin qanunsuz götürülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.

Beləliklə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsi «Qanun Nəşriyyat Evi» və «Qanun jurnalı redaksiyası» MMC-lərə qarşı 150 000 manat miqdarında vergi borcu və maliyyə sanksiyası müəyyən edib.

«Qanun Nəşriyyatı» MMC-nin rəhbəri Şahbaz Xuduoğlu «Turan»a bildirib ki, nəşriyyatın 50-yə yaxın əməkdaşı, o cümlədən tərcüməçilər, yazıçılar istintaqa dəvət ediliblər. Ş.Xuduoğlu isə martın 4-də istintaqa ifadə verəcək.

«Bu, sifarişdir, təzyiq xarakteri daşıyır. Kimlərsə vergidən istifadə etməklə «Qanun Nəşriyyatı» MMC-ni müflis etməklə bu sahədə monopoliya yaratmaq istəyir. Biz qanunla nəzərdə tutulan vergi öhdəliklərini yerinə yetirmişik», - Ş.Xuduoğlu qeyd edib.

 





03.03.2014    çap et  çap et