Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Mütəxəssislərin iştirakı və xüsusi texniki vasitələrin köməyi ilə ərazilərə baxış keçirilib, ölçülər götürülmüş, hesablamalar aparılmış, müvafiq dövlət qurumlarının reyestrlərində olan məlumatlar təhlil edilmiş, aidiyyəti şəxslərin izahatları alınmış və müvafiq dövlət qurumlarına verilmiş sorğulara cavablar toplanılıb.
Müəyyən edilmişdir ki, “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC və “Redstone” MMC-nin vəzifəli şəxsləri 1 milyon 137 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əsgər Əsgərov tərəfindən Balakən rayonu ərazisində 774 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nizami Abdullayev tərəfindən isə Qəbələ rayonu ərazisində 71 min manat dəyərində qanunsuz qum-çınqıl hasilatı aparılıb.
Qeyd olunan faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.