Vaxt.Az

Yubileyi UNESCO-da qeyd ediləcək


 

Hacı Zeynalabdin Tağıyevin təvəllüd tarixindəki qeyri-müəyyənlik nə ilə bağlıdır?

Yubileyi UNESCO-da qeyd ediləcək Xəbər verdiyimiz kimi, 2021-ci ilin noyabrında UNESCO-nun Parisdə keçirilən 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat Hacı Zeynalabdin Tağıyevin (1823–1924) anadan olmasının 200 illiyi və dünya şöhrətli bəstəkar Fikrət Əmirovun (1922–1984) 100 illiyi təşkilatın 2022–2023-cü illər üzrə yubileylər proqramına salınıb. Bu il yanvarın 18-də isə Bakıda Tağıyevin abidəsinin açılışı gerçəkləşib. Hər iki əlamətdar hadisə məşhur milyonçumuzun ömür yolu və xalqımız qarşısında böyük xidmətlərinə yenidən nəzər salmaq üçün yeni imkandır.

Müsahibimiz AMEA Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarovdur.

 

– Fərhad müəllim, gələn il UNESCO-da məşhur milyonçumuzun 200 illiyi qeyd ediləcək. Amma Tağıyevin təvəllüd tarixi ilə bağlı müxtəlif mənbələr üzrə qeyri-müəyyənlik var. Bu barədə nə deyə bilərsiniz?

– 1900-cü ildə görkəmli dövlət xadimi Nəriman Nərimanov Hacı Zeynalabdin Tağıyev haqqında bir kitab yazıb. Burada Tağıyevin 1838-ci ildə doğulduğu qeyd olunur. Hər halda kitab Tağıyevin sağlığında çap edilib və düşünürəm ki, səhv ola bilməzdi. Qızı Sara xanım da atasının 1838-ci ildə anadan olduğunu yazır. 1823-cü il ehtimalı haradan yaranır? 1896-cı ildə Tağıyevə Zaqafqaziya şeyxülislamı tərəfindən doğum şəhadətnaməsi verilir. Burada onun 1823-cü ildə doğulduğu qeyd olunur. Həmin şəhadətnaməni Tağıyev niyə 1896-cı ildə alıb, bu da hələ ki, müəmmalıdır. Bu günə kimi cavab tapılmayıb və bu yeganə sənəddir. Başqa heç bir sənəd 1823-cü ili təsdiq etmir. Bəzi sənədlərdə hətta 1841 və 1842-ci illər də yazılıb. Ölkə başçımızın açdığı abidə üzərində də 1838-ci il qeyd olunub. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə nəşr olunan sovet ensiklopediyasında da 1838-ci il qeyd edilib.


 

– Hər halda gələn il Tağıyevin 200 illiyi də, 185 illiyi də olsa, yubileyidir. Milli Azərbaycan Tarixi Muzeyində UNESCO səviyyəsində qeyd olunacaq yubileylə bağlı nə kimi işlər görüləcək?

– Biz hər zaman Tağıyevlə bağlı müəyyən layihələr həyata keçiririk. UNESCO ilə bağlı olub-olmasa da, biz muzey olaraq bu işlərimizi davam etdiririk. Tağıyevin qızı Sara xanımın xatirələrini və məktublarını çap etdirməyi planlaşdırırıq. Bilirik ki, sovet dövründə Sara xanım Tağıyevin adının bərpası uğrunda ardıcıl mübarizə aparıb. Bununla bağlı arxivdə çoxlu sənədlər, müraciətlər və məktublar var. Bunları kitab şəklində geniş izahlarla çap etdirəcəyik. İnsanlarımız bu kitabla Sara xanımın ağır həyat yolunu və Tağıyevin özü və fəaliyyəti ilə bağlı maraqlı məqamları oxuya biləcəklər.

 

– Sosial şəbəkələrdə Tağıyevin nəvələri və nəticələri ilə bağlı mütəmadi yazılar dərc olunur. Muzeyin onlarla əlaqəsi varmı?

– Bəli, var. Jurnalist Hafiz Əhmədov xaricdə yaşayan tanınmış nəsillərin nümayəndələrini araşdırıb tapır. Onun Tağıyevin varisləri ilə də müsahibələri var. Həm Sara xanım, həm də Leyla xanımın nəvələri ilə əlaqələrimiz var idi. Onlar muzeyin 100 illiyində Bakıda və bizim binada olublar.

 

“Dövlətlə cəmiyyətin Tağıyevə münasibəti üst-üstə düşür”

 

– Tağıyev irsinin araşdırıcısı kimi heykəl qoyulduqdan sonra yaranan müzakirələrə münasibətinizi bilmək istərdik.

– Heykəl, doğrudan da, müzakirələrə səbəb oldu. Bu, müsbət haldır. Sübut edir ki, cəmiyyət hadisəyə biganə yanaşmayıb. Bu şəxsiyyətə hörmət və maraq hələ də var. Heykəlin qoyuluşu təsadüfi reaksiyaya səbəb olmayıb. Hər kəsin fərqli münasibəti ola bilər. Kimsə bəyənər, kimsə yox. Bütün hallar obyektivdir. Əsas məsələ odur ki, artıq şəhərimizdə bu böyük insanın heykəli var. Çox sevindirici haldır ki, açılışdan bir qədər sonra insanlar ora güllər aparıblar. Bədii cəhətdən, məkan baxımından nə dərəcədə uğurlu olması barədə hər kəsin öz fikri var. Mənim də bəyəndiyim və bəyənmədiyim məqamlar var. Biz burada alt səbəblər axtarmamalıyıq. Ölkə başçısı, cənab İlham Əliyevin heykəlin açılışında çıxışı və Tağıyev haqqında söylədiyi fikirlər dövlətimizin mövqeyini göstərdi. Uzun müddət dövlətin Tağıyevə mənfi, cəmiyyətin müsbət münasibəti təəssüratı hiss olunub. Bu gün hər ikisi üst-üstə düşür. Prezident İlham Əliyev Mərdəkanda Tağıyevin adını daşıyan məktəbin bərpası zamanı çıxışında, bizim muzeydə olarkən, mədəniyyət xadimləri ilə görüşəndə səsləndirdiyi fikirlər Tağıyev irsinə diqqət və hörmətin bariz nümunəsidir. Bu, bizi sevindirir.

 


– Bir az da hazırda muzeyin fəaliyyətindəki yeniliklərdən danışaq...

– Bizim ən böyük yeniliyimiz bu oldu ki, ölkədə Vətən müharibəsinə aid ilk sərgi təşkil edildi. Ötən ilin may ayında sərgini açdıq və bu gün də davam edir. Biz müharibə bitmədən sosial şəbəkələr vasitəsilə şəhid ailələrinə və qazilərə şəxsi əşyalarını muzeyə təhvil verməsi ilə bağlı müraciət etdik. Təsəvvür edin ki, müharibə bitmədən qazi və şəhid ailələri bizə şəxsi eksponatlar təqdim etməyə başladılar. Materialların çox olduğunu görüb ayrıca bir struktur – Vətən müharibəsi fondu yaratdıq. Çünki bu tarixi və Qələbəni yazmaq lazımdır. Təqdim olunan bütün eksponatlar bu fondda toplanır. Hazırda iki mindən çox material var. Polad Həşimovun əşyalarından başlayaraq 200-dən çox şəhid və qaziyə aid material bu fondda sərgilənir. Sərginin kataloqu da çap olunub.

 

– “Şuşa İli” ilə bağlı nələr gözlənilir?

– “Şuşa İli” ilə əlaqədar muzeyin kolleksiyası əsasında Şuşanın tarixinə həsr olunmuş böyük sərgi hazırlanır. Sərgi noyabr ayına nəzərdə tutulub. Bu sərgi çərçivəsində “Qarabağın mədəni-tarixi irsi” mövzusunda respublika elmi konfransı təşkil etməyi düşünürük.

Bundan əlavə, may ayında muzeyin silah kolleksiyasına həsr olunmuş sərgimiz açılacaq. İl ərzində kitablarımız nəşr olunacaq. Yeri gəlmişkən qeyd edim ki, ötən il muzeydə 18 kitab nəşr olunub. Bu kitabların bəziləri muzeyin fondları əsasında yazılıb, bəziləri isə elmi məqalələrdən ibarətdir.

 

– Muzeyin tarix ekspozisiyası nə zaman açılacaq?

– Bizim ən böyük problemimiz və ağrılı məsələmiz tarix ekspozisiyamızın bağlı olmasıdır. Artıq aidiyyəti dövlət qurumlarına müraciət olunub və müsbət cavab alınıb. Ekspozisiya ilə bağlı işlərə başlanılıb. İnanıram ki, bu il ziyarətçilər ekspozisiyanın tarix hissəsini də görə biləcəklər.

 

– Sonda öz elmi yaradıcılığınızla bağlı yeniliklər haqqında məlumat verərdiniz...

– 1905–1906-cı illərdə Qarabağda və Zəngəzurda erməni terroru mövzusunda kitabım nəşr olunacaq. Faktiki olaraq ermənilərlə toqquşmalar məhz bu ildən başlanılıb və ən qanlı qırğınlar Zəngəzur və Şuşada törədilib. İkinci kitab isə, qeyd etdiyim kimi, Sara xanımın xatirələri ilə bağlıdır.

 





02.02.2022    çap et  çap et