Vaxt.Az

“Anlaşma yaxındır”


 

Zəngəzur dəmir yol dəhlizinin Ermənistan hissəsini Rusiya idarə edəcək

“Anlaşma yaxındır” Ermənistanın baş naziri Nikol Paşinyşan bu gün hökumətin iclasında bildirib ki, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə və açılmasına dair Azərbaycanla yeni praktiki anlaşmanın “yaxında olduğunu” bildirib. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan erməni tərəfinin artıq dəmir yolunun Ermənistan hissəsinin tikintisinə dair praktiki məsələləri müzakirə etdiyini deyib.

O xatırladıb ki, ötən gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları”  QSC-nin rəhbəri Oleq Belorezov İrəvana səfər etmişdi. Onlar Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla danışıqlar aparıb.

“Biz üçtərəfli işçi qrupunun işinin ilk nəticələrini elan etməyə yaxınıq. Artıq razılıq əldə etmişik ki, dəmir yolunun hissələri keçdikləri ölkələrin qanunları əsasında fəaliyyət göstərəcək”, - Paşinyan bildirib. Onun sözlərinə görə, hazırda yolun layihələndirilməsi, tikintinin başlaması və maliyyələşdirilməsi məsələsi müzakirə olunur. “İrəliyə qaçmaq istəmirəm, amma bu dinamika davam etsə biz yaxın zamanlarda bu layihəni reallaşdıra biləcəyik”, - Paşinyan belə deyib. O əlavə edib ki, baş nazirin müşaviri Artaşes Tumanyanın başçılıq etdiyi mütəxəssislər qrupu artıq Arazdəyən və Mehridə olublar, gələcək tikinti meydançalarına nəzər salıblar.

Baş nazirin müavini Mqer Qriqoryan isə hökumətin iclasında məlumat verib ki, “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “Cənubi Qafaz Dəmir Yolları” şirkəti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin operatoru olacaq. “Biz operatorla sıx əlaqələr və əməkdaşlıq qurmalıyıq ki, yolun tikintisi başa çatandan dərhal sonra işə salınsın. “Rusiya Dəmir Yolları” bu sferada dünyada ən ciddi təşkilatlardan biridir”, - Qriqoryan deyib.

Xatırladaq ki, Ermənistanın dəmir yolları “Rusiya Dəmir Yolları” QSC-nin həmin törəmə şirkətinin mülkiyyətindədir. Bu baxımdan Zəngəzur dəmir yol dəhlizinin Ermənistandan keçən hissəsinin də bərpadan sonra Rusiya şirkətinin nəzarətinə verilməsi gözlənilən idi.

Azərbaycan tərəfi artıq Horadiz-Ağbənd dəmir yolunun bərpası işlərinə başlayıb və bir ildən artıqdır ki, bu layihədə işlər davam etdirilir. Bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC açıqlayıb ki, sınaq qatarı ilk dəfə Cəbrayılın Mahmudlu stansiyasına çatıb.

 





03.02.2022    çap et  çap et