Yayılan son video-görüntülərdən belə anlaşılır ki, danışıqlar da İran rəsmilərinin gözlədiklərindən xeyli az çəkib və Putin həmkarını atüstü yola salıb. Əks halda İran prezidentinin protokol xidməti Rəisinin maşınını vaxtında Kremlin çıxış qapısına gətirərdilər. Video-görüntülərdən isə aydınlaşır ki, Rəisi tələm-tələsik bitən görüşdən ayrılarkən Kremlin qapısında avtomobilini bir neçə dəqiqə gözləməli olub. Bu da görüşün gözlənilən vaxtda bitməməsinə dəlalət edir.
Rəisinin Moskvanın soyuğunda avtomobilini gözləməsi Rusiya mediasının da diqqətindən yayınmayıb. “Pravda” dərgisi özünün son buraxılışının üz qabığında Rəisinin soyuqdan saqqalı buz bağlamış kollajını verməklə buna işarə edib.
Məlumata görə, Rəisi Xəzər dənizindəki qaz yataqlarının istismarına vəsait əldə etmək üçün Moskvaya getmişdi. O, qaz hasilatı müqabilində Rusiyadan S-400 raketləri almağa belə razı imiş. Putinin öz həmkarını 10 metr uzunluğunda masada qəbul etməsi, gözləninəndən daha tez söhbəti bitirməsi və onu saqqalı buz bağlamış halda yola salması İranın Rusiyadan umduğunu ala bilmədiyi qənaətini yaradır.
İran mediasının iddialarına inansaq, Rəisi danışıqlar bitdikdən sonra elə görüş salonundaca axşam namazı qılıb. Görünür, maşının bu tezlikdə hazır olmayacağı Rəisi həzrətlərinə əvvəlcədən məlum imiş və o, namaz qılaraq həm də rəsmi protokol xidmətinə zaman qazandırmaq istəyirmiş. Amma namaz da binəva prezidentin karına gəlməyib və bütün çabalarına rəğmən, o, Kremlin qapısında soyuqla imtahana çəkilib.
Tarixi-mədəni bağlarla ən yaxın müttəfiqi olacaq bir dövlətə xəyanət edərək gedib ermənilərin quyruğundan yapışan və əsl müttəfiqi ola biləcək ölkəyə şir quyruğu göstərən dövlətin yetkiləri başqaları tərəfindən ancaq belə qarşılana bilər. Kim bu cür xain zehniyyətin etibarlılığına bel bağlaya bilər? İran öz üzərində yaratdığı etibarsız qonşu haləsini dağıtmayana qədər bütün dünya tərəfindən saqqalı donmuş halda yola salınmağa məhkumdur.