Vaxt.Az

«Uorlik ciddi səhvlərə yol verir»


 

«O, düşünülməmiş açıqlamaları ilə vəziyyəti bir az daha mürəkkəbləşdirəcək»

«Uorlik ciddi səhvlərə yol verir» «Media forum» saytına özəl açıqlama verən «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tamformatlı danışıqların bərpasına çağırışından iki nəticə çıxarmaq olar:

«Birinci nəticə ondan ibarədir ki, Minsk qrupu formatında aparılan danışıqlarda irəliləyiş yoxdur və amerikalı həmsədr nəsə fərqli format axtarışına girişib. İkinci nəticə ondan ibarətdir ki, amerikalı həmsədr münaqişənin dərinliyini hələ tam mənimsəməyib. Təsadüfi deyil ki, erməni separatçılar amerikalı həmsədrin bu kobud səhvindən dərhal təbliğat məqsədilə istifadə ediblər. Dağlıq Qarabağdakı separatçı rejimin «xarici işlər nazirliyi»nin Uorlikin «Twitter» sosial şəbəkəsindəki qeydinə cavab olaraq «biz də hesab edirik ki, Dağlıq Qarabığın birbaşa iştirakı ilə tamformatlı danışıqların bərpa olunmasının vaxtı çatıb» sözləri bundan xəbər verir.

Biz danışıqlar formatının hansısa mərhələsində Dağlıq Qarabağ ermənilərinin müzakirələrə qatılmasının əleyhinə deyilik. Ancaq bunun üçün iki şərt var. Birinci şərt Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi torpaqları boşaltmasıdır. Hamı bilir ki, bu torpaqları Dağlıq Qarabağ separatçıları işğal etməyib, onların buna nə gücü, nə də hünəri çatardı. Bu işğalı Ermənistan həyata keçirib. Bizim bəri başdan Dağlıq Qarabağ separatçıları ilə danışıqlara başlamamız isə bu anlama gələcək ki, işğalda Ermənistanın iştirakını sual altında qoyuruq. Bu mümkün deyil.

İkinci şərtimiz də bəllidir: gələcəkdə danışıqlara Qarabağ separatçıları ilə yanaşı Qarabağ azərbaycanlılarının təmsilçiləri də qatılmalıdırlar. Onların rəyi nəzərə alınmadan yalnız Qarabağ erməniləri ilə masa arxasında oturmamız mümkün deyil. Bunu amerikalı həmsədr də anlamalıydı. Təəssüf ki, o öz qeydində bu haqda bir kəlmə də yazmayıb. 

Ceyms Uorlik bir neçə aydır həmsədr təyin olunub. O, çox enerjili görünür, xeyli açıqlama verir, sosial şəbəkələrdə mesajlar yazır. Ancaq onun bu fəallığının münaqişənin həllinə hələ ki, zərrə qədər də müsbət təsiri olmayıb. Əksinə, o, düşünülməmiş açıqlamaları ilə vəziyyəti bir az daha mürəkkəbləşdirə bilər. Hiss olunur ki, Uorlik münaqişənin yaxın və uzaq keçmişi haqqında kifayət qədər məlumatlı deyil. Ona görə də açıqlamalarında ciddi səhvlərə yol verir».

 





03.03.2014    çap et  çap et