Avropa İttifaqı Çindən fərqli olaraq olimpiadadan sonrasında da müharibə ehtimalını azaltmaq istəyir. Bu məqsədlə Avropa İttifaqına sədrlik edən Fransa prezidenti Emmanuel Makron fevralın 7-də rusiyalı həmkarı Vladimir Putinlə Kremldə görüşərək onunla 5 saat danışıqlar apardı. Putin Makronun arqumentlərini qəbul etdimi? Hər halda prezidentlərin görüşdən sonrakı mətbuat konfransında Kreml sahibinin sözləri vəziyyətin gərgin olduğunu göstərir. Putin NATO-nu qəsbkar təşkilat adlandıraraq, İraq və Liviyanın dağıdılmasını, yaxın keçmişdə Belqradın bombardman edilməsini xatırlatdı. Bu gedişlə Putin Makronun və ya digərlərini istəyi ilə Ukrayna ilə sərhəddə qoşunları geri çəkməyəcək.
Qayıdaq olimpiadaya. Olimpiadanın açılışını boykot edən Qərb ölkələrinin liderlərindən fərqli olaraq Hindistanın baş naziri Norendra Modi açılışda iştirak etməyi planlaşdırırdı. Ancaq olimpiadanın başlamasına bir neçə gün qalmış Dehli də boykota qoşuldu. Bunun səbəbi nə idi? Məlumdur ki, olimpiadanın açılışına qədər adəti üzrə idman oyunlarının başlanğıcının rəmzi olan alov həmin ölkənin tanınmış şəxsləri tərəfindən qaçışla əldən-ələ keçir. Deməli, alovla estafet qaçanlardan biri Çin ordusunun zabiti olub. Bu həmin zabit idi ki, 2020-ci ilin iyun ayında Hindistanla sərhəddə silahlı insidentdə iştirak etmişdi. Həmin toqquşmada Hindistan 20 hərbçisini itirmişdi. Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayaraq Çinin olimpiadanı siyasiləşdirdiyindən Dehlinin təəssüf hissi keçirdiyini bildirdi. Belə çıxdı ki, Pekin olimpiadanın açılışında Hindistanın baş nazirinin iştirakını qəsdən əngəlləyib. Çünki Pekin bilməliydi ki, Hindistan hərbçilərini öldürən zabitin oyunların alovuyla reklam edilməsi Dehlinin imtina qərarına səbəb olacaq.