İkinci Qarabağ Müharibəsindəki məğlubiyyət və İrəvanın kapitulyasiya etməsi isə erməni cəmiyyətində bədbinlik səviyyəsini dəfələrlə artırıb.
Savaşın sonucları sadəcə, hərbi və siyasi məqamlar deyil.
Azərbaycanın 30 ildən bəri işğal altında olan torpaqlarını azad etməsi Ermənistanı çox ucuz, əksər hallarda havayı xammaldan, təbii resurslardan, dempinq qiymətinə erməni kəndlilərdən satın alınan kənd təsərrüfatı məhsullarından, elektroenerjidən məhrum edib.
Bütün bunlarla yanaşı, Ermənistanda işsizlik və mühacirət səviyyəsi də artır.
Belə ki, 2020-ci ildə 43874 erməni ölkəni tərk edib.
Öncəki 3 ildə bu göstəricilər müsbət olsa da (2018-ci ildə +15 317, 2019-cu ildə +10 506, 2020-ci ildə +12 092 nəfər), 2021-ci ildə bu rəqəm mənfiyə doğru dəyişib.
İqtisadiyyat çökdüyündən Ermənistan vətəndaşları arasında bədbinlik artıq sindrom yox, yaşam tərzidir. Təbii ki, yaşam çətinliklərinin, yoxsulluğun və imkansızlığın yaratdığı mənəvi problemlərin, psixoza çevrilən ruh düşkünlüyünün öhdəsindən hamı gəlmir.
Məhz sadalanan səbəblərdən Ermənistanda intihar edənlərin sayı artıb, bu ölkədə təkcə ötən il 7 yeniyetmə intihar edib.
Sadəcə, rəsmi statistikaya nəzər salaq. O statistikaya ki, Ermənistanda bütün sahələrdəki vəziyyəti olduğu kimi yox, hakimiyyətin istədiyi kimi göstərir.
Milli Təhlükəsizlik Xidməti 2019-2021-ci illər ərzində ölkədə qeydə alınan intihar və intihara cəhd hallarına yekun vurub. Açıqlanan məlumata görə, intihar edənlərin sayı artıb. 2019-cu ildə 153, 2020-ci ildə 183, 2021-ci ildə 191 nəfər intihar edib.
İntihara cəhd edənlərin əksəriyyəti 30-65 yaş arasındadır.
Ermənistanda daha çox kişilər intihar edir. Məsələn, 2021-ci ildə qeydə alınan 191 hadisədən 156-sı kişi, 35-i qadındır.
2021-ci ildə 7 yeniyetmə, 2020-ci ildə 5 yeniyetmə intihar edib.
2019-cu ildə 16, 2020-ci ildə 12, 2021-ci ildə 12 uşaq intihara cəhd edib.
Ermənistanın sayı bilinməyən bəlaları arasında ölkə iqtisadiyyatına sərmayələrin həcminin, çeşidinin və miqyasının kəskin azalması da var. Məsələn, xarici ölkə vətəndaşlarının Ermənistandakı daşınmaz əmlak bazarına maraqları kəskin şəkildə geriləmədədir.
Məsələn, yenə də erməni rəsmi statistikasına görə, ötən il əcnəbilər Ermənistanda aldıqlarından iki dəfə çox əmlak satıblar: 1587 daşınmaz əmlak alınıb, 3155 satılıb. O cümlədən satılan mülklərin arasında mənzil, istehsal-ictimai bina, torpaq, qaraj və s. əmlaklar alınandan iki dəfə çox olub.
Ermənistanın daşınmaz əmlak bazarının səthi monitorinqi belə, göstərir ki, ölkədə sahib olduğu əmlakı satmaq istəyən əcnəbilərin sayı əmlaka yiyələnmək fikrinə düşən xarici ölkə vətəndaşlarından çoxdur.
Daşınmaz Əmlak Kadastrı Komitəsinin açıqladığı məlumatlara görə, ötən il xarici ölkə vətəndaşları Ermənistanda 2020-ci illə müqayisədə 37 faiz çox əmlak satıblar. Yaxud alqı-satqı əməliyyatları artıb.
Əcnəbilər istər kənd təsərrüfatı, istərsə də qeyri-kənd təsərrüfatı əhəmiyyəti olan torpaqlarından daha çox qurtulmağa çalışıblar. Ümumilikdə 1,5 minə yaxın torpaq alqı-satqısı aparılıb.
Bütün ötən il ərzində Ermənistanda əcnəbilər cəmi 5 kənd təsərrüfatı sahəsinə aid torpaq alıblar. Belə ki, 516 torpaq sahəsi satılıb bu isə, aldıqlarından 103 dəfə çoxdur. Bu, o deməkdir ki, əcnəbilərin kənd təsərrüfatı torpaqlarına marağı kəskin şəkildə aşağı düşüb.
Yəni fermer təsərrüfatı yaratmağa çalışan əcnəbilərin sayı nə zamansa Ermənistanda torpaq və ya əkin sahəsi almaq fikrində olanlardan dəfələrlə artıqdır.
Ermənistanda əcnəbilər ictimai binaların alınmasında passivlik nümayiş etdirirlər. Ümumi bazarın aktivləşməsinə baxmayaraq, belə daşınmaz əmlakın alınması hətta azalıb.
İrəvanda, habelə ölkənin digər şəhərlərində də mənzil alanların sayı satanlarla müqayisədə dəfələrlə azdır.
Statistik məlumatlara görə, ötən il əcnəbilər Ermənistanın daşınmaz əmlak bazarında 1279 mənzil özgəninkiləşdirmə sövdələşməsini həyata keçirib ki, bu da 2020-ci illə müqayisədə 39 faiz çoxdur. Fərdi evlərin satışı təxminən 40 faiz artıb.
Ötən il əcnəbilər Ermənistanda 2000-dən çox mənzil və fərdi ev satıb, cəmi 1000 mənzil alınıb və buda İki qat az təşkil edib. Rusiya vətəndaşlığı olanlar daşınmaz əmlaklarından, xüsusən də mənzillərindən qurtulmaqda çox fəal olublar. Bu qrupa daxil olan vətəndaşlar tərəfindən 1627 mənzilin satışı həyata keçirilib və bu arada həmin Rusiya vətəndaşları Ermənistanda cəmi 560 mənzil - fərdi ev alıblar. Rusiya vətəndaşları Ermənistanın daşınmaz əmlak bazarında ən aktiv iştiraka malikdir. Cəmi 3.155 satış əməliyyatından 2559-u və ya 81%-dən çoxu onların payına düşüb. Əcnəbilər tərəfindən daşınmaz əmlak bazarında edilən əsas dəyişikliklər onların yerlərini dəyişməyilə bağlıdır (köç, vətənə qayıdış).
“Əcnəbilər” və “xarici ölkə vətəndaşları” dedikdə ABŞ, Kanada, Fransa və ya Madaqaskar vətəndaşlarından yox, Ermənistanı tərk edərək Rusiyaya yollanan, orada Rusiya vətəndaşlığı almış ermənilərdən bəhs edirik.
Ermənistanın daşınmaz əmlak bazarındakı “əcnəbi”lər də Rusiyanın Moskva, Sankt-Peterburq, Soçi və Yekaterinburq şəhərləri, habelə Stavropolda və Krasnodarda məskunlaşmış ermənilərdir.
Əgər keçmişdə Rusiya vətəndaşlığı olan bir çox erməni, bir çox başqa ölkələrdə daşınmaz əmlak, xüsusən də Vətəndə mənzil sahibi olmaq imkanı axtarırdılarsa, müharibədən sonra Ermənistanda və Ermənistanın ətrafında yaranmış çətin atmosferə görə belə arzular əhəmiyyətli dərəcədə sönüb. Əksinə, dərc olunan məlumatlara əsasən, onlar öz əmlaklarından qurtulmağa üstünlük verirlər. Onlar Vətənə qayıtmaq niyyətlərini dəyişirlər. Müharibədən sonra onların sayı artıb.
Hakimiyyət dəyişikliyindən sonra Ermənistan vətəndaşları daşınmaz əmlak bazarına maraqlarının getdikcə artacağına dair ümidlər özünü doğrultmadı. Məlum olur ki, iki il əvvəl onlar keçənilkindən daha fəal olublar. 2019-cu isə əcnəbilər Ermənistanda 2232 adda daşınmaz əmlak alıb, onlardan 1479-u mənzil və fərdi evlər olub. Bu arada 2021-ci ildə Ermənistanda əcnəbilər 1.587 daşınmaz əmlak alıb, onlardan 1.025 mənzil, fərdi ev olub.
Türkiyə vətəndaşlarının Ermənistanda nə qədər daşınmaz əmlak aldığına gəldikdə Ermənistan Kadastr Komitəsi bununla bağlı məlumat vermir. Türkiyə vətəndaşlarının aldığı daşınmaz əmlakla bağlı məlumatlar Kadastr Komitəsi tərəfindən “Başqa ölkə vətəndaşları” bölməsinə daxil edib.
O dövlətlər hansılardır bilinmir. Yalnız məlumdur ki, ötən il “digər dövlətlərin” vətəndaşları Ermənistanda ümumilikdə 100 adda daşınmaz əmlak əldə ediblər ki, onlardan 41-i mənzil-evlər, 5-i sənaye-ictimai binalar, 1-i qaraj və 53-ü torpaq sahəsidir.
2020-ci ildə “digər dövlətlərin” vətəndaşları Ermənistanda 98 daşınmaz əmlak alıblar: 46 mənzil, yaşayış evi, 6 sənaye və ictimai bina, 3 qaraj, 43 kənd təsərrüfatına aid olmayan torpaq.
Təbii ki, Ermənistanda daşınmaz əmlakı Türkiyə vətəndaşları və ya etnik türklər təkcə fərdi yox, həm də təşkilatlar vasitəsilə əldə edə bilərlər. Onlar bu siyahıda görünmür.
Türkiyədə yaşayan və Türkiyə vətəndaşı olan ermənilər də Ermənistanda daşınmaz əmlak alırlar. Fəqət, bu əmlaklar arasında mühüm biznes və ya sənaye obyekti, ictimai əhəmiyyət kəsb edən struktur yoxdur.
Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan da təsdiqləyib. Onun sözlərinə görə, Ermənistan hökumətinin “embarqo tətbiq etdiyi 2021-ci il istisna olmaqla Ermənistan iqtisadiyyatı həmişə Türkiyəyə açıq olub və həmişə Türkiyə şirkətlərinin Ermənistanda daşınmaz əmlak alması halı olub”.
Nə o şirkətlərin, nə də şirkət sahiblərinin adları açıqlanır. Səbəb bəsitdir: alıcılar ermənilərdir.
Vətəndaşlarının total əksəriyyətinin alıcılıq qabiliyyətinin sürəkli azaldığı, kriminal oliqpoliya tərəfindən idarə olunan iqtisadiyyatı sonu görünməyən genişmiqyaslı və dərin böhranda olan Ermənistanda əhali yaxın gələcəklə bağlı perspektivlər görmür.
Görmək istəyirlər, arzulayırlar - amma prosesin özü mənasızdır. (milli.az)