Vaxt.Az

İslahatlara ehtiyac var


 

Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi

İslahatlara ehtiyac var Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib. Dövlət başçısının başqa bir sərəncamı ilə isə R.Abdullayev iqtisadiyyat nazirinin müavini təyin edilib.

Prezidentin digər sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. SOCAR prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci vitse-prezident Rövşən Nəcəfə həvalə edilib.

Qeyd edək ki, 2005-ci ildən bəri SOCAR-a rəhbərlik edən Rövnəq Abdullayevin fəaliyyətinə birmənalı münasibət yox idi. Bu qurumun işi zaman-zaman sərt şəkildə tənqid olunub.

Yəni SOCAR-la bağlı mövzular hər zaman ictimaiyyət tərəfindən müzakirə olunub.

Ölkə başçısı hələ 2021-ci il yanvarın 23-də “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalamışdı. Həmin fərmana əsasən, SOCAR fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası yaradılmışdı.

Müşahidə Şurası Azərbaycan prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədridir.

Bəs dünənki təyinatdan sonra SOCAR-da hansı islahatlar aparıla bilər?



Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Modern.az-a bildirib ki, SOCAR-da ciddi islahatlara, kadr dəyişikliklərinə ehtiyac var. Ekspert uzun illərdi bu barədə müxtəlif açıqlamalar verdiyini vurğulayıb.

Onun sözlərinə görə, Rövnəq Abdullayevin yaxın qohumları həm SOCAR-ın özündə, həm də qurumun törəmə şirkətlərində müxtəlif vəzifələrə yerləşdirilib. Ekspert SOCAR virse-prezidentlərini də qohumbazlıqda ittiham edib:

“SOCAR-da ən çox qohum-əqrəbalı bəxtəvərlər vitse-prezidentlərdir. Elə vitse-prezidentlər var ki, onların yeri ixtisar olunsa, SOCAR-dakı işçilərin 10 faizi azala bilər”.

M.Qəhrəmanlı bildirib ki, məhz bu qohumbazlıq prosesində o qədər qeyri-peşəkarlar irəli çəkilib ki... O, SOCAR-da hasilatın aşağı düşməsində bilavasitə o şəxslərin də əli olduğunu qeyd edib:

“Düşünürəm ki, ildə 6 milyon ton neft çıxaran SOCAR-da islahatlar ilk növbədə məhz Rövnəq müəllimin köhnədən qalan vitse-prezidentlərilə bağlı olmalıdır. Hər şöbəyə uyğun olaraq bir vitse təyin ediblər. Əgər həmin vitse-prezidentlərlə bağlı islahatlar başlasa, SOCAR-da demək olar ki, qohumbazlıq 30-40 faiz azalar”.

Xatırladaq ki, SOCAR 1992-ci ildə yaradılıb. Şirkət Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi üzrə fəaliyyət göstərir. Habelə, onların xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində bir neçə istehsalat birliyi, neft və qaz emalı zavodları, Dərin Özüllər Zavodu, trestlər, hüquqi şəxs statusuna malik 20-dən çox qurum fəaliyyət göstərir.

SOCAR-ın müxtəlif törəmə şirkətləri, yanacaqdoldurma məntəqələri də var.

 





11.02.2022    çap et  çap et