Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bu sözləri yeni qəbul olunan “Media haqqında” qanunla bağlı APA-ya müsahibəsində deyib.
Qeyd edək ki, dövlət başçısı tərəfindən imzalanan qanun fevralın 8-də rəsmi mediada dərc olunaraq qüvvəyə minib. Prezident həmçinin fevralın 8-də “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
MEDİA-nın icraçı direktoru bildirib ki, “jurnalistlərin reyestri” anlayışı jurnalistlər tərəfindən müzakirələrə səbəb olur. Bu anlayış qanunda yoxdur və ümumiyyətlə, işçi qrup tərəfindən qanun layihəsi hazırlananda belə bir təklif də verilməyib: “Media Reyestrində media subyektləri də qeydiyyata alınır. Media subyektlərinin qeydiyyata alınması bildiriş xarakterlidir və beynəlxalq təcrübədə tətbiq olunur. Beynəlxalq təcrübədə bildiriş xarakterli reyestrlərin mövcud olması bizim tərəfimizdən öyrənilib və belə bir təcrübənin Azərbaycan Respublikasında tətbiqi bu qanunla təmin edilib. Azərbaycanda media subyektləri reyestrdə qeydiyyata alınacaq. Jurnalistlər özləri bəyan edərlərsə, həmin reyestrdə qeydə alınacaq və onlara müvafiq vəsiqə veriləcək. Xüsusi qeyd etmək istəyirəm ki, bu vəsiqələr vahid jurnalist vəsiqəsi deyil. Bunu dəfələrlə demişik. Bir daha təkrar etmək istəyirik. Çünki müxtəlif ekspertlər və media subyektləri xüsusilə bunun üstündə dayanır və onlar tərəfindən düzgün olmayan fikir formalaşdırılır”.
Jurnalistin fəaliyyət hüququnu təsdiq edən sənəd iş yerindən verilən vəsiqədir
Əhməd İsmayılov qeyd edib ki, Media Reyestrində qeydiyyatdan keçən jurnalistlərə jurnalist vəsiqəsi veriləcək. Qanunda da göstərilib ki, bu vəsiqə özünü Media Reyestrində görmək istəyən jurnalistlərə reyestrdə olmasını təsdiq etmək üçün verilən sənəddir. Bu vəsiqə onların jurnalist fəaliyyətini və yaxud da jurnalistika ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd olmayacaq: “Bir qayda olaraq jurnalistlərimizə öz işlədiyi qurum tərəfindən verilən vəsiqələri var. İndiyə qədər verilmiş vəsiqələr hamısı qüvvəsində qalacaq və Medianın İnkişafı Agentliyi tərəfindən verilən jurnalist vəsiqəsi redaksiyanın verdiyi vəsiqəni inkar etməyəcək...”.
Media Reyestrinin jurnalistlər və media subyektləri ilə bağlı statistikanı dəqiqləşdirməyə nə dərəcədə imkan verəcəyi barədə suala cavabında Əhməd İsmayılov qeyd edib ki, Azərbaycanda jurnalistlərin və media subyektlərinin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir: “Hazırda bizim əlimizdə etibarlı mənbədən alınmış dəqiq rəqəmlər yoxdur. Məhz Media Reyestrinin formalaşdırılması Azərbaycan mediasında sistemli yanaşmanın tətbiqini nəzərdə tutur. Düşünürük ki, məhz ipoteka güzəştlərindən yararlanmaq, digər mövcud və yaxud da gələcəkdə tətbiq olunacaq sosialyönümlü, iqtisadiyönümlü imtiyazlardan istifadə etmək üçün belə sistemin olması məqsədəmüvafiqdir. Qanun qüvvəyə minən kimi də Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edildi və güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına jurnalistlər də əlavə edildi. Reyestrdə olan jurnalistlərimiz bu güzəştdən yararlana biləcək”.
MEDİA-nın icraçı direktoru Media Reyestrinə yalnız ali təhsilli jurnalistlərin daxil edilməsi ilə bağlı müzakirələr doğuran məsələyə də aydınlıq gətirib. Bildirib ki, Media Reyestrinə daxil olmaq üçün müvafiq tələblər var: “Dövlət tərəfindən həmin jurnalistlərə müəyyən imtiyazların verilməsi, xüsusilə onların peşə və ixtisaslarının artırılması ilə bağlı işlərin görülməsi və jurnalistlərin bunlardan ödənişsiz əsaslarla istifadə etməsi üçün reyestrdə olmaq əsas verəcək. Belə olan təqdirdə reyestrə daxil olmaq üçün də müəyyən tələblərin qoyulması təbiidir. Bu, jurnalistika ilə məşğul olmaq üçün tələb deyil, reyestrdə olmaq üçün qoyulan tələbdir. Yəni ali təhsili olmadan da jurnalistika fəaliyyəti ilə məşğul olsalar, jurnalist sayılacaqlar, istər əmək müqaviləsi, istərsə də fərdi qaydada istənilən redaksiyada çalışan şəxsə çevrilirlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq reyestrdə olmaq üçün nəinki ali təhsil, stajla bağlı tələblər də var. Bunu biz işçi qaydada da çox müzakirə etmişik və dünya təcrübəsində də görmüşük ki, bundan da ciddi tələblər qoyulur”.
Media Reyestrində olan jurnalistlərin güzəştli ipotekadan yararlanmaq imkanı barədə danışan Əhməd İsmayılov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə jurnalistlər güzəştli ipotekadan istifadə edəcək şəxslərin siyahısına əlavə edilib: “İndiyə qədər Azərbaycan Respublikasında güzəştli ipotekadan yararlanan şəxslərin siyahısı var. Bu o deməkdir ki, siyahıda olan digər şəxslər kimi jurnalistlər də bundan istifadə edəcək. Burada yeni bir sistem yaradılmır. Mövcud sistemdən jurnalistlər də istifadə edə biləcək”.
İndiyədək əmək kitabçası olmadan fəaliyyət göstərmiş jurnalistlərin bu imkandan yararlanması məsələsinə gəlincə, MEDİA-nın icraçı direktoru bildirib ki, hazırkı normativ hüquqi bazaya əsasən, güzəştli ipotekadan yararlanmaq media subyektlərində işləyən jurnalistlərə tətbiq olunur: “İşləyən” sözü sırf əmək münasibətlərinə aiddir. Bu tələb nəinki jurnalistlərə, eyni zamanda, həmin güzəştli ipotekadan istifadə etmək hüququ olan şəxslərin bütün dairəsinə tətbiq olunur. Yəni bu tələblər eynilə jurnalistlərə də tətbiq olunur. Burada bizim jurnalistlərimiz üçün yeni, digərlərindən hər hansı fərqli bir tələb müəyyən olunmayıb. Müəllimlərə, həkimlərə və s. tətbiq olunan bütün tələblər eynilə jurnalistlərə də tətbiq olunur...”.