Vaxt.Az

Tutulan şəxslərin sayı arta bilər


 

“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”

Tutulan şəxslərin sayı arta bilər Xəbər verildiyi kimi Azərbaycan xüsusi xidmət orqanı əməliyyat keçirərək Müdafiə Nazirliyində maliyyə fırıldaqları aşkar etmiş və milyonlarla vəsaitin mənimsənilməsi faktı ilə dörd yüksək rütbəli zabiti saxlanılaraq hərbi məhkəmənin qərarı ilə həbs ediliblər.

Hadisəyə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın münasibətini öyrənib. İ.İsmayılın şərhini diqqətinizə çatdırırıq: “Müdafiə Nazirliyi ölkə büdcəsindən ən çox vəsait ayrılan təşkilatdır. Aydındır ki, ayrılan vəsait əsasən dövlətin müdafiə qabiliyyətini möhkəmlətməsini təmin edir, amma zaman -zaman MN-də maliyyə maxinasiyaları, korrupsiya faktları, ayrı-ayrı yüksək çinli zabitlərin var-dövləti və zəngin həyat tərzi, biznesləri və sairə qanunsuz hərəkətləri barədə mediada yayılan xəbərlər, bu qurumda heç də proseslərin şəffaf olmadığına şübhələr yaradırdı. Üstəlik, həqiqi hərbi xidmət keçən hərbiçilərin təminatı barədə əsgər və zabit heyəti tərəfindən tez-tez edilən şikayətlər də ölkənin müdafiəsini təşkil edən bu vacib qurumda ayrılan vəsaitin təyinatı üzrə yönəldilmədiyinin, bu istiqamətdə işlərin qaydasında getmədiyinin göstəriciləri hesab etmək olardı. 

Baş verən qanunsuzluğun aşkar edilməsi xüsusi xidmət orqanının MN-in maliyyə sektorunda apardığı uğurlu əməliyyat kimi dəyərləndirilməlidir. Diqqətinizə çatdırım ki, Xüsusi xidmət orqanının hərbi əks-kəşfiyyat idarəsinin vəzifəsi Müdafiə Nazirliyi sistemində yalnız düşmənin casusluq fəaliyyətini aşkar etmək deyil, eyni zamanda orduda ölkənin müdafiə qabiliyyətinə mənfi təsir edən bütün neqativ halların da zamanında aşkar edib qarşısını almaqdır. Təəssüf ki, Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi dönəmdə hərbi əks-kəşfiyyat idarəsinə bu vacib funksiyanı həyata keçirmək əvəzinə, orada baş verən qanunsuzluqlara öz maraqlarının təmin edilməsi müqabilində göz yummaq, hətta şərik olmaq tapşırığı verildiyindən maliyyə maxinasiyaları dərin kök sala bilmişdi. Ölkənin xüsusi xidmət orqanı istər 44 günlük Qarabağ müharibəsi zamanı düşmən haqqında təqdim etdiyi qabaqlayıcı informasiya və həyata keçirdiyi antiterror əməliyyatları ilə Ordumuzun qələbə çalması üçün böyük xidmətlər göstərib. Bu gün də Orduda küllü miqdarda maliyyə maxinasiyaları, fırıldaqları ilə məşğul olan səlahiyyətli şəxsləri aşkar etməklə, təhlükəsizlik qüvvələri Azərbaycan Ordusuna və xalqına yeni töhfə vermiş oldu.

İlkin məlumatlara əsaslansaq, görünən odur ki, söhbət kifayət dərəcədə böyük miqdarların mənimsənilməsindən gedir. Ona görə də, istintaqın gedişində mümkündür ki, cinayətdə şübhəli bilinərək tutulan şəxslərin siyahısına yeniləri- daha yüksək vəzifəliləri əlavə olunsun, çünki mənimsənilən rəqəmlər böyükdür və bu işdə daha səlahiyyətli şəxslərin məlumatsız olması şübhələr yaradır.Bu şübhələrin nə dərəcədə əsaslı olmasını istintaq müəyyən edə bilər.

Azərbaycan Ordusunda korrupsiya, mənimsəmə, maliyyə maxinasiyalarının aşkarlanması, MN-də təmizləmə aparılması, həm də ölkə rəhbərliyinin ortaya qoyduğu siyasi iradənin nəticəsi kimi dəyərləndirilməlidir. Qalib ordunun adına xələl gətirə biləcək bütün qanunsuz və neqativ halların qarşısının alınması ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinə xidmət göstərən vacib amildir.

Perspektivdə Azərbaycan Ordusunda yalnız maliyyə fırıldaqları deyil, vəzifə tutmaq, səlahiyyət sahibi olmaq məqsədilə yüksək çinli zabit heyəti arasında qəbulolunmaz intiriqanın baş alıb getməsinin və bu qarşıdurmadan  ölkə daxilində və xaricindəki bəzi qüvvələrin yararlanaraq əks təbliğat aparmasının da qarşısı alınmalı, ordumuzun müdafiə qabiliyyətinə mənfi təsir edən bütün neqativ hallar aradan qaldırılmalıdır”. (Moderator.az)

 





13.02.2022    çap et  çap et