Vaxt.Az

On il əvvəl bugünkü gün


 

Bizi xatirələrdə yaşadan gördüyümüz işlər, solmayan izlər olur

On il əvvəl bugünkü gün O, yalnız Azərbaycanda deyil, 1980-ci illərdən oçağkı Sovet İttifaqında tanınan folklorçulardan idi.

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü kimi ucalığa yüksəlmək xalq ədəbiyyatı ilə məşğul olanlar arasında az rast gəlinən uğurdur ki, bu şərəfi ona sanballı araşdırmaları qazandırmışdı.

Vaxtilə mənə Bakı Dövlət Universiteti nəşriyyatında az sayda buraxılmış bir kitabını hədiyyə etmişdi: “Nəhrlərdən güc alanda”.

Elə o özü də bitib-tükənməz nəhrlərdən güc alanlardan idi.

Azad Nəbiyev “Kitab-i Dədəm Qorqud”la, “Koroğlu”yla, qatar-qatar sevgi və igidlik dastanlarımızla, el sözü inciləriylə nəfəs alan, onlardan güc götürən, onlara yeni ömür verən qiymətli araşdırıcılardan idi.

İşləmək həvəsi və şövqü, təzə yaradıcılıq niyyətləri ilə dolu alim, xoşxasiyyət, qılıqlı, nurlu, xeyirxah insan idi.

2012-ci ilin ilk yanvar günlərində rastlaşmışdıq, hal-əhvaldan sonra söyləmişdi ki, Novruzla bağlı kitab hazırlayıram, istəyirəm bayramacan işıq üzü görsün. Vaxt lap azdır, imkanın varsa sən də bir yazı ver. Köhnələrdən də olar, amma çatdırsan yenisini yaz.

Mən də ləngitmədən 2 gün sonra “Əbədi ahəng və tarazlıq ülgüsü Novruz” adlı yazımı bitirib Azad müəllimə təqdim etmişdim.

Kimin ağlına gələrdi ki, bu kitab onun xalqına son hədiyyəsi, son əsəri olacaq.

Kitab CBS mətbəəsində buraxılacaqdı. Mənim də orda həmin dövrdə 2 kitabım çapa hazırlandığından hər gün nəşriyyata baş çəkirdim.

Azad müəllim istəyinə çatdı. Kitabın çapı onun düşündüyü kimi Novruz ərəfəsində  – fevralın 13-də tamamlandı. Elə ilk siqnal nüsxələrindən birini də üstünü yazaraq mənə bağışladı: “Üstümdən ağır yük götürüldü”, – dedi. 

Əlavə etdi ki, heç qaçhaqaç işdən xoşum gəlmir. Arzulayırdım ki, bu kitab Novruzdan 3-4 həftə əvvəl çıxsın, rahatca dost-tanışa paylaya bilim. Şükür ki, çatdırdıq!

Ancaq həmin bayram kitabını Novruz hədiyyəsi olaraq dost-tanışa paylamaq əziz Azad müəllimə qismət deyilmiş.

2012-ci il bugünkü gün idi – fevralın 13-ü.

Axşamdan xeyli keçmiş dostlardan biri mənə həyəcanla zəng vuraraq heç vəchlə inanmadığım xəbəri verdi: “Azad müəllimi itirdik”.

Necə yəni, axı bu gün birgəydik, şad-xürrəm, təzə kitabına fərəhlənirdi, əlindən yerə qoymaq istəmirdi, əhvalı yaxşı, səhhətindən heç bir narahatlığı yox…

“Hə, evə gedirmiş maşınla, tıxaca düşüblər, xeyli qalıblar yolda, halı xarablaşıb…”.

Gerçəkdən də ölüm qaşla-göz arasındaymış.

Sən demə, fevralın 13-də mənə yazdığı yadigar sözlər onun həyatındakı son yazısıymış, əlində axırıncı dəfə qələm tutmasıymış.

Amma elə ömür də qaşla-göz arasındadır. Gərək insan həmişə bunu düşünərək faydalı işlər görsün.

Hər insan onsuz da gec-tez bir gün gedəsidir.

Bizdən qalan, bizi xatirələrdə yaşadansa gördüyümüz işlər, solmayan izlər olur.

Professor Azad Nəbiyevdən də bizə yaddan çıxmayacaq xatirələr, cild-cild kitablar, köhnəlməyən araşdırmaları yadigar qaldı.

2012-nin o kədərli fevral günlərindən unudulmaz alimimiz və dostumuz Azad Nəbiyev doğma Qubasındakı Nügədi qəbiristanlığında uyuyur.

Daha bir izi, Novruza həsr etdiyi kitabsa diridir, düz 10 il sonra elə bir vaxt kitabı mənə bağışladığı gündəcə – fevralın 13-də qarşıma çıxdı, məni dindirdi, bu sətirləri yazdırdı…

Ruhu şad olsun!

13 fevral, 2022

 





14.02.2022    çap et  çap et