Vaxt.Az

Bolşevik təfəkkürlü psevdo-alim


 

Pensiya yaşı çoxdan keçmiş adam elm ocağını dedi-qodu, qruplaşma, fitnə yuvasına çevirib

Bolşevik təfəkkürlü psevdo-alim Milli Məclisin deputatı Məlahət İbrahimqızı son günlər elm ictimaiyyətinin AMEA-nın Prezidenti Ramiz Mehdiyevlə bağlı səsləndirdiyi kəskin narazılıq və etirazlara münasibət bildirib. Deputat qeyd edib ki, AMEA-nın Prezidenti bu müqəddəs elm ocağını dedi-qodu, qruplaşma, fitnə və qeybət yuvasına çevirib:

“Bu gün elm və texnologiyalar o qədər sürətlə inkişaf edir ki, hətta bir nailiyyəti yetərincə dərk etməmiş, yeni elmi nailiyyət qazanılır. Azərbaycan da kürəsəl dünyanın bir parçası olduğundan sözsüz ki, bu proseslərdən, daha doğrusu, yeniliklərdən kənarda qala bilməz və qalmamalıdır. Bu gün ölkəmizdə bütün sahələrdə xaricdə təhsil almış çox güclü mütəxəssislər var. Dövlətimizin başçısı dünyada əldə olunan ən yeni texnologiyaların Azərbaycanda tətbiqi üçün nə lazımdırsa edir. Azərbaycan dünyanın kosmik peyki olan az saylı ölkələrdəndir. Elm və texnologiyalardan qaynaqlanan çağırışlar dövlətimizin də həyata keçirdiyi proqramlarda öz əksini tapıb. Bu mənada bu gün zamanında şöhrətilə, hətta dünyada tanınan AMEA-nın ətalət içərisində olması ölkəmizin imici ilə uzlaşmır. Bu gün ölkəmizdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə bütün sahələrdə əsaslı islahatlar aparılır. Hətta iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası daxil olmaqla bütün siyasi partiyalarda islahatlar həyata keçirildi. Ölkəmizin siyasi istablişmentində yeni konfiqurasiya formalaşdı. Nədən elm sahəsində olmasın, hansı ki, elmdə hər bir nailiyyət yeni və mütərəqqi dəyişim tələb edir.  Bu gün Azərbaycanda yüksək intellektual potensiala malik böyük alimlərimiz olduğu halda AMEA-ya dünyasına tam yad olan biri rəhbərlik etməməlidir.

Xüsusən də son illər bütün həyatı kommunist partiyasının konyukturasında keçən, bolşevik təfəkkürlü, pensiya yaşı çoxdan keçmiş bir adamın elm məbədinə rəhbərlik etməsi az qala AMEA-nın sonunu əvvəlinə gətirdi. AMEA-da çox nüfuzlu, görkəmli alimlərimizin olduğuna baxmayaraq, AMEA-nın Prezidenti bu müqəddəs elm ocağını dedi-qodu, qruplaşma, fitnə, qeybət yuvasına çevirib”.

Deputat vurğulayıb ki, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev kimi AMEA Prezidentlərindən sonra elm aləmində plagiatlığı, müxtəlif yollarla gənc və istedadlı alimlərin zəhmətinin və intellektinin məhsulunu özünküləşdirmək bacarığı ilə seçilən psevdo-alimin prezidentliyinə son qoyulmalıdır: “Düşünürəm ki, bu problem ən yaxın vaxtlarda qanunvericilik çərçivəsində asanlıqla öz həllini tapa bilər”.

 





12.02.2022    çap et  çap et