Vaxt.Az

Özündə cəsarət tap, çıx get


 

Daha yetər, bəsdir bu cəmiyyəti üz-üzə qoydun

Özündə cəsarət tap, çıx get Elm məbədi olan Milli Elmlər Akademiyasının mətbuat xidməti yenə də bəyanat yaydı deyə, məlumat son günlərdə ölkə gündəmində səs-küy yaratdı.

Biz də fikirləşdik ki, yəqin Akademiyada nə isə çox mühüm bir elmi kəşfə imza atılıb və ya 4-cü sənaye inqilabı dövründə Milli Elmlər Akademiyamız yeni texnoloji prosesi icad edib. Bu səbəbdən də məlumatı ölkə ictimaiyyətinə çatdırmaq istəyir.

Amma çox təəssüflər olsun ki, mətbuat xidməti müdafiə etmək istədiyi Ramiz Mehdiyevi növbəti dedi-qodu, məhələlərarası qeybət mövzusunda çevirdi.

Əlbəttə, bir vətəndaş, bir millət vəkili olaraq ölkənin elm məbədindən, onun rəhbəri Ramiz Mehdiyevin adından belə bəyanatın verilərək, ölkə gündəmində bu cür müzakirəsi mənə çox ağır gəlir.

İlk növbədə, bu, Akademik adına xələl gətirən bir haldır. Artıq hamı sanki, hansısa bir çəkişmənin, dedi-qodunun yaranmasını maraqlı bir kinoserial kimi gözləyir.

Bəs ayıb deyil sizə, Ramiz Mehdiyev? Axı siz özünüz qeyd etdiniz ki, çox uzun illər məhz Ulu Öndərimiz Heydər Əliyevin, ondan sonra isə  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bilavasitə etimadı və hörməti ilə dövlətin ən yüksək rütbəli vəzifəsini tutmusunuz. Həm Ulu Öndər Heydər Əliyevin, həm də cənab Prezidentimiz İlham Əliyevin sizə olan bu dayağı olmasaydı, təsəvvür edin sizdən nə olardı: heç nə  və heç kim. Amma sizə elə bir imtiyaz və fəaliyyət azadlığı verilmişdi ki, bunu sadəcə təsəvvür etmək mümkün deyildi.

Hətta siz vəzifədən gedəndə dünya siyasətinin bu gün ən böyük insanı Möhtərəm Prezidentimiz sizi ölkənin ən ali mükafatı Heydər Əliyev ordeni ilə təltif etdi.

Heç olmasa bu ali və müqəddəs ordendən utanardınız. Sadəcə qırağa çəkilib geri qalan ömrünüzü hörmətlə yaşayardınız. Budurmu sizə verilən hörmətə cavab? Axı siz ömrünüzün çox böyük bir hissəsini yaşamısınız, heç olmasa bu yaşanan ömrə bir azacıq da olsa, hörmət qazandırardınız. Bu həm də milli-mənəvi dəyərlərimizdən olan ağsaqqallığı da hörmətdən salır.

Bu bizim üçün də, sizə az qala öyüd-nəsihət verənlər üçün də çox çətindir. Ona görə ki, yaşı 80-i haqlamış bir akademikə hamı yığılıb deyir: “Daha yetər, bəsdir bu cəmiyyəti üz-üzə qoydun, çıx get ayıbdır”.

Milli Elmlər Akademiyasının bəyanatındakı bir məqamda Milli Məclis haqqında Ramiz Mehdiyevin səsləndirdiyi fikirlərdir. Burada da ikiqat deyim ki, ayıb olsun sizə yaşınızdan, başınızdan utanın. Axı siz uzun illər dövlət idarəçiliyində olarkən məhz parlament fəaliyyətini də izləmisiniz. Azərbaycan parlamenti sizdən fərqli olaraq,  həmişə ölkə rəhbərimizin, vətənimizin inkişafı naminə şərəflə fəaliyyət göstərib bu gün də Milli Məclisin fəaliyyəti onun deputatları ləyaqətlə vətəninə xidmət edir. Sizin rəhbərlik etdiyiniz Akademiyanın mətbuat xidmətindən fərqli olaraq, açın Milli məclisin Mətbuat xidmətinin məlumatları ilə yaxından tanış olun. Onda görərsiniz ki, Milli Məclis hansı işləri görür. Sizin dedi-qodu, şər- böhtanla dolu bəyanatları yaydığınız vaxtları parlamentin sədrinin rəhbərliyi ilə Milli Məclisin deputatları artıq bir həftədir bu çətin vaxtda pandemiyanın hələ də tüğyan etdiyi bir şəraitdən, heç nədən çəkinmədən fasiləsiz bir neçə ölkədə səfərdədir.

Ölkələrarası dostluq və əməkdaşlıq sahəsində beynəlxalq arenada Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində qanun yaradıcılığı sahəsində gecə və gündüz fəaliyyətini ləyaqətlə davam etdirir. Siz isə bütün bu işlərə kölgə salıb qəbul olunmayan epitetlərlə az qala dövlətin sütununu silkələyirsiniz. Əlbəttə, bunu bacara bilməzsiniz, çünki bu dövlətin sütununu dünya şöhrətli dahi Heydər Əliyev qurub. 44 günlük Vətən müharibəsindəki əbədi mövcud olacağımız xoşbəxt gələcəyimizin sərkərdəsi İlham Əliyevdir. Odur ki, bu kimi mənasız cəhdlər çox əbəsdir. Həqiqəti dərk edin və özünüzdə cəsarət tapıb gedin. Həqiqətən də, artıq çoxdan getmək lazım idi.

 





12.02.2022    çap et  çap et