Vaxt.Az

“Reket” yuvasının qurucusu


 

Elçibəyi təhqir edən, Putindən mükafat alan nazir oğlu

“Reket” yuvasının qurucusu Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır. Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Ağabəy Əsgərovdur.

Vaxtilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerlərindən sayılan Ağabəy Əsgərov iki çağırış Milli Məclisdə mandat sahibi olub.

O, həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) parlamentdə YAP-ı təmsil edib.

Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

O, deputat seçilməzdən çox-çox əvvəl – Milli Elmlər Akademiyasında çalışıb. Maraqlıdır ki, Ağabəy Əsgərov Akademiyada sonralar təhqir etdiyi mərhum eks-prezident Əbülfəz Elçibəyin şöbəsində - onun tabeliyində işləyib. 

1991-ci il yanvarın 11-dən isə "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı kimi dərc olunmağa başlayan “Səs” qəzetinin ilk baş redaktoru olub. Sabiq deputat 2005-ci ilin aprelinə kimi baş redaktor vəzifəsində işləyib.

Ağabəy Əsgərov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfərdən biridir. O, həm də Yeni Azərbaycan Partiyasının (YAP) qurucularındandır.

A.Əsgərovun vaxtında da “Səs” qəzeti hakim partiyanın ruporu kimi öz səhifələrində əsasən YAP-ın fəaliyyətini tərifləyən, müxalifəti pisləyən yazılar dərc edirdi.

Ağabəy Əsgərov 90-cı illərdə YAP funksioneri kimi aktiv fəaliyyət göstərirdi. Bu o zamanlar idi ki, sonradan meydana çıxan Əli Əhmədov, Siyavuş Novruzov kimi YAP-çılardan hələ səs-soraq yox idi.

O, birinci dəfə 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının proporsional siyahısı üzrə deputat seçilib.

İkinci dəfə də YAP-ın siyahısı üzrə deputat mandatına sahiblənib - 2000-ci il noyabrın 5-də.

A.Əsgərov hər iki çağırışda Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü olub.

Yeri gəlmişkən, vaxtilə Milli Məclisin iclaslarını işıqlandıran köhnə parlament jurnalistləri A.Əsgərovu fəal deputat kimi xatırlayırlar. Onun mətbuata həmişə açıq olduğu, jurnalistlərlə ünsiyyətdən qaçmadığı, hətta YAP-ın qərargahındakı otağının qapılarını həmişə müxalifət mətbuatından gələn jurnalistlərin də üzünə açdığı qeyd edilir.

KİV nümayəndələri həm də onu xatırlayırlar ki, sabiq deputat həmişə müxalifət əleyhinə kəskin çıxışları, aşağılayıcı ittihamları ilə də yadda qalıb.

Ağabəy Əsgərovun müxalifətə nifrəti o dərəcədəydi ki, vaxtilə müsahibələrinin birində hətta öz adından belə zəhləsi getdiyini söyləmişdi. Bunu da onunla əlqələndirmişdi ki, “bəy” sözü Xalq Cəbhəsi hakimiyyəti dövründə populyarlaşıb və məhz onların bir-birinə “bəy” deyə müraciət etməsi səbəbindən “Ağabəy” adından xoşu gəlmir.

A.Əsgərovla bağlı bir maraqlı hadisə də olub, köhnə jurnalistlər xatırlayar: 90-cı illərin sonunda Müsavat başqanı İsa Qəmbərin təsisçisi olduğu “Yeni Müsavat” qəzeti A.Əsgərovun davamlı olaraq müxalifət əleyhinə kəskin çıxışlarına cavab olaraq, onun şəxsi həyatından yazırdı.  Bundan təngə gələn Ağabəy müəllim bir dəfə Müsavat Partiyasının qərargahına gedərək, İsa Qəmbərin qəbulunda olmuş və tələb etmişdi ki, təsisçisi olduğu qəzet onun şəxsi həyatından yazmağa son qoysun, siyasi fəaliyyətinə isə nə qədər istəyir toxunsun.

A.Əsgərov II çağırış Milli Məclisin üzvü olanda - 19 aprel 2005-ci il tarixində ölkə başçısının sərəncamı ilə “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsinə təyin edildi. Beləliklə də rəsmi vəzifə təyinatla əlaqədar onun deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi.

O zaman bəziləri gözləyirdi ki, filologiya elmləri namizədi olan A.Əsgərov “Azərbaycan” nəşriyyatının rəhbərliyinə gələndən sonra orada qayda-qanun, səliqə-sahman yaradılacaq.

Ancaq hər şey gözlənilənin əksinə oldu: “Azərbaycan” nəşriyyatında vəziyyət lap pisləşdi, otaqlar “reket qəzetlər”ə icarəyə verildi.

Amma bu da son olmadı, bir vaxtlar mətbuat məkanı kimi tanınan nəşriyyatın otaqlarında “reket qəzetlər”lə yanaşı, “sözdən pul qırxan saytlar”ın baş redaktorları, reklam firmaları və media sahəsinə aidiyyəti olmayan dəllal qurumlar da yuva saldı. Nəşriyyatın binası ətrafındakı yerlərdə taxta, dəmir, şüşə sexləri peyda oldu.

Təmirsizlikdən baxımsız vəziyyətə düşən nəşriyyat binasının kanalizasiya şəbəkəsində bərbad durum yarandı.

A.Əsgərov isə mətbuata müsahibələrində təsərrüfat hesablı dövlət müəssisəsi olan nəşriyyatın özünü dolandırmaq üçün otaqları və digər əraziləri kimə gəldi icarəyə verdiyini vurğulayırdı.

Halbuki, hər il dövlət büdcəsindən nəşriyyata az vəsait də ayrılmırdı. Üstəlik də icarəyə verilən yerlərdən xeyli pul yığılırdı.

2006-2007-cı illərdə “Azərbaycan” Nəşriyyatının ərazisində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova məxsus bina tikildi. Beynəlxalq Mətbuat Mərkəzinin də yerləşdiyi həmin bina müxtəlif qurumlara icarəyə verildi.

A.Əsgərov 18 noyabr 2017-ci il tarixində ictimai-siyasi sahədəki fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunanda bunu birmənalı qarşılamayanlar az olmadı.

A.Əsgərov həmişə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş İctimai-siyasi şöbənin müdiri Əli Həsənova yaxın şəxs kimi xarakterizə olunub.

2019-cu ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin Ağabəy Əsgərovun “Puşkin” medalı ilə təltif olunması haqqında fərman imzalayanda da media bu məsələdə onun Mehdiyev-Həsənovla yaxınlığının xüsusi rol oynadığını yazırdı.

Putin Ağabəy Əsgərovu “Rusiya və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi işinə töhfəsinə görə” mükafatlandırmışdı.

Mükafatlandırılması haqqında mətbuata açıqlamasında Ağabəy Əsgərov bildirmişdi ki, Rusiya prezidenti tərəfindən mükafatlandırılmaq onun üçün böyük şərəfdir və buna görə Putinə təşəkkür etmişdi.

Bütün bunlarla yanaşı, “Azərbaycan” nəşriyyatında illərlə hökm sürən acınacaqlı vəziyyət davamlı olaraq ciddi mətbuatın tənqid hədəfinə tuş gəlirdi.

Nəhayət, 2021-ci ilin əvvəlində Hesablama Palatası da bu müəssisədə yoxlama aparmalı oldu. Elə bu yoxlamadan bir neçə ay sonra - 30 sentyabr 2021-ci il tarixində ölkə başçısının sərəncamı ilə Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edildi.

Ağabəy Əsgərov YAP-ın fəal funksionerlərindən biri olaraq həm də partiyanın rəbhbərliyində təmsil olunurdu. Uzun müddət YAP Siyasi Şurasının üzvü olmuş A.Əsgərov bəzi köhnə silahdaşları kimi partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayında “vuruldu”. Həmin vaxt YAP Siyasi Şura ləğv olunarkən Ağabəy Əsgərov partiyanın rəhbər strukturlarındakı təmsilçiliyini itirdi. Onun adı nə yeni İdarə Heyətinə salındı, nə də Veteranlar Şurasına üzv edildi.

Qeyd etdiyimiz kimi, müxalifət haqqında dəfələrlə aşağılayıcı tonda çıxışlar edən cənab Əsgərov bir dəfə hətta daha irəli gedərək, mərhum eks-prezident Əbülfəz Elçibəyi təhqir etməkdən belə çəkinməmişdi. 2014-cü ilin mayında “Haqqin.az”a müsahibəsi zamanı Elçibəyi “ölkənin ən böyük işsiz-gücsüz avarası” adlandırmaqla özünə qarşı antipatiyanı artırmışdı. Onda Əsgərovu dünyasını dəyişən adam haqqında, xüsusilə də eks-prezident barədə bu cür təhqiramiz ifadə işlətdiyinə görə qınayanlar çox oldu. Bir vaxtlar rəhbəri olduğu “Səs” qəzeti isə onun həmin təhqiramiz ifadəsini manşetə çıxardı.

Onu keçmiş nazirin oğlu kimi tanıyanlar da var. Ağabəy Əsgərovun atası Məmməd Əsgərov 1918-ci ildə Naxçıvanın Culfa rayonunun Yaycı kəndində anadan olub. 1943-58-ci illər arasında Tovuz, Cəbrayıl, Bərdə rayonlarında müxtəlif vəzifələrdə çalışıb. 1958-1959-cu illərdə Naxçıvan Muxtar Respublikasında Nazirlər Sovetinin sədrinin birinci müavini, Nazirlər Sovetinin sədri vəzifəsində işləyib.

Məmməd Əsgərov sonralar Ağcabədi və Şamxor (Şəmkir) rayonlarında birinci katib olub.

1977–1985-ci illərdə, yəni vəfat edənədək Azərbaycan SSR kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

M.Əsgərov SSRİ Ali Sovetinin (6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinin (4–11-ci çağırış) deputatı olub. O, bir çox orden və medallarla təltif edilib. 1973-cü ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. (Modern.az)

 





15.02.2022    çap et  çap et