Vaxt.Az

“Biz sizin tərəfinizdəyik”


 

Almaniya kansleri Olaf Şolts Kiyevdə Vladimir Zelenski ilə görüşüb

“Biz sizin tərəfinizdəyik” Qərb liderləri Rusiyanın müdaxiləsi təhlükəsiz qarşısında Ukrayna ilə həmrəy olduqlarını bildirdikləri bir vaxt Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Kiyevdə Almaniya kansleri Olaf Şoltsu qəbul edib.

Görüşdən sonra Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya təcavüz edəcəyi təqdirdə Almaniyanın “ən ciddi sanksiyalar tətbiq etməyə” hazır olduğunu bildirib.

Şolts Zelenskiyə müraciət edərək, “Biz sizin tərəfinizdəyik” deyib. “Ukraynaya qarşı təcavüz baş verərsə, bu, Rusiyaya ciddi nəticələrə başa gələcək” bildirib.

“Nə Almaniya, nə ABŞ, nə də digər ölkələrin bu məsələyə necə reaksiya verəcəyinə dair heç bir şübhə ola bilməz”, o qeyd edib.

Şolts həmçinin “Almaniya üçün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəyişdirilməsi məsələsi danışıq mövzusu deyil. Ukrayna separatçı “DXR” və “LPR”ə xüsusi statusun verilməsini və ya müstəqilliyinin tanınmasını, həmçinin Krımın ilhaqının tanınmasını belə statusun dəyişməsi kimi qiymətləndirir.

Almaniya kansleri həmçinin Almaniyanın Ukraynaya 150 milyon avro kredit verməyə hazır olduğunu vurğulayıb.

Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyə hazırlaşan Şolts “Twitter” hesabında Rusiyan; de-eskalasiyaya çağıraraq, “hərbi təcavüzün” ciddi nəticələrə səbəb olacağını yazıb. Onun sözlərinə görə, Rusiyanın addımları Avropada sülh üçün çox ciddi təhlükədir.

Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı konkret reaksiyalarını açıq şəkildə bildirməyən Qərb hökumətləri Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edəcəklərini bəyan edib.

“Bizim bilavasitə prioritetimiz vəziyyətin gərginliyini azaltmaq üçün səyləri dəstəkləməkdir. Lakin biz bir daha bildiririk ki, xüsusən də Rusiyanın Ukraynaya qarşı hər hansı növbəti hərbi təcavüzünə çevik, koordinasiyalı və güclü cavab veriləcək. Biz Rusiya iqtisadiyyatına kütləvi və dərhal təsir edəcək iqtisadi və maliyyə sanksiyalarını kollektiv şəkildə tətbiq etməyə hazırıq” - deyə, Böyük Yeddilər-in (G-7) maliyyə nazirləri bazar ertəsi verdiyi açıqlamasında bildirib.

Ukrayna bazar günü Rusiya və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının digər üzvlərindən Rusiya qoşunlarının hərəkətini müzakirə etmək üçün iki gün keçiriləcək iclasda iştirak etməyi xahiş edib.

“Əgər Rusiya ATƏT məkanında təhlükəsizlikdən danışarkən ciddidirsə, gərginliyi azaltmaq və hamı üçün təhlükəsizliyi gücləndirmək üçün hərbi şəffaflıq öhdəliyini yerinə yetirməlidir” - deyə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

Rusiya Ukraynanı işğal etmək planının olmadığını deyir.

Bazar günü Zelenski ilə telefonla danışan Prezident Co Bayden onu ABŞ-ın “Ukraynanın suverenliyi və ərazi bütövlüyünə” sadiqliyinə əmin edib.

Ağ Evin bəyanatında deyilib ki, Bayden “ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı hər hansı növbəti təcavüzünə tez və qəti şəkildə cavab verəcək”.

Baydenin milli təhlükəsizlik məsələləri üzrə rəsmisi Cek Sallivan CNN telekanalının “Birliyin Vəziyyəti” verilişində müsahibədə deyib ki, ABŞ Rusiyanın bu həftə və ya bir həftə ərzində Pekin Olimpiadası bitdikdən sonra müdaxilə edib-etməyəcəyini əvvəlcədən proqnozlaşdıra bilməsə də, lakin böyük hərbi əməliyyatın ola biləcəyi ilə bağlı “böyük bir ehtimal var”.

 





15.02.2022    çap et  çap et