Gecə və gündüz, havanın qarlı və dumanlı olması fərq etməz, onlar 24 saat ərzində dövlət sərhədinə nəzarət edirlər. Bir nəfər də olsun şəhid vermədən, sərhədçilərimizin döyüşərək əldə etdiyi bu yüksəkliyə, erməni silahlı qüvvələrinin hərbçiləri hazırda baxmağa belə cəsarət eləmirlər.
Bura Azərbaycanın Ermənistanla dövlət sərhədində yerləşən, Zəngilan rayonunun ən hündür yüksəkliklərindən biri olan Şüküratazdır. Hündürlüyü 2 min metr olan Şükürataz yüksəkliyi Zəngilan rayonun qərbində yerləşir. Vətən müharibəsindən əvvəl bu ərazilərdə erməni hərbçiləri xidmət edirdisə, hazırda vəziyyət tamamilə dəyişib.
Şükürataz yüksəkliyinə getməzdən əvvəl avtomobillə rayonun Bartaz dağına qalxmalı olduq. Hava qarlı və dumanlı olduğundan çətinliklə də olsa ''Zəngilan'' sərhəd dəstəsinin ''Bartaz'' Sərhəd komendantlığına gəlib çatdıq. Məhz buradan digər ərazilərdə yerləşən döyüş məntəqələri və zərhəd zastavaları idarə olunur. Bir gün burada gecələdikdən sonra ön xəttə yerləşən Şükürataz yüksəkliyinə yola düşdük.
Təxminən 4 kilometr yolu piyada qət etdik. Yolumuz meşənin içərisindən keçdiyindən hər hansı bir heyvanın hücumuna məruz qalmayaq deyə, bizi əlisilahlı sərhədçilərimiz müşayiət edirdilər.
Burada xidmət edən sərhədçilərmiz döyüş mövqeyindən erməni hərbiçiləri daim müşahidə edirlər. Həm vizual, həm də termal kameralar vasitəsilə aparılan müşahidələr zamanı qarşı tərəfin heç bir hərəkəti nəzərdən qaçmır. Elə biz də çəkiliş apardığımız zaman, erməni postunda hərbiçilərin fəaliyyətini görə bildik.
Şükürataz döyüş məntəqəsi yüksəklikdə yerləşdiyindən qış aylarında sərhədçilərmiz çətinliklə qarşılaşmasınlar deyə, məntəqəyə əvvəlcədə 6 aylıq müxtəlif növ ərzaqlar çatdırılır. Baxmayaraq ki, hərbçilər çətin relyef şəraitində xidmət edirlər, onlar üçün istilik sistemi ilə təmin edilmiş xidməti otaqlar, kazarma və yeməkxana inşa edilib.
Qeyd edək ki, 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Şükürataz yüksəkliyi 2020-ci ilin oktyabrın sonlarında azad edilib.
Əməkdaşımız Ömər Xıdırov da Zəngilanın ən hündür yüksəkliklərindən biri olan Şükürataz yüksəkliyində olub. Onun həmin ərazidən hazırladığı reportajı təqdim edirik.