Vaxt.Az

Putin yardım istədi


 

və ya tədris hansı dildə olmalıdır?

Putin yardım istədi Prezident Vladimir Putin Rusiya hökumətinə xarici alimləri ölkəyə cəlb etmək üçün şərait yaratmağı tapşırıb.

“Rusiya Federasiyasının ali təhsil təşkilatlarına, elmi təşkilatlarına və elmi mərkəzlərinə aparıcı alimlərin cəlb edilməsi tədbirlərinin həyata keçirilməsinə yanaşmaların dəyişdirilməsini təmin etmək üçün aşağıdakılar nəzərə alınmalıdır: Rusiyada işləmək üçün xarici vətəndaşlar və həmvətənlər arasından aparıcı alimlərin, aspirantların və gənc tədqiqatçıların cəlb edilməsi üçün şərait yaradılsın”, - təlimat siyahısında deyilir.

Bu dəhşətli xəbəri dünən Rusiyanın bütün xəbər agentlikləri və qəzetləri, bütün Qərb mediası əsas xəbərlərdən biri kimi yaydı.

Bilərək bir gün dözdüm, gözlədim görüm bizimkilər nə yazacaqlar. Heç bir yazı və reaksiyaya rast gəlmədim.

Əslində övladlarını Ana dilində oxudanların münasibət bildirməməsi normaldır.

Bəs Rus dilinin carçıları, Rus dili üçün savaşa hazır olanlar, mənim təbii və səmimi “Tədris Ana dilində olmalıdır” tələbimə, həyəcan təbili çalmağıma sərt, radikal münasibət bildirib, linç kompaniyasına təşəbbüs edənlər necə, sizlər niyə susursunuz?

Bəs deyirdiniz “Gələcəyimiz Rus dilindədir”, “Elmin, Tərəqqinin dili Rus dilidir”, “Rus dili olmasa uşaqlarımız savadsız olacaqlar”.

Əzbərlədiyiniz, hər fürsətdə gözümüzə soxduğunuz hazır şüarlaranıza nə oldu?

Bəs deyirdiniz Tolstoyu, Dostoyevskini Rusca oxumayan güclü fizik, riyaziyyatçı ola bilməz?

Sizə yaxın perspektivdə ölkəmizin nələrlə üzləşəcəyini, Elmin dilinin, Tərəqqinin inkişaf yolları haqda düşüncələrimi şəxsi fikirlərim olaraq deyil, araşdırma və statistik bilgilərə dayanaraq yazmışdım. Oxumadınız, ya da oxuyub ciddiyə almadınız.

Bəlkə də düz elədiniz, çünki Putin dünənki qərarı ilə Sizə hər şeyi açıq şəkildə ortaya qoydu.

Dedi ki, Rusiyada elm filan qalmayıb, sizdə varsa göndərin bizə…

Bəlkə yardıma gedəsiniz?

 





15.02.2022    çap et  çap et