Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə rəhbərlik edən Harrisin Almaniyada olarkən Ukrayna prezidenti Vladimir Zelenski, NATO-nun baş katibi Yens Stoltenberq, eləcə də Latviya, Litva və Estoniya liderləri ilə görüşləri planlaşdırılır.
Administrasiya rəsmilərinin dediyinə görə, Harris şənbə günü Qərb ölkələri və NATO üzvləri arasında diplomatik, hərbi və iqtisadi cəbhələrdə birlik səviyyəsini vurğulayacaq bir çıxış etməlidir.
“Vitse-prezident bu birliyin necə güc mənbəyi olduğunu vurğulayacaq ki, bu da bizə Rusiyanın istənilən növbəti təcavüzünə tez və sərt cavab verməyə imkan verəcək” - deyə, administrasiyanın yüksək rütbəli rəsmisi çərşənbə günü keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
“Onun çıxışı həm müttəfiqlərimizi və tərəfdaşlarımızı öhdəliklərimizə və Rusiyanın təcavüzü qarşısında NATO və müttəfiqlərimizi gücləndirməyə sadiq olduğumuza dair əminlik yaradacaq. Və o, Ukraynaya növbəti müdaxiləsinin Rusiyanı zəiflədəcəyindən danışacaq” - deyə, rəsmi əlavə edib.
Rəsmilərin dediyinə görə, səfərin əsas məqsədi Qərb müttəfiqlərinin ”uyğunlaşmasından” tam əmin olmaq və gələcək yol haqqında Rusiyaya aydın mesaj göndərməkdir.
Administrasiya rəsmisi "Biz diplomatiya və çəkinməyə üstünlük veririk, lakin Rusiya təcavüzü seçərsə, biz hazırıq" deyib.
Rusiya Ukraynaya müdaxilə etmək planının olmadığını təkrar edib. Çərşənbə axşamı və çərşənbə günü ilhaq olunmuş Krım yarımadasında da olmaqla, bəzi hərbi təlimlərin başa çatdığını və hərbi hissələrin öz bazalarına geri döndüyünü bildirib və bunu əks etdirən video təqdim edib.
NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü deyib ki, Rusiya qüvvələrinin Ukrayna sərhədindən çəkilməsinə dair heç bir dəlil yoxdur və Rusiya hələ də “heç bir xəbərdarlıq etmədən Ukraynaya genişmiqyaslı müdaxilə edə bilər”.