“Böyük provokasiya”
Prezident Vladimir Zelenski cəbhə xəttində hökumət qüvvələri ilə separatçılar arasında atışmada kəskin artımı “böyük provokasiya” adlandırıb.
Fevralın 18-də bir bağçanın atəşə tutulduğu, iki dinc sakinin yaralandığı bildirilir. 2014-cü ilin aprelindən Ukraynanın şərqində separatçılarla müharibədə azı 13 min 200 nəfər öldürülüb.
ABŞ-ın Dövlət katibi Entoni Blinken fevralın 17-də BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, Rusiya “müharibə cığırı ilə addımlayır” və Ukrayna ilə sərhəd yaxınlığına qoşun yığmanın səbəb olduğu böhranın yeganə məsuliyyətli yolu diplomatiyadır.
Rusiya qüvvələrin geri çəkildiyini bildirir
Rusiya isə sərhədə 100 mindən çox əsgər yığmasına baxmayaraq, qonşusuna qarşı işğal planı olmadığını deyir.
Müdafiə Nazirliyi fevralın 18-də bildirib ki, sərhəd yaxınlığından tank və digər zirehli texnikanın geri çəkməsi davam edir. Rusiya qüvvələrin hərbi təlimə görə cəmləşdirildiyini deyir.
Moskvanın ilhaq etdiyi Krımdan 10 hərbi təyyarənin çıxarıldığı qeyd edilir.
NATO və bir sıra Qərb ölkələri isə bu məlumatları “saxta” hesab edir, Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi gücünü artırdığını bildirir.
Rusiya ABŞ və NATO-dan təhlükəsizlik qarantiyaları tələb edir. Buraya Ukraynanın qərb alyansına üzvlüyünə qadağa, NATO-nun Mərkəzi və Şərqi Avropaya doğru irəliləməsinin dayandırılması da daxildir.
Lukaşenka Putinlə görüşəcək
Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 18-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bildirib. İki ölkə hazırda birgə təlim keçir. Lukaşenka birgə hərbi qüvvələrlə bağlı “gələcək fəaliyyət”in müzakirə ediləcəyini deyib.
Fevralın 17-də birgə təlimlərin keçirildiyi Asipovitski hərbi sınaq meydançasına səfər edən Lukaşenka Rusiya qüvvələrinin manevrlərdən sonra ölkəni tərk etməyə başlayacağı haqda bir söz deməyib. Ancaq qeyd edib ki, “Belarusda Rusiya hərbi bazaları yaratmağa ehtiyac yoxdur”.
“Qərarlar sabah veriləcək”, – Lukaşenko Putinlə görüşünü nəzərdə tutaraq deyib.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov fevralın 17-də təlimlərin planlaşdırıldığı kimi, fevralın 20-də başa çatacağını deyib. Amma o da Rusiya qüvvələrinin bundan dərhal sonra Belarusu tərk edəcəyini söyləməyib.
NATO-nun şərq cinahı və Ukrayna ilə həmsərhəd Belarusda 30 min Rusiya əsgərinin iştirakıyla təlim keçirilir. Qərb Kremlin əsl niyyətindən narahatdır.
Belarusun Xarici işlər naziri Vladimir Makey fevralın 16-da deyirdi ki, Rusiya qüvvələri təlimlər bitən kimi Belarusu tərk edəcək. Lukaşenko isə deyib ki, Rusiya qüvvələrinin “nə zaman, hansı şərtlərlə, hansı qrafiklə” çıxacağını Putinlə müzakirə edəcək.