ABŞ-ın Müdafiə Naziri Lloyd Austin şənbə günü Litvada müxbirlərə bildirib ki, Ukrayna sərhədində toplaşan 150 mindən çox Rusiya qoşunu “artıq hücuma hazırdır.” Litva Prezidenti Gitanas Nauseda isə ABŞ qoşunlarının artırılmasına çağırıb.
Rusiya ordusu şənbə günü strateji nüvə qüvvələrinin genişmiqyaslı təliminə başlayıb və Putin bu təlimlərə birbaşa özü nəzarət edib. Lakin Bayden Putinin ciddi olaraq nüvə silahlarından istifadə etməyi nəzərdən keçirdiyinə inanmadığını bildirib.
ABŞ Vitse-Prezidenti Kamala Harris şənbə günü hər il keçirilən Münhen Təhlükəsizlik Konfransında xəbərdarlıq edib ki, Rusiya artıq planını işə salıb.
“Rusiyanın təcavüzünün təlimat kitabçası var və bu kitabça bizim hamımıza çox tanışdır. Rusiya bilməzlik və günahsızlığa əl atacaq. Onlar hərbi müdaxilə üçün saxta bəhanələr yaradacaq və göz qabağında qoşun və atəş gücü toplayacaq,” Harris deyib və əlavə edib ki, Rusiyanın hərbi müdaxiləsi genişmiqyaslı maliyyə sanksiyalarının və ixraca nəzarətin daxil olduğu sanksiyalara səbəb olacaq.
Harris həmçinin xəbərdarlıq edib ki, ABŞ Rusiyanın hərbi müdaxiləsinin qarşısını almaq üçün NATO-nun şərq cinahını gücləndirəcək.
Bu həftə konfransda çıxış edən NATO-nun baş katibi Yens Stoltenber deyib ki, Rusiya Ukraynanı təhdid etməklə “NATO-nun mövcudluğunun artmasına” səbəb olacaq.
Stoltenberq həmçinin deyib ki, o, Lavrova Ukraynada münaqişəsinin qarşısını almaq məqsədilə NATO-Rusiya Şurasının iclasının keçirilməsinə çağıran məktub göndərib. Stoltenberq Münhen Təhlükəsizlik Konfrasında deyib ki, Rusiyanın qoşunlarını Ukrayna sərhədindən geri çəkdiyinə dair heç bir dəlil yoxdur və münaqişə riski hələ də qalır.
“Biz son dərəcə narahatıq, çünki görürük ki, onlar sərhəddə qoşunlarını cəmləşdirməyə, hazırlaşmağa davam edirlər. Və Soyuq Müharibə bitəndən bəri biz heç vaxt Avropada müharibəyə hazır vəziyyətdə olan bu qədər qoşunun bir araya toplaşdığını görməmişik”, - Stoltenberq deyib.
Şənbə günü Ukrayna Prezidenti Vladimir Zelenski də təhlükəsizlik konfransında iştirak edib. Onun məqsədi, Ukraynanın şərqində atışmaların kəskin şəkildə artdığı bir vaxt, Qərb müttəfiqlərindən daha çox hərbi və maddi yardım toplamaqdır. Ukrayna ordusu ölkənin şərqindəki qondarma Donetsk və Luqansk respublikalarındakı üsyançıları şənbə günü yeni hücumlar həyata keçirməkdə ittiham edib.
Üsyançılar da öz növbəsinə Ukrayna ordusunu şənbə günü yeni hücumlar etməkdə günahlandırıb və kütləvi hərbi səfərbərlik haqqında fərmanlar imzalayıb. Ərazilərdən birinin başçısı döyüş qabiliyyətinə malik bütün kişiləri, onun sözlərinə görə, Kiyevin aqressiyasına qarşı silahlanmağa çağırıb. Regionlar həmçinin mülki vətəndaşları sərhəd bölgələrindən təxliyə etməyə başlayıblar.
Bayden deyib ki, bu addım Rusiyanın dezinformasiyasının nəticəsidir. O bildirib ki, Ukraynada insanların sərhədində toplaşan 150 mindən çox Rusiya qoşunu ilə döyüşlərə başlamaq üçün “bu zamanı seçməsi” “məntiqə ziddir”.
Ukrayna ordusu şənbə günü ölkənin şərqində Rusiya tərəfdarı separatçıların açdığı atəş nəticəsində bir əsgərinin öldüyünü bildirib.
Amerika Tərəqqi Mərkəzinin baş elmi işçisi Maks Berqman Amerikanın Səsinə deyib k, Moskva Ukraynaya hərbi müdaxilə etməyə qərar versə, Birləşmiş Ştatların dünyanı Rusiyanın təcavüzkar olduğuna və hücumu təxribat olmadan başlatmasına inandırması çox mühüm olacaq.
“Bu, Bayden administrasiyasından Rusiya ilə informasiya müharibəsində qalib gəlmək üzrə master-klass oldu,” Berqman deyib. “Bayden administrasiyası Kremlin təlimat kitabçasını oxuyub və önünə çıxan Rusiya dezinformasiyasını ifşa edir”.
Lakin Bayden hələ də Putinə de-eskalasiya etməyi təklif edir və diplomatiyanın “hər zaman mümkün olduğunu” deyir. O bildirib ki, onun ABŞ-ın “əhəmiyyətli kəşfiyyat imkanlarına” əsaslanaraq Putinin diplomati yolunu nəzərdən keçirəcəyinə inanmağa səbəbləri var.
ABŞ Dövlət katibi Antoni Blinkenin fevralın 24-də Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla üz-üzə görüşü planlaşdırılır.
Bu arada isə Vaşinqton və müttəfiqləri Kremlin ABŞ-ın Moskvadakı səfiri Cek Sallivana təqdim etdiyi məktubu təhlil edirlər. Bu məktub Rusiyanın ABŞ və NATO-nun Avropaya raket göndərməsi və orada qoşunlarına təlim keçməsi ilə bağlı danışıq aparmaq təklifinə, eyni zamanda isə Rusiyanın Ukraynanın NATO-ya üzvlük ehtimalına etirazlarını rədd etməsinə cavabıdır.