Vaxt.Az

“Əlimdən gələni edəcəyəm”


 

Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”

“Əlimdən gələni edəcəyəm” Bu gün, fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağı akademiya prezidentinin funksiyalarının icrasını birinci vitse-prezident, akademik Arif Həşimova həvalə edib.

AMEA prezidenti Ramiz Mehdiyev fevralın 14-də yaşı ilə əlaqədar vəzifəsini tərk edib.

AMEA Rəyasət Heyəti Mətbuat Xidmətinin məlumatınıa görə, Mehdiyev bu gün akademiyanın ümumi yığıncağında çıxışında bildirib ki, həm mərhum prezident Heydər Əliyev, həm də hazırkı prezident İlham Əliyev onun əməyinə yüksək qiymət verib.

“Mən bundan sonrakı həyatımı, bilik və təcrübəmi də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin daha da inkişaf edib möhkəmləndirilməsinə, habelə elmi fəaliyyətə həsr edəcəyəm”, o qeyd edib.

Daha sonra akademik Ramiz Mehdiyevin akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.

Mətbuat xidməti bildirir ki, qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinə uyğun olaraq akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

AMEA-nin birinci vitse-prezidenti Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O texnika elmlər doktorudur. 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür, AMEA Fizika İnstitutunun baş direktorudur.

Son günlər çoxsaylı elm adamları və siyasətçilər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevə qarşı irad dolu tənqidlərlə çıxış edərək onu istefaya çağırıb.

Fevralın 10-da Ramiz Mehdiyev tənqidləri və istefa çağırışlarını qəbul etmədiyini bildirib.

“Mən bu şəxslərin nə özlərini, nə də çağırışlarını ciddi qəbul edirəm. Məni bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və cənab Prezident İlham Əliyev də məni bu vəzifəyə təsdiqləyib. Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini isə qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm”, o qeyd edib.

Buna baxmayaraq, Mehdiyev fevralın 14-də istefa verəcəyini bəyan edib. Ramiz Mehdiyev son günlər akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.

 





19.02.2022    çap et  çap et