Ukraynanın Donetsk regionunun separatçıların nəzarət etdiyi hissəsinin de-fakto lideri Denis Puşilin fevralın 18-də verdiyi açıqlamada ilk olaraq qadınlar, uşaqlar və qocaların təxliyə olunacağının və Rusiya onları qəbul etməyə razılıq verdiyini bildirib.
Son günlər Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında səkkiz ildir davam edən qarşıdurmada atəşkəs rejimi pozulub. Bu da Moskvanın atışmalardan hərbi müdaxilə üçün bəhanə kimi istifadə etməsi qorxusunu artırır.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) monitorinq missiyası bildirir ki, adətən gün ərzində ortalama 10 dəfə atəşkəs pozuntusu qeydə alınırdı. Fevralın 18-də verilən məlumatda bunun son 24 saat ərzində 600-ə yüksəldiyi bildirilir. O cümlədən 300 partlayış halı qeydə alınıb.
Narahatlıqları artıran digər səbəb isə odur ki, Rusiya Müdafiə Nazirliyi fevralın 19-da yeni strateji hərbi manevrlərin keçiriləcəyini açıqlayıb. Ukrayna ətrafında yaşanan gərginliyin fonunda baş tutacaq təlimlərə Prezident Vladimir Putin bir başa nəzarət edəcək.
Rusiya sərhəd bölgələrindəki qoşunlarının bir hissəsini geri çəkməyə başladığını bildirib. Lakin rəsmi Vaşinqton bu iddiaların inandırıcı olmadığını deyir.
ABŞ-ın müdafiə naziri Lloyd Austin fevralın 18-də Polşaya səfəri zamanı bildirib ki, “Rusiya tərəfi qüvvələrini qarnizona doğru geri qaytardığını elan etsə də, hələ ki, biz bunu görməmişik”.
“Fakt budur ki, biz o bölgədə sərhədə doğru daha çox qüvvələrin hərəkət etdiyini görürük”, - deyə o əlavə edib.
Digər tərəfdən Ukrayna prezidenti Vladimir Zelenski fevralın 17-də uşaq bağçasının vurulması və iki dinc sakinin yaralanmasından sonra hökumət qüvvələri ilə separatçıları ayıran xətt boyunca atışmaların kəskin artışını “böyük təxribat” adlandırıb.
Adının açıqlanmasını istəməyən bir diplomatik mənbə “Reuters” agentliyinə bildirib ki, hazırkı atışma 2015-ci ildən bəri ən böyük qarşıdurmadır.