Bu arada, ABŞ və Fransa Kremlin müharibə planını pozmağa, ən pis halda isə ləngitməyə çalışırlar. Fransa prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyi və sabitliyi mövzusunda Rusiya ilə ABŞ arasında sammit keçirməyi təklif edib. ABŞ və Rusiya prezidentləri sammit təklifini qəbul ediblər. ABŞ prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putin fevralın 24-də görüşəcəklər. Bu o deməkdir ki, fevralın 24-ə qədər müharibə ehtimalı azalacaq. Çünki Rusiya Ukraynaya bu tarixə qədər müdaxilə edərsə liderlərin görüşü təxirə salınacaq.
Görüşlə bağlı razılığa baxmayaraq, ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat xidmətləri əmindirlər ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə tam hazırdır. Bölgədə baş verən təxribatlar bunun üçün ciddi əsasdır. Donbass separatçıları atəşkəsi pozaraq ukraynalı hərbçiləri qətlə yetiriblər. Aydındır ki, Ukrayna ordusu cavab atəşi açmaq məcburiyyətindədir. Kremlin ikinci təxribatı Donbassın yaşlı əhalisini və uşaqları bölgədən Rusiyaya köçürməyə başlamasıdır. Görüntü yaradırlar ki, guya Ukrayna ordusu Donbassa hücuma hazırlaşır. Halbuki, Kiyev Kremlə bəhanə vermək istəmir. Donbassın özündə də müəmmalı partlayışlar baş verir. Krımdakı separatçılar əli silahlı Donbasda yerləşməyə başlayıblar. Rusiya Dövlət Duması Kremlin sifarişi əsasında Donbasa hərbi müdaxilə barədə qərar üzərində işləyir. Paris və Vaşinqton bu prosesi dayandıra biləcəklərmi? Çətin.
***
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqun tinlərində keçirdiyi gənclik illəri haqqında xatirələrini bölüşərkən belə bir ifadə işlətmişdi: “Əgər məhəllədə davanın olacağı qaçılmaz idisə, birinci yumruğu mən vurmalıydım”. Bu sözləri indiki dövrə inikas etdirsək Putin yenə birinci yumruq vurmaq istəyir. Şübhə etmirəm ki, İkinci Dünya Müharibəsi illərində keçmiş SSRİ-nin başında Stalin deyil, Putin olsaydı, Hitler SSRİ-yə hücum etməyə macal tapmayacaq, SSRİ-nin Almaniyaya müdaxiləsi ilə üzləşəcəkdi.