O, BBC müxbirinə müsahibəsində deyib: “Bütün əlamətlər planın müəyyən mənada artıq başladığını göstərir”.
“Kəşfiyyat məlumatları göstərir ki, Rusiya Ukrayna paytaxtı Kiyevin mühasirəsiylə nəticələnəcək hücuma başlamaq niyyətindədir”, Conson bildirib.
Britaniya Baş naziri dünya liderlərinin iştirak etdiyi illik təhlükəsizlik konfransında çıxış edib.
ABŞ hökumətinin son hesablamalarına görə, Ukrayna sərhədi boyunca həm Rusiyada, həm də qonşu Belarusda 169-190 min arası Rusiya qoşunu yerləşdirilib - bu rəqəm Ukraynanın şərqindəki üsyançıları da əhatə edir.
Xəbərdarlıq edərək ki, istənilən münaqişə “qanlı və uzun sürən ola bilər”, Boris Conson əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin ola bilsin ki, bu barədə “məntiqsiz düşünür” və “irəlidəki fəlakəti” görmür.
“Düşünürəm ki, bunun Rusiya üçün nə qədər fəlakətli olacağını anlatmaq indi hamımız üçün çox vacibdir”, Conson əlavə edib.
O deyib ki, Britaniya və ABŞ tərəfindən Rusiyaya qarşı əvvəl nəzərdə tutulduğundan daha çox sanksiya tətbiq olunacaq, o cümlədən, Rusiya şirkətlərinə “funt və dollarla alış-veriş etmək” qadağan olunacaq və bu addım Rusiyaya “çox ağır bir zərbə vuracaq”.
Cənab Conson əlavə etdi: “2014-cü ilin (Rusiyanın Krımı Ukraynadan qoparıb ələ keçirməsinin) dərsi ondan ibarətdir ki, Vladimir Putinin belə hərəkətlərinə göz yummaq olmaz”.
Britaniya Baş naziri hesab edir ki, Rusiya Ukraynaya müdaxilə etsə, bu, NATO-nu zəiflətmək əvəzinə gücləndirəcək.