Rusiyanın müasir tarixində ilk dəfə prezident Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası canlı yayımlandı. Bunun sadə səbəbi var idi. Kreml sahibi bununla daxili və xarici auditoriyaya nümayiş etdirmək istədi ki, Donbass separatçılarının tanınmasıyla bağlı kollektiv qərar qəbul olunur və bu tək onun şəxsi qərarı deyil. Təsadüfi deyil ki, Putin hər çıxış edəndən televiziya ekranları qarşısında soruşurdu: “Siz Donbasın tanınmasını tərəfdarısınızmı?” Etiraz edən olmadı. Ancaq bu görüntü aldadıcıdır. Kreml sahibi bu qərara doğru illərdir gedirdi. Ətrafı sadəcə, onun çoxdan verdiyi qərarı dəstəklədi.
Erməni separatçıları baş verənlərdən həvəslənəcəklər, Qarabağda təxribatların sayının artmasına hazır olmalıyıq. Moskvanın bizə mesajı bu olacaq ki, “mənim dediyimi etməsən, Qarabağla bağlı da oxşar qərar verə bilərəm”. Rusiya ilə mənasız müttəfiqlikdənsə həqiqi müttəfiq Türkiyənin Azərbaycanda hərbi varlığını təmin etməliyik.