Vaxt.Az

Səbr və uzaqmənzilli hədəf


 

Azərbaycan hazırkı vəziyyətdən el dili ilə desək, pişim-pişimlə çıxmağa çalışır

Səbr və uzaqmənzilli hədəf Putin Luqansk və Donetskin müstəqilliyini tanıdı. Bu ölkə ABŞ, Böyük Britaniya, NATO və başqa ölkələrin, qurumların heç bir təhdidini vecinə almayıb bu addımı atdı. Kimsə deyir ki, Azərbaycan Rusiya ilə müttəfiqlik sazişini imzalamalı deyil. Kimə arxayınıq? Azərbaycan bu vəziyyətdən el dili ilə desək, pişim-pişimlə çıxmağa çalışır. Bu ölkə neçə il bundan əvvəl Gürcüstanı bombalayıb çıxdı. NATO söz vermişdi ki, Rusiyaya qarşı çıxışlar et, sizi quruma üzv edəcəyik, heç bir üzvlülük həyata keçirilmədi.

Hər gün xəbər yayıldı ki, ABŞ-ın silahla dolu gəmiləri Batumi limanına yaxınlaşır. Yaxınlaşdı. Uşaq oyuncaqları və çadırlar gətirmişdilər. Nəticə nə oldu? Abxaziya və Şimali Osetiya əldən çıxdı, Rusiya oranın sakinlərinə Rusiya pasportu payladı.

İndi də Ukraynanı qabağa verirlər ki, kömək edəcəyik, hansı köməkdən söhbət gedir, artıq Rusiya Donetsk və Luqanskın müstəqilliyini tanıdı, sakinlərinə Rusiya pasportu paylayacaq. Ukrayna təcavüzkar Rusiyanın cənginə keçirdiyi Krımdan yaralı qalmışdısa, artıq Luqansk və Donetsk də əldən getdi.

Azərbaycan elə bir mürəkkəb coğrafi məkanda yerləşir ki, şimalda Rusiya, cənubda İran. Biz təhlükəsizlik istəyirik. Məhz elə buna görə də Rusiya ilə müttəfiqlik sazişi imzalayırıq. Rusiya həmişə postsovet ölkələrində münaqişəyə meyillidir ki, bir bəhanə tapıb daha da torpaq işğalı ilə respublikaları yaralı qoysun, asılı vəziyyətə salsın. Məhz buna görə ehtiyatla davranırıq. Kimsə istəməz ki, tarixən bizi əzən ölkə ilə sazişdən filan söhbət getsin. Pafosla “rədd ol” da deyərik. Lakin heyhat, biz ömür boyu bu regionda yaşayacağıq və ehtiyatla davranmalı, incə siyasət yürütməliyik. Məhz bu incə siyasətlə Rusiya ilə elə  davrandıq ki, Qarabağın və ətraf rayonların müstəqilliyini tanıyıb, etmənilərə Rusiya pasportları paylamasın. Bunun üçün Şimal ölkənin hər bəhanəsinə səbirlə yanaşıb torpaqlarımızı azad etdik.

Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişi o deməkdir ki, heç bir ölkə bir-birinin daxili işinə qarışmayacaq. Azərbaycana hansısa xarici təcavüz olarsa, kömək istəyəcəyik. Onsuz da heç bir ölkəyə qarşı çıxan deyilik, nə də Rusiyanın hansısa projesinə qatılmayacağıq. Çünki Qoşulmama Hərəkatının üzvüyük, heç bir münaqişəyə qoşulmuruq. Bu da bir məharətdir. Dünya qarışıb və hər zaman xarici təhlükə gözlənilər. Ölkədə sakit yaşamaq istəyiriksə, niyə də əbədi qonşumuzla o sənədi imzalamayaq. Səbr və uzaqmənzilli hədəf. Emosiyadan kənar.

***

Bayden Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasına qarşı sanksiyaları imzaladı. Bundan sonra hər iki qondarma respublikaya texnologiya və qida məhsulları ixrac edilməyəcək.

ABŞ texnologiya və qidasını işlətməyəcəklər, Rusiyanın, Çinin məhsullarını işlədəcəklər. Başqa nə təklifiniz, nə cəzanız olacaq?  Elə bununla kifayətlənəcəksiz? Bəs, axı tırka verirdiz, arxanda dayanmışıq. Uzaqbaşı, Rusiyaya yeni sanksiyaları təsdiqləyəcəksiz. Ya da vəzifəli şəxslərinin Avropa və ABŞ-a səfərini qadağan edəcəksiz. Sonra? Hücum edəcəksiz? Yox. Blokadaya alacaqsız? Yox. Bəs, qardaş ölkəmiz olan Ukraynanı niyə kor qoyduz? O torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün illərlə danışıqlar aparacaqlar. Siz də Federal Rezerv Bankının gəlirlərini artıracaqsız. “Ukrayna-Rusiya münasibətləri yenidən gərginləşdi” xəbərləri ilə birjada qiymətləri qəfildən qaldırıb endirəcəksiz, milyardlar qazanacaqsız. Hərdən də bəyanat verəcəksiz ki, narahat olmayın, arxanızda dayanmışıq.

 





22.02.2022    çap et  çap et