Vaxt.Az

Separatçıların “tanınması” nə deməkdir?


 

Putin mürəkkəb vəziyyətlə qarşı-qarşıya qalacağını gözləmirdi

Separatçıların “tanınması” nə deməkdir? Bu həftə Rusiya prezidenti Vladimir Putin separatçı regionlar olan “Donbas Xalq Respublikasını” və “Luqansk Xalq Respublikasının” müstəqilliyini tanıyıb. Bu, Ukrayna, Rusiya və Qərb üçün nə deməkdir? Hazırda İngiltərədə mənzillənən təhlilçi Fuad Şahbazov BBC Azərbaycanca üçün təhlil edib.

Prezident Vladimir Putinin bu qərarı Ukrayna ilə münaqişənin həll edilməsinə yönəlmiş Minsk danışıqlarının birdəfəlik tarixə qovuşması ilə bərabər, Rusiyanın da diplomatik müstəvidə məğlubiyyəti deməkdir.

İki ölkə arasında 2021-ci ilin ortalarından başlayan gərginlik bir müddət sonra ABŞ-NATO və Rusiya qarşıdurmasına çevrilərək Soyuq Müharibə dövründən bəri Şərqi Avropa regionun real təhlükə ilə üzləşdiyi bir dövr kimi tarixə düşdü.

Gərginlik fonunda Moskva dəfələrlə özünün “dialoqa və diplomatiya həll yollarına” hazır olduğunu vurğulasa da, danışıqlar prosesi demək olar ki, heç bir real nəticəyə gətirib çıxara bilmədi. Rusiyanın hakim siyasi elitasının açıq-aşkar Ukraynanı hərbi müdaxilə ilə hədələməsi fonunda Moskvanın əsas məqsədi NATO blokuna qarşı sadə qorxu taktikasının bir parçası idi.

Bu ideyaya əsasən Ukrayna NATO üzvlüyü fikrindən daşınmalı və Qərblə arasındakı münasibətlərə müəyyən bir dövr üçün məsafə qoymalı idi. Lakin bu dəfə gözlənilənin əksinə Rusiyanın qorxu taktikası əks-təsir göstərdi və ABŞ başda olmaqla NATO bloku üzvlərinin Ukraynaya hərbi-iqtisadi yardımlarının daha da intensiv hala gəlməsinə səbəb oldu.

Qərbi Avropada Fransa və Almaniyanın gərginlik ilə bağlı təmkinli mövqedə dayanması və Rusiya ilə sıx təmaslarını davam etdirmələri həm Ukraynada həm də ABŞ-da tənqidlə qarşılansa da digər aparıcı ölkələrin hədə-qorxulara məhəl qoymamaları, göründüyü kimi, Kremldə qeyri-müəyyən bir vəziyyət yaradıb.

Sadə dildə desək, Ukrayna ilə hərbi-diplomatik gərginlik qısa zamanda Rusiya-Qərb qarşıdurmasına çevrildi. Belə bir mürəkkəb vəziyyətlə qarşı-qarşıya qalacağını gözləməyən Vladimir Putin üçün indiki mərhələdə yeganə çıxış yolu Donetsk və Luqanskdakı separatçı rejimlərin rəsmi olaraq tanınması idi.

Bu qərarın Rusiyanın onsuz da zədələnmiş beynəlxalq imicinə daha da mənfi təsir etməklə bərabər yeni iqtisadi sanksiyaların da xəbərçisi oldu. Böyük ehtimalla yeni sanksiyalar Rusiya banklarının və dövlət şirkətlərinin dollar əməliyyatlarından təcrid edilməsi, eləcə də enerji və metallurgiya sahələrini hədəf alacaq.

Bu da öz növbəsində Rusiyanın qlobal maliyyə sistemindən daha də təcrid edilməsinə, xarici investisiya axının daha da azalmasına gətirib çıxaracaq. ABŞ-dan fərqli olaraq isə Avropa İttifaqı (Aİ) üzvlərinin sanksiyalarla bağlı yekun qərarının olmaması Rusiyaya qarşı əlavə sanksiyaların gecikməsinə səbəb ola bilər.

 





22.02.2022    çap et  çap et