Ukraynanın Rusiya ilə sərhədi yaxınlığında yerləşən kiçik Novoluqansk şəhərinə bomba hücumundan sonra əsgərlər və jurnalistlər sığınacaqlara qaçmalı olub.
Ukrayna rəsmiləri son günlər Ukraynanın hökumətinin nəzarətində olan ərazilər və Rusiyanın dəstəklədiyi separatçıların nəzarət etdiyi ərazilər arasında “təmas xəttinə” yaxın yerlərdə zorakılığın kəskin şəkildə artdığını bildirib.
Ruslar və ukraynalılar bir-birini beynəlxalq atəşkəs razılaşmalarına məhəl qoymamaqda ittiham edir. Briqada generalı Mixail Drapatıy: “Son 24 saat ərzində bu ərazidə hərbi hissəmizin heç bir dəstəsinə hücum edilməyib”.
Rusiya bazar ertəsi sülhün şərti olaraq Ukraynanın NATO-ya üzvlüyünə həmişəlik qadağa qoyulması tələbini bir daha təkrarlayıb. Vladimir Putin: "Rusiya Ukraynanın NATO-ya daxil olması təhlükəsi ilə üzləşərsə, ölkəmiz üçün təhlükə əhəmiyyətli dərəcədə artacaq. Çünki NATO-nun yaradılması haqqında müqavilənin 5-ci maddəsində deyilir ki, NATO ölkələrinin hansınasa hücum olarsa, üzv tərəflərin hamısı hücum olan tərəfdə döyüşməlidir".
Dünya liderləri diplomatik həll yollarının hələ də mümkün ola biləcəyini deməkdə davam etsə də, son həftələr böhranı həll etmək cəhdləri uğursuzluqla nəticələnib və NATO Rusiyanın tələblərini yerinə yetirməkdən dəfələrlə imtina edib.
Novoluqanskda bir çox bina və müəssisələr illərdir tərk edilib. Burada qalanlar üçün isə ara-sıra zorakılıqlar normaya çevrilib.
Ukraynanın hərbi rəsmiləri son günlər atəşkəs rejiminin pozulması hallarının nəzərəçarpacaq dərəcədə artdığını bildirir. Belə ki, 3 ay əvvəl bir gün ərzində atəşkəs 5 dəfə pozulurdusa, fevralın 19-dan bəri gündə 98 dəfə pozulub. Bununla belə, sakinlərin əksəriyyəti bundan əvvəl sakit olsalar da, hazırda qarşıdan gələn günlər və həftələr üçün narahatdır.
Buradakı ailələrin çoxu rus dilində danışır və onların sərhədin o biri tərəfində yaşayan qohumları var. 2014-cü ildən bəri burada ticarət və səyahət çətinləşib, yerli bizneslər təxminən 50 faiz azalıb. Viktoriya Kozaçiya: “Rusiyadan insanlar gələndə bütün mağazalarda daha çox mal satırdı. İndi mal çox azdır. Bundan əlavə, bir çox insanın Rusiyada qohumları var ki, onlara baş çəkə bilmirlər. Çox kədərlidir”.
Bu qatar stansiyası əvvəllər Rusiyaya və oradan gündə 30 sərnişin qatarı qəbul edirdi. İndi sərhəddən ancaq yük qatarları keçir.
Yerli sakinlər deyirlər ki, bu qəsəbədə yaşayan ailələr də çox vaxt Rusiya ilə Ukrayna tərəfdarları arasında bölünür. Lakin bu sərhəd bölgəsi müharibənin astanasında olduğundan bir çoxları sülh və təhlükəsizliyə ehtiyacın onları birləşdirdiyini deyir.