Vaxt.Az

«Sən demə, günah öləndəymiş...»


 

Prokurorluq cinayət işinin başlanmasını rədd etdi

«Sən demə, günah öləndəymiş...» «Qardaşımın həyat yoldaşı 26 yaşlı Pərvinə Hüseynovanın Sumqayıtdakı 2 saylı doğum evində keysəriyyə əməliyyatı zamanı həkimlərin məsuliyyətsizliyi nəticəsində dünyasını dəyişməsindən sonra ölüm işinin araşdırılması üçün lazımi instansiyalara etdiyim müraciətə nəhayət ki, cavab aldım». Axar.az-ın məlumatına görə, bu, telejurnalist Afət Telmanqızının yaydığı məlumatda qeyd olunub.

Onun sözlərinə görə, işi araşdıran Yasamal rayon prokurorluğu gənc bir ananın ölümünə, bir körpənin anasız qalmasına səbəbkar olmuş həkimlərin əməllərində cinayət tərkibinin olmadığını əsas gətirərək, cinayət işinin başlanmasını rədd edib: «Pərvinə Hüseynovanın hamiləlik dövründə Sumqayıt şəhərinin 3 saylı poliklinikasında keçdiyi müayinələrin nəticələrinin normal olduğu, Pərvinənin hamiləlik dövründə hər hansı bir probleminin olmadığı sənədlərdə əksini tapsa da, bu da Sumqayıtdakı 2 saylı doğum evinin həkimləri Sevda Xanbutayeva, Nüsabə Mahmudova, Məhəmməd Səfərov barəsində cinayət işinin başlanmasına əsas verməyib. Bu azmış kimi adı çəkilən bu həkimlər prokurorluqda dindirilmə zamanı əməliyyat zamanı xəstənin bədənində cift qalıqlarını qoymadıqlarını deyiblər.

Halbuki xəstəni ölümcül vəziyyətə salan bu həkimlərin həmkarları Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimləri əməliyyat zamanı xəstənin bədənində cift qalıqlarının aşkarlandığını ifadələrində bildiriblər və xəstənin Sumqayıtdakı 2 saylı doğum evindən ağır vəziyyətdə Respublika Kliniki Xəstəxanasına çatdırıldığını deyiblər. Kliniki Xəstəxana Sumqayıtdakı xəstəxananın tibb personalının səhvini əməliyyat yolu ilə qaldırmağa çalışsa da, artıq hər şey gec idi.

Sumqayıtdakı adı çəkilən xəstəxananın həkimləri heç nə olmamış kimi azadlıqdadırlar. Bundan sonra neçə ailənin çırağını söndürmək üçün bu gün də əməliyyatlar aparır. Hüquq-mühafizə orqanlarının işə ədalətli baxacağına təəssüf ki nə qədər sadəlövhcəsinə inanmışdım.

Heyf... Sən demə, günah öləndəymiş! Amma qanunların işləmədiyi yerdə, ilahi ədalətin varlığı təsəlli yerimdir. Qanun qarşısında cavab verməyənlərin, nə zamansa Allahın dərgahında cavab verəcəyinə əminəm. Ən azından bir körpənin ahının yerdə qalmayacağına əminəm».

Xatırladaq ki, jurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova ötən il oktyabrın 25-də dünyasını dəyişib.

 





04.03.2014    çap et  çap et