Bu il Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar respublikamızda silsilə tədbirlər keçiriləcək. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsinin qaliblərindən olan “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyi də yeni icrasına başladığı “Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunan tədbirlərin təşkili” layihəsi ilə bu yubileyə öz töhfəsini vermək niyyətindədir.
Layihə üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində ictimai birliyin təşəbbüsü ilə fevralın 22-də Fikrət Əmirovun Fəxri xiyabandakı məzarı ziyarət olundu. Ziyarətdə musiqi ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirdilər. Anım mərasimində bəstəkarın yaradıcılığı və musiqi xadimi kimi fəaliyyəti barədə söhbət açıldı. Azərbaycan simfonik musiqi janrının yeni bir qolu - simfonik muğamların yaradıcısı olan Fikrət Əmirovun dünyanın məşhur bəstəkarları ilə bir sırada dayandığı vurğulandı.
“İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı layihə çərçivəsində təkcə Bakıda deyil, bölgələrdə də həyata keçiriləcək tədbirlər barədə məlumat verdi.